İmam Hüseyn əleyhissalamın gördüyü yuxu
Karvan bu minvalla irəliləyərək Bəni Müqatil qəsrinə gəlib çatdı. Orada düşərgə saldılar. Gecə yarısı İmam (əleyhis-salam) cavanlara buyurdu ki, tez su götürsünlər, sonra elə gecə ikən oranı tərk etdilər.
Əqəbət ibni Səman deyir İmam (əleyhis-salam) Bəni Müqatil qəsrində sübh çağı bizə əmr etdi ki, su götürək. Daha sonra yolumuza davam etdik. Çox getməmişdik ki, Həzrət elə at üstündə azacıq yuxuya daldı. Yuxudan ayılandan sonra
dedi və bunu üç dəfə təkrar etdi.
Oğlu Əli Əkbər özünü ona çatdırıb dedi:–Sənə qurban olum, bu ayəni oxuyub Allaha şükr etməyinin səbəbi nə idi?
İmam Hüseyn (əleyhis-salam) buyurdu:–Qısa müddətli yuxuya daldım. Yuxuda bir atlını gördüm. O, mənim yolumu kəsib dedi: Bunlar gedir və öz arxalarınca ölümü də aparırlar Başa düşdüm ki, sağ qalmaq üçün daha heç bir ümid yoxdur.
Əli Əkbər dedi:–Ata, məgər biz haqq deyilikmi?
İmam (əleyhis-salam) buyurdu:–Bəli, and olsun Allaha, bəndələrin ona tərəf qayıtdığı Allaha!
Əli Əkbər dedi:–Bir halda ki, haqq bizimlədir, ölümdən qorxumuz yoxdur.
Həzrət buyurdu:–Allah-taala bir atanın öz oğluna verdiyi ən yaxşı mükafatı sənə versin.
Karvan hərəkət edərək Neynəva çölünə çatdı.
Übeydullahın qasidi Hürrün yanında
Bu zaman Kufə tərəfdən kamanını çiyninə atmış qaçaraq gələn bir atlı göründü. O, Malik ibni Nəsr Kindi idi. Hər iki qoşun bu süvarini gözlədilər. O yaxınlaşdıqda Hürrə və tərəfdarlarına salam verdi, amma İmam (əleyhis-salam)-a isə salam vermədi. Dərhal bir məktub çıxarıb Hürrə verdi. Bu məktub Übeydullah tərəfindən yazılmışdı. Hürr məktubu açıb oxudu:
Hüseynin işini müşkülə sal. Mənim məktubum sənə çatan kimi, onu susuz bir səhrada saxla. Mən göndərdiyim qasidə tapşırmışam ki, səndən ayrılmayıb gördüyün işlər barədə mənə xəbər versin.
Hürr İmam (əleyhis-salam)-ın yanına gedib dedi:–Gərək elə burada atlardan düşəsiniz, daha getməyə icazə vermirəm.
İmam (əleyhis-salam) buyurdu:–Məgər sən bizə demədinmi ki, dolayısı yolla gedin?
Hürr dedi:–Bəli, dedim. Amma Übeydullahdan məktub almışam. Mənə sənin işini çətinləşdirməyi əmr etmişdir. Bu işə nəzarət üçün bir nəfəri də (qasid) təyin etmişdir. Qasid mənim gördüyüm işləri İbni Ziyada xəbər verəcəkdir.
İmam (əleyhis-salam) buyurdu:–İcazə ver, bu yaxın kəndlərin birində enək. Amma Hürr bildirdi ki, mən əmirin fərmanından çıxa bilmərəm. Çünki, o mənim üstümdə nəzarətçi qoymuşdur.
İmam Hüseyn əleyhissalamın xütbəsi
Bu hadisədən sonra İmam (əleyhis-salam) öz silahdaşları üçün bir xütbə oxuyub Allaha həmd və səna etdikdən sonra buyurdu: Görürsünüz ki, bizim işimiz hara çatmışdır. Dünya bizdən üz döndərmiş, onun yaxşılıqları bizə arxa çevirərək hələ də bizdən uzaqlaşmaqdadır. Həyat sona çatmış, sonuna bir şey qalmamışdır.
Görmürsünüzmü camaat haqdan üz çevirərək batilin dövrəsinə yığılmışlar. Allaha, qiyamət gününə imanı olan hər bir şəxs dünyadan üz çevirməyi, öz Allahının görüşünü arzulamalıdır. Mən haqq yolda ölməyi səadət, zülmkarlar və azğınlarla birgə yaşamağı isə zillət və bəladan başqa bir şey bilmirəm.
Söz buraya yetişəndə Züheyr ayağa qalxıb dedi:–Yəbnə Rəsulillah, sözlərini eşitdik. Bizim mövqeyimiz belədir: sənin yanında qalaraq qiyam edib şəhid olmağı dünyada əbədi qalmaqdan daha üstün sanırıq.
Sonra Nafe ibni Hilal dedi:–Pak niyyətlə, döyüşdüyümüz halda, Allah yolunda şəhid olmaq xoşbəxtlik, səadətdir. Biz sənin dostlarınla dost, düşmənlərinlə düşmənik.
Sonra Büreyr ibni Xüzeyr dedi:–Yəbnə Rəsulillah, Allah bizə minnət qoymuşdur ki, hazırda sənin tərəfindəyik və sənin gözünün önündə cihad edirik. Ümidvarıq ki, bədənlərimiz sənin yolunda tikə-tikə olsun, təki qiyamətdə əziz cəddin bizə şəfaət etsin.
Kitabın adı: İmam Həsən (ə) və imam Hüseynin (ə) başına nələr gəldi
Müəllif: Seyyid Məhəmmədhəsən Musəvi Kaşani