Kufə ordusu imam Hüseyn əleyhissalamın xeyməsinə hücum edir
Hər şey həll oldu, İbni Səd öz-özlüyündə qərara gələrək döyüşə hazırlıq əmrini verdi. Qoşun hücuma hazır vəziyyətə sıraya düzüldü. İbni Səd onlara behişt vədəsi verdi və beləliklə hücum başlandı. Kufəlilər heç bir xəbərdarlıq etmədən hücuma keçdilər. İmam Hüseyn (əleyhis-salam) qardaşı Abbasa buyurdu ki, kufəlilərin yanına gedib bu gözlənilməz hücumun səbəbini soruşsun. Həzrət Abbas (əleyhis-salam) iyirmi nəfər süvari ilə birlikdə irəli gəlib hücumun səbəbini soruşdu. Onlar dedilər:–Əmirin fərmanıdır. Ya gərək sizi onun təbeçiliyinə gətirək, ya da döyüşə başlayaq.
Həzrət Abbas dedi:–Elə isə bir az səbr edin, mən bu məsələni Əba Əbdillaha (əleyhis-salam) çatdırım.
Onlar bu təklifi qəbul etdilər. Həzrət Abbas İmam Hüseyn (əleyhis-salam)-ın yanına gəldi. Bu vaxt İmam (əleyhis-salam)-ın dostları düşmənlə danışığa girdi, onlara nəsihət edib Həzrəti öldürməkdən əl çəkmələrini istədilər.
Həzrət Abbas hadisəni İmam Hüseyn (əleyhis-salam)-a danışdıqda Həzrət buyurdu:–Mümkün olsa, bu gecəni bizim üçün möhlət al, sabah döyüşə başlayaq. Bu gecəni namaz qılmaqla keçirək, öz Allahımızla raz-niyaz edib Onun dərgahında istiğfar edək. Allah bilir ki, mən namaz qılmağı, Quran oxumağı, raz-niyaz və istiğfar etməyi necə çox sevirəm!
Həzrət Abbas İmam Hüseyn (əleyhis-salam)-ın istəyini onlara çatdıranda Ömər Səd heç nə demədi. Qoşun başçılarından biri sayılan və su yolunun bağlanmasının məsulu Əmr ibni Həccac ona tənə vurub dedi:–Sübhanəllah! Allaha and olsun, əgər bunlar türk və deyləm (Gilan tərəfində yaşamış qədim bir tayfadır) olsaydılar və belə bir şey istəsəydilər, biz qəbul edərdik. Necə ola bilər ki, Rəsulullahın övladlarına möhlət verməyək?
Bundan sonra ibni Səd İmam Hüseyn (əleyhis-salam)-ın təklifini qəbul edib hücumu saxladı.
Beləliklə, İmam Hüseyn (əleyhissalam) məhərrəmin 9-cu gecəsini möhlət aldı. İmam Hüseyn (əleyhis-salam) Aşura gecəsi ibni Sədlə görüşəndə buyurmuşdu: Həzrət Abbas və Əli Əkbərdən başqa hamı dağılışsın. Düşmən tərəfdən isə İbni Səd, onun qulamı Həfs və oğlu orada qalmışdıπ
Kitabın adı: İmam Həsən (ə) və imam Hüseynin (ə) başına nələr gəldi
Müəllif: Seyyid Məhəmmədhəsən Musəvi Kaşani