Kərbəla səhrası
Nəql edirdik ki, Üzeyb məntəqəsində İmamın(ə) tərəfdarlarından 4 nəfər ona kömək məqsədilə Mədinə karvanına çatdılar. Yazmışlar: «Hürr ibn Yezid Riyahi dedi: Sizi ya əli bağlı İbn Ziyadın yanına aparmalıyam, ya da özünüz
Kufəyə qayıtmağa söz verməlisiniz». İmam(ə) buyurdu: «Bu dəstəkilər mənim dostlarımdır və mənim yoldaşlarım hesab olunurlar. Mən var qüvvəmlə onları müdafiə edərm. İndi əgər sən öz sülh peymanına vəfalısansa, bu dəstəyə əziyyət verməməlisən. Əks təqdirdə, çarəsiz qalıb səninlə müharibə edəcəyəm».
Məhərrəmin ikisi, cümə axşamı günü səhər tezdən sübh namazı qılındıqdan sonra karvan yola düşdü və gəlib Neynəvaya çatdı. Uzaqdan bir atlı gördülər ki, tələsik Kufə tərəfindən gəlir. Yaxınlaşıb Hürr və onun tərəfdarlarına salam verdi. O, Übeydulla ibn Ziyad tərəfindən bir məktub gətirmişdi. Məktubun Məzmunu belə idi:
- Hüseynin işini çətinləşdir. Mənim elçim gəlib məktubu sənə çatdıran kimi Hüseyni su və abadlığı olmayan bir səhrada düşür. Mən öz elçimə tapşırmışam ki, göstərişimi icra edənədək səndən ayrılmasın və sənin işlərin barədə mənə məlumat versin. Hürr İmamın(ə) yanına gedib bu ərazidə düşərgə salmağı tapşırdı və dedi: Daha getməyə icazəmiz yoxdur. İmam(ə) buyurdu: Məgər biz razılaşmadıq ki, yoldan kənara çıxıb gedə bilərik? Hürr, İmamın(ə) cavabında dedi: Amma indi mənə yeni bir göstəriş gəlmişdir. Məcburam ki, əmrə itaət edim. İmam(ə) buyurdu: Heç olmasa ətraf kəndlərin birində - Neynəva, Ğaziriyyə və ya Şəfiyyə kəndlərinin birində düşək. Hürr cavab verdi: Əmirin fərmanından çıxa bilmərəm. Çünki o, mənə gözətçi təyin etmişdir.
Elə bu vaxt İmam(ə) bu ərazinin adını soruşdu: Dedilər ki, buranın adı Kərbəladır. İmam(ə) dedi:
اللهم انى اعوذ بك من الكرب والبلا
«İlahi, qəm və bəladan sənə pənah aparıram». O, tərəfdarlarına göstəriş verdi ki, düşsünlər.
Ola bilsin bəziləri belə bir sual verə bilərdilər ki, nə üçün Hürrün və ona tabe olan dəstənin qarşısında dayanmadılar? Deyirik: Hürr ibn Yezidin dəstəsindəki adamların sayı bütün tarixi mənbələrdə 1000 nəfər qeyd olunmuşdur. Bəs, İmamın(ə) tərəfdarları neçə nəfər idi?
İmam Məhəmməd Baqirdən(ə) nəql olunmuş bir rəvayətə əsasən (O, Aşura günü Kərbəlada olmuşdur və rəvayətlərdə qeyd olunduğuna görə, İmamın(ə) 4 və ya 5 yaşı olmuşdur). İmamın(ə) Aşura günü bütün qoşunu 45 süvari və 100 piyadadan ibarət olmuşdur. Bunu Hacı Şeyx Abbas Qumi İbn Caizinin «Təzkirə» kitabından nəql etmiş və «Əyanul-şiə» kitabının müəllifi isə onun səhih olduğunu təsdiq etmişdir. Digər tərəfdən də rəvayət olunmuşdur ki, Aşura gecəsi Ömər Sədin qoşunundan 32 nəfər ayrılıb İmamın(ə) ordusuna qoşuldular. (Sonralar bu barədə danışacağıq). Hər halda qəti şəkildə bizə elə gəlir ki, karvan Kərbəlaya çatarkən karvandakıların sayı 115 nəfərdən artıq deyildi. Odur ki, üz-üzə gəlmək çətin idi və xüsusilə də Hürr öz bütün işlərini əmirin göstərişləri üzərində qurmuşdu və deyirdi ki, sizinlə müharibə etməyə əmr olunmamışam. Deməli, bu yüz nəfərin min nəfər qarşısındakı bərabərsizliyində döyüş İmam(ə) tərəfindən başlanmalı idi. Təbiidir ki, nəinki bu meydanda, bundan əvvəl də qeyd etdiyimiz kimi, hətta Cəməl, Siffeyn, Nəhrəvanda da heç bir vaxt Əli ibn Əbi Talibin(ə) ordusu müharibəni birinci başlamamışdır. O gün də İmamın(ə) bəzi tərəfdarları, xüsusilə Züheyr ibn Qeys döyüş təklifini irəli sürməsinə baxmayaraq, Həzrət Əbi Abdulla qəbul etmədi və səbirli olaraq düşərgə salmağı göstəriş verdi.
Kitabın adı: Qədir günündən Aşurayadək
Müəllif: Seyid Kazim Pərpənçi