Şəhadət karvanı
İmamın (ə) karvanı hicrətin 60-cı ili, zilhiccə ayının 8-də çərşənbə axşamı Məkkədən İraqa tərəf yola düşdü. Hələ şəhərdən uzaqlaşmamış Səd ibn Asın Yəhya ibn Səidin rəhbərliyi altında göndərdiyi elçilər özlərini karvana yetirdilər. Onların getməyinin qarşısını alaraq karvanı Məkkəyə qaytarmaq istədilər. Lakin İmam (ə) qayıtmağa razı olmadı. İş o yerə gəlib çatdı ki, bu iki dəstə arasında toqquşma baş verdi. Hökumət nümayəndələri həyasızcasına dedilər: «Allahın əzabının səni tutacağından qorxmursanmı ki, cəmiyyəti buraxıb ümmət arasında ikitirəlik yaradırsan?» Buyurdu: «Bizim hər birimiz öz işinin mükafatını alacaqdır. Mənim sizin işlərinizdən, sizin isə mənim işlərimdən bəraət varımızdır».
Beləliklə, hələ karvan birinci mənzilə çatmamış məlum oldu ki, İmam (ə) Məkkədən çıxmaqla əvvəla, Məkkədə onun qanının tökülməsi ilə Allahın evinin hörmətdən salınmasını istəmədi. İkincisi, İmam(ə) həcc ayinlərini yerinə yetirərkən izdiham arasında şəhid olsaydı, qanı hədər gedər və öz tarixi risalətinə əməl edə bilməzdi.
Amma bütün bunlardan daha əhəmiyyətlisi budur ki, yoladüşmə vaxtının təyin edilməsində başqa bir mühüm sirr də gizlənmişdi. O da bu idi ki, həmin il Müaviyənin ölümündən sonra keçirilən ilk həcc mərasimi ili idi. Camaat islam cəmiyyətində yeni hadisələrin baş verəcəyini gözləyirdi. Odur ki, xalq arasında bu sual çox ciddi və geniş planda müzakirə obyektinə çevrildi ki, Peyğəmbərin(s) nəvəsi olan Hüseynin(ə) qarşısına hansı mühüm bir hadisə çıxmışdı ki, bütün zəvvarlar həcc ayinlərini yerinə yetirmək üçün Məkkəyə üz tutduqları halda Həzrət(ə) tələsik Məkkədən çıxdı. Özü də həcc ayinlərini yerinə yetirmək məqsədilə ehram bağladığı halda birdən həcc ehramını ümrəyə çevirərək ehramı tərk etdi. Şübhəsiz ki, zilhiccənin 8-ci günü onun qəti şəkildə bəyan etdiyi sözləri eşidənlər həmin sözləri təkrarlayır və bu müəmmanı müzakirə edirdilər. Görəsən nə üçün Zəhra (ə) balası özünün öldürülməsi barədə fikirləri bəyan etdiyi halda Kufəyə yola düşdü? Lakin bu gizlin sirrin açılması bir o qədər də çox çəkmədi.
Süfah adlı ikinci məntəqədə İmam(ə) məşhur ərəb şairi Fərəzdəqlə görüşdü. «Əyanul-şiə»nin müəllifi yazır: «Fərəzdəq bu görüşü belə təsvir edir:
- Hicrətin 60-cı ilində həcc ayinlərini yerinə yetirmək üçün anamı Məkkəyə gətirdim. Hələ karvan müəyyən olunmuş yerə çatmamışdı ki, Həzrət Hüseyn ibn Əlinin(ə) qılınc və qalxanlarla silahlanmış halda öz tərəfdarları ilə Məkkədən çıxdığını gördüm. Heyrətə gəlib Həzrətin(ə) yanına getdim. Salamdan sonra dedim: Allah arzu-istəklərinizi versin, atam-anam sənə qurban, ay Rəsulullahın (s) oğlu. Sizi bu qədər tələsməyə təhrik edən nədir? İmam (ə) buyurdu: Əgər Allahın əmin-aman evindən tələsik çıxmasaydım, tutulardım. Sonra əlavə etdi: Kufə camaatı barədə nə bilirsən? Dedim: Hazırda Kufə camaatının qəlbi sizinlədir... Sonra həcc qaydaları barədə bir neçə sual verdim. Sualları cavablandırdıqdan sonra karvan öz yoluna düşdü.
