Peyğəmbər (s) hicrət etdikdən sonra, Əli (ə) ondan məktub gəlməsini gözləyirdi. Az bir müddətdən sonra Əbu Vaqid Leysi Məkkəyə gəldi. O, Peyğəmbərdən bir məktub gətirib Əli (ə)-a təqdim etdi. Həmin məktubda Peyğəmbər hicrətin üçüncü gecəsi mağarada Əliyə şifahi şəkildə dediklərini bir daha yazıb göstəriş vermişdi ki, nübüvvət ailəsinin qadınları Mədinəyə hərəkət etsinlər və Əli (ə) da Mədinəyə getmək istəyən zəif və gücsüzlərə kömək etsin.
Imam Əli (ə) Peyğəmbərin (s) camaatın əmanətləri barəsində olan vəsiyyətinə çox dəqiq şəkildə əməl etdi, sonra özünə və yaxın adamlarına Mədinə səfəri üçün lazım olan vəsaitləri tədarük görməyə başladı. Mühacirət etmək üçün hazır olan möminlərə xəbər göndərdi ki, məxfi şəkildə Məkkədən çıxsınlar və Imamın karvanı onlara gəlib çatana kimi şəhərin bir neçə kilometrliyində yerləşən "Zu-Tuva" adlı bir yerdə gözləsinlər. Amma Əli (ə) onlara belə bir xəbər göndərməsinə baxmayaraq, özü günorta çağı səfərə çıxdı və Ümmü Əymənin oğlu Əymənin köməyi ilə qadınları kəcavələrə mindirib Əbu Vaqidə dedi:–Dəvələri asta sür, çünki qadınlar dəvənin sürətli getməsinə dözə bilməzlər.
Ibni Şəhr Aşub yazır: Abbas Əli (ə)-ın bu fikrindən xəbərdar oldu və bildi ki, o günorta çağı, düşmənlərin gözü qarşısında Məkkəni tərk edib, qadınları da özü ilə aparmaq istəyir. Buna görə də dayanmadan özünü Əli (ə)-a çatdırıb dedi:–Məhəmməd (s) Məkkəni gizlincə tərk etdi, Qüreyş başçıları da onu tapmaq üçün Məkkənin bütün nöqtələrini və onun ətrafını axtarırdı, sən bu qədər adamla və düşmənlərin gözü qarşısında Məkkədən necə çıxacaqsan?! Bilmirsənmi ki, səni tutub saxlayacaqlar?!
Əli (ə) əmisinə belə cavab verdi: "Gecə mağarada Peyğəmbərlə görüşdüyüm vaxt mənə, Haşimi qadınları ilə birlikdə mühacirət etməyimə dair göstəriş verdi, sonra mənə müjdə verdi ki, bundan sonra mənə daha xətər yetişməyəcək. Mənim öz Allahıma etimadım və Məhəmməd (s)-in sözünə imanım var, onun yolu mənim yolumdur. Buna görə də elə gündüz, Qüreyşin gözü qarşısında Məkkəni tərk edirəm."
Sonra məzmunu yuxarıda qeyd edilənlərdən ibarət olan bir şer oxudu. Bundan əlavə, Leysi dəvələri aparmağı öhdəsinə alaraq Qüreyş onlara çatmazdan qabaq karvanı şəhərdən çıxarmaq üçün dəvələri qovanda Imam (ə) onu tələsməyə qoymadı və dedi: "Peyğəmbər buyurmuşdur ki, bu yolda mənə heç bir xətər yetişməyəcək." Sonra isə dəvələri sürməyi öz öhdəsinə alıb belə bir rəcəz oxudu:
"İşlərin idarə olunması yalnız Allahın əlindədir, ona görə də hər bədgüman şəxsi özündən uzaq et, çünki aləmlərin Rəbbi hər bir ehtiyac üçün kafidir."