Hər gün yeni addım
Əzizlərim! Canlı bir varlığın yaşamasının ən bariz nişanəsi inkişaf və artımdır. İnkişaf nə zaman dayansa, demək, ölüm anı yaxınlaşmışdır. Canlı varlıq tənəzzül uçurumunda yuvarlanan zaman onun tədrici ölümü yaxınlaşır. Bu qanun təkcə bir insanın deyil, nəhəng bir insan cəmiyyətinin maddi və mənəvi həyatına hakimdir.
Bunu nəzərə almaqla demək olar ki, hər gün irəliyə doğru bir addım atmasaq, imanı, təqvanı, əxlaqı, ədəbi, paklığı, düzlüyü və s. artırmaq istiqamətində tərəqqi etməsək, böyük ziyana uğramış, yolumuzu azıb səhv getmiş oluruq. Bu zaman ciddi şəkildə təhlükə hiss etməliyik.
Bu zəmində ən gözəl sözü bizim dahi rəhbərimiz Əmirəl-möminin Əli (əleyhis-salam) bəyan etmişdir. O, məşhur hədisdə belə buyurur:
مَنِ اسْتَوٰى يَوْمٰاهُ فَهُوَ مَغْبُونٌ وَ مَنْ کٰانَ فِى نَقْصٍ فَالْمَوْتُ خَيرٌ لَهُ
"Hər kəsin ömrünün iki günü eyni səviyyədə olsa (mənəvi inkişafda, irəliləyişdə olmasa), ziyana uğramışdür. (Çünki ömür sərmayəsini əldən vermiş və qazanc əldə etməmişdir, həsrətdən və qəm-qüssədən, kədərdən başqa bir şey kəsb etməmişdir). (1) Hər kəs tənəzzülə doğru getmişdirsə, onun üçün ölüm (belə yaşamaqdan) daha yaxşıdır. (Heç olmasa nöqsana doğru hərəkəti dayandırar və bu böyük nemətdir!)” (2)
Allah övliyaları və Allaha doğru yol gedənlərin seyr-süluk üçün hər gün səhərlər "müşarətə" (gün ərzində günah etməməklə əlaqədar nəfs ilə şərt bağlamaq), bütün gün uzunu "müraqəbə" (günah etməmək üçün özünə nəzarət), axşamlar "mühasəbə" (gün ərzindəki əməllərindən hesab çəkmək) və daha sonra "müaqəbə"ni (günahlara görə özünü məzəmmət və tənbeh etmək) lazım bilmələri ona görədir ki, onlar qəfil hadisə ilə üzləşməsinlər, işlərində eyib və nöqsanlı hal irəli gəlmiş olarsa, səhvlərini düzəltməyə çalışsınlar. Bu yolla hər gün üzlərinə İlahi nurdan yeni üfüqlər açılsın və behişt əhli kimi, səhər-axşam yeni-yeni nemətlərin şahidi olsunlar: (وَ لَهُمْ رِزْقُهُمْ فيها بُکْرَةً وَ عَشياً) "Onlar üçün orada (behiştdə) səhər-axşam (ilahi) ruzilər vardır.” (3)
Buna görə də əzizlərim! Ömrün nəfis sərmayəsinin böyük dəyərlərlə mübadilə olunduğu və hər bir insanın böyük gəlir əldə edə biləcəyi böyük həyat ticarətində " إنَّ اْلِانْسَانَ لَفِى خُسْرٍ" ("Həqiqətən bütün insanlar ziyandadırlar”) (4) ayəsində işarə olunan ziyana düşməyəsiniz deyə, öz halınızdan qafil olmayın! Öz halınızdan hesab çəkməkdən qəflət etməyin, başqaları sizdən haqq-hesab çəkməmiş hər ay, hər gün öz haqq-hesabınızı qaydaya salın.
Ayətullah Məkarim Şirazinin dərs və nəsihətləri