Karvan dayanmadan irəliləyərək Zati İraq və Hacər məntəqələrini geridə qoydu, Vaqisə məntəqəsində isə İmamın(ə) karvanı Osmanın tərəfdarlarından olan və əvvəlcədən İmamın(ə) karvanı ilə eyni məntəqədə düşərgə salmamağa çalışan Züheyr ibn Qeyn Bəclinin kiçik karvanının qonşuluğunda düşərgə saldı. İmam(ə) tərəfdarlarından birini Züheyri onun çadırına dəvət etmək üçün göndərdi. Züheyr heyrətdə qalıb nə deyəcəyini bilmədi. Birdən həyat yoldaşı ona dedi: Sübhanəllah, Rəsulullahın(s) oğlu səni çağırır. Sən getməkdən imtina edirsənmi? Züheyr qəlbində razı olmamasına baxmayaraq, İmamın(ə) çadırına getdi. Çox qısa bir müddətdə onların arasında nə oldu, İmamın(ə) sözləri ona necə təsir etdi, bunu bir Allah bilir. Amma tarix bunu deyir ki, Züheyr şad-xürrəm və gülərüz şəkildə öz çadırına qayıtdı və həyat yoldaşına dedi: Sən mənim həyat yoldaşım olmaqdan azadsan. Sonra o, öz əmlakını bölüb bildirdi: Mən qərara aldım ki, Hüseynə(ə) qoşulum və öz canımı ona fəda edim. Allah ona rəhmət etsin!
Cənab Züheyr ibn Qeyn İmamın(ə) ordusuna qoşulduqdan sonra karvan yola düşdü. Xüzeymiyyədə bir sutka dayanaraq yoluna davam edən karvan Sələbiyyədə düşərgə saldı. Kufənin böyüklərindən Abdulla ibn Səlim və Mənzər ibn Müşməəl adlı iki nəfər həcc əməllərini nigarançılıqla başa vurub qərara aldılar ki, bacardıqları qədər tez özlərini İmamın(ə) karvanına yetirsinlər. Yolda öz qəbilələrindən bir nəfərlə rastlaşdılar. Ondan Kufənin daxili vəziyyəti barədə bir neçə sual soruşdular. O, cavab verib dedi: «Müslüm və Haninin öldürülərək cəsədlərinin Kufə bazarlarında gəzdirildiyi öz gözlərimlə görməyənədək Kufədən çıxmadım».
Abdulla və Mənzər özlərini Sələbə məntəqəsində İmamın (ə) karvanına yetirdilər. Ərz etdilər ki, Allah Sizə rəhmət göndərsin. Bir xəbər vardır. Əgər buyursanız təklikdə deyərik və əgər istəsəniz aşkar deyək. Buyurdu: «Mən bu dəstədən bir şeyi məxfi saxlamamışam». Bu zaman Kufənin vəziyyəti barədə eşitdiklərini İmama (ə) söylədilər.
İmam (ə) bir neçə dəfə
انّا لله و انّا اليه راجعون
buyurdu. Sonra dedik: sizi ailəniz və öz canınıza and veririk ki, elə buradan qayıdın və yəqin bilin ki, Kufədə heç kəs sizə kömək etməyə tələsmir. Hətta biz qorxuruq ki, Kufə camaatı sizin əleyhinizə qiyam etsinlər. İmam buyurdu: «Bu əzizlərdən sonra yaşamağın bir dəyəri yoxdur».
Əvvəldə aşura hadisəsini İmamın(ə) Məkkədən Kufəyə orada hökumət təşkil etmək məqsədilə çıxdığı tərzdə inkişaf etdirən cənab Saleh Nəcəfabadi Müslümün şəhadət xəbərinin İmama(ə) bildirilməsi mətləbinə çatdıqda çarəsiz qalıb «Səhra müşavirəsi» başlığı altında yazır: «Müslüm və Haninin şəhadət xəbəri İmam(ə) və onun səhabələrinin fikrində qəribə bir inqilab yaratdı. Çünki Kufəyə səfər Müslümün məktubuna arxayınçılıqdan başlandı. İndi Müslüm öldürüldükdən sonra yenə Kufəyə ümidvar olmaq olarmı? Bu halda əgər İmam(ə) Kufəyə getsə, Müslüm kimi problemlə qarşılaşar, yaxud Həzrətin(ə) əzəmətli şəxsiyyəti xalqı cəzb edər və hazır qüvvələr də xalqın köməyinə gəlib onu hökumət işçilərinin təhlükəsindən qoruyarlarmı?
Əgər İmamın(ə) karvanı Mədinəyə qayıdarsa, hökumət aparatının təcavüzündən qorunacaqmı? Mədinə və Məkkədəki Yezid hökuməti Peyğəmbər(s) balasının toxunulmazlığını rədd etdi. Ona görə də o, çarəsiz qalıb Mədinədən gecə vaxtı, məxfi şəkildə narahatlıq və nigarançılıqla çıxdı. Məkkədə də təhlükədən yaxa qurtarmaq üçün tələsik yola düşdü və yenə də Məkkədən kənarda hakim qüvvələr tərəfindən təqibə məruz qaldı. («Əbədi şəhid» əsərində).
Sonra o, bu müqəddimələrin ardınca belə bir nəticəyə gəlir: «Qəribə bir vəziyyətdir, qarışıq bir məsələdir, başdan-başa müəmmadır, nə etməli? Problemin həll yolu nədir? Halbuki həqiqətdə heç bir gözlənilməz hadisə baş verməmiş və İmamın(ə) fikrində heç bir qəribə dəyişiklik baş verməmişdir. Eyni zamanda məsələ, yazıçının təsəvvür etdiyi dərəcədə İmam(ə) üçün qarışıq və müəmmalı olmamışdır. Əslində bəlkə İmamın(ə) tərəfdarlarından bir qrupu üçün anlaşılmaz bir müəmma baş vermişdi. O da tezliklə həll olundu və vəzifələri aydınlaşdı.
Hər halda Karvan Sələbə məntəqəsindən çoxlu-çoxlu su ehtiyatı götürüb yola düşdü. Sonrakı məntəqə Zübalə idi. Orada İmamın(ə) süd qardaşı Abdulla ibn Yəqtirin şəhadət xəbəri o həzrətə çatdı. Abdulla ibn Yəqtir Müslüm tərəfindən Kufənin vəziyyətinin dəyişilməsi xəbərini İmama(ə) çatdırmaq əmri almışdı. Lakin yolda tutulub şəhid edildi.
Zübalə məntəqəsində İmam(ə) elə bir iş gördü ki, yalnız o həzrətin qiyamı zamanı deyil, cəsarətlə demək olar ki, bütün tarix boyu bənzəri olmayan incə bir nüans hesab olunur. O da budur ki, həmin vaxt göstəriş verib, tərəfdarlarını bir yerə topladı. Onlara aşağıdakı məzmunda bir məktub oxundu:
- Bağışlayan və mehriban Allahın adı ilə! Mən Müslüm ibn Əqil, Hani ibn Ürvə və Abdulla ibn Yəqtirin acı şəhadət xəbərini almışam. İndi hər kəs istəyirsə, geri qayıtsın. Onun heç bir qorxusu yoxdur və ona tənə vurulmayacaqdır.
«Əyanul-şiə»nin müəllifinin sözləri ilə desək, bu məktub qısa və yığcam bir məktubdur. Hamı bilirdi ki, gələcək necədir və bu karvanın sonu haradır. Məkkədə və yolboyu qoşulan, əksəriyyəti qənimət, sərvət və vəzifə əldə etmək fikrində olan adamlar tədricən dağılışmağa başladılar. İmam(ə) öz pak və sayca az olan tərəfdarlarının arasında qaldı.
Öncə izah etdik və indi də onun üstündə dayanırıq ki, İmam (ə) hakimiyyəti ələ almaq məqsədilə hərəkət etməmişdi. Bunun sübutu onun Mədinədən Kərbəlayadək getdiyi yolun müxtəlif yerlərində gizlənmişdir. Qiyamın məqsədi parçalayıb hökm sürmək deyil, ümmətin işlərinin islah edilməsi və xeyirxah işlərə dəvətdən ibarət olmuşdur.
انما خرجت لطلب الاصلاح فى أمة جدى
«Yalnız ona görə qiyam etdim ki, bünövrəsini babam qoyan islam ümmətini islah edim və nəzərdə tutmuşam ki, insanları xeyirxah işlər görməyə çağırım və onları pis əməllərdən qoruyum».
Mən belə demək istəmirəm ki, islam hökumətinin təşkil edilməsi İmamın(ə) məqsədi deyildi. Əslində demək istəyirəm ki, bu, mümkün deyildi və bu qeyri-mümkünlüyü İmam(ə) özü hamıdan daha çox, daha yaxşı və daha ətraflı şəkildə bilirdi. Bütün tarixçilər yazmışlar ki, o həzrət Zübalədə öz tərəfdarlarını saf-çürük edib buyurdu: «Hər kəs qayıtmaq istəsə onun qalmasına israr etmirik». Amma görürük ki, o, öz tərəfdarlarını azad etdikdən sonra «Bəni Məqatil qəsri»nə çatdıqda bir çadır görür. İmam(ə) soruşur: «Bu kimindir? Deyirlər: Übeydulla ibn Hürr Cöfinin çadırıdır». İmam(ə) onun ardınca bir adam göndərir, o, gəlmir. İmam özü onun yanına gedib ondan bu səfərdə ona tərəfdar olmasını istəyir. O, qəbul etmir, amma təklif edir ki, ondan atını və qılıncını qəbul etsin. İmam(ə) isə daha ona əhəmiyyət verməyib qayıdır.
İndi siz deyin, bu necə qiyam və parçalayıb hökm sürmək məqsədi güdməkdir ki, öz tərəfdarlarından onlarca adamları azad edib «Beyəti sizdən götürdüm» - deyir, sonra isə bir nəfərin ardınca gedir? Özü də həmin bir nəfər onun elçisini qaytarıb demişdir: «Biz Kufədən ona görə çıxmışıq ki, fitnəyə düşməyək». O, Übeydulla ibn Hürr Cöfinin ardınca Züheyr ibn Qeynin sorağına getdiyi kimi gedir. Amma Züheyr şəhadətə müvəffəq oldu, Übeydullaya isə bu iftixar nəsib olmadı. Əlbəttə, aşura hadisəsindən sonra o, daim heyfsilənirdi ki, nə üçün belə böyük bir müvəffəqiyyəti əldən qaçırmışdır.
Bəzi tarixçi və şərhçilərin fikirlərinin digərlərindən 180 dərəcə fərqlənməsi onların öz dünyagörüşləri ilə bağlıdır. Aşura hərəkatına siyasi nəzərlə baxanlar bu nəticəyə gəlirlər ki, bu hərəkatın məqsədi hökumət təşkil etmək idi və təəssüf ki, məğlubiyyətlə nəticələndi.
Halbuki bəziləri bu hərəkata dini nöqteyi-nəzərdən yanaşıb deyirlər: «Heç bir siyasətçinin fikrinə gələ bilməz ki, yolboyu məğlubiyyət və öldürülmək xəbərini eşitdikdən sonra da geri dönməyəsən. Fikirləşməyəsən ki, qayıdıb sabah üçün qüvvə toplayım, bu gün isə iş-işdən keçmişdir və nə baş verəcəksə, qoy versin».
Amma əgər din siyasətdən ayrıdırsa, ayrılığın sərhədi dəqiq olaraq bu nöqtədədir ki, dinin məntiqində siyasətçilərin anladıqları kimi siyasi şəkildə nəticəni hesablamağın heç bir dəyəri yoxdur. Əgər olsaydı, onda İbrahim(ə) təkbaşına Nəmrudun qarşısında dayanmazdı. Musa(ə) əsasına söykənib Firona qarşı çıxmazdı. İsa (ə) yəhudi xaxamlarının fikirlərini istehza atəşinə tutmazdı, Məhəmməd (s) təkbaşına Qüreyş soyuqqanlılarının qarşısında dayanmazdı. Əli (ə) Təlhə və Zübeyri özündən narazı salmazdı. Deməli, dinin əsasları, təqvanın sütunlarının hesabı ilə hakimiyyət meyilləri və siyasi oyunlarının hesabı ayrı-ayrı şeylərdir.
Siyasətdəki adam yalnız bunu fikirləşir ki, necə qalsın və düşmənə necə qalib gəlsin. Əgər bacarmazsa bir guşəyə çəkiləcəkdir. Amma dinin hesabında Hüseyn(ə) necə yaşamağın ardınca deyil, əslində necə ölmək yollarını tapmaq və bu ölümlə belə bir düşməni tarixdə həmişəlik olaraq rüsvay etmək istəyir.
Odur ki, Zəhra(s) balası siyasətçilərin məsləhət edib Kufə camaatının vəfasızlığını xatırlayaraq, İmamın (ə) oraya getməməsini israr etmələrinə baxmayaraq gedir və yolboyu eşitdiyi xoşagəlməz xəbərlər də onu məyus etmir. Əksinə bütün bunların əleyhinə olaraq tərəfdarlarına deyir: «Hər kəs istəsə qayıtsın, onun üçün heç bir qorxu yoxdur və tənə altında qalmayacaqdır».
Nə üçün? Çünki istəyirdi ki, xalis olmayan işləri silib atsın və şəhidliyə çatanlar xalis və tam əyarlı olsunlar. Çünki bundan sonra təkcə imam və övliyalar deyil, adi insanlar da onlara tabe olaraq bu şəhidlərin qarşısında baş əyərək deyəcəklər: «Atam-anam sənə qurban».
بأبى انت و امّى
Kitabın adı: Qədir günündən Aşurayadək
Müəllif: Seyid Kazim Pərpənçi