Kərbəla: (Kərb, bəla) lüğətdə hər iki söz qəm-qüssə mənasında işlədilmişdir. Rəvayətlərin müxtəlifliyinə görə, hicrətin 61-ci ilinin məhərrəm ayının ikisi, ya da üçündə şəhadət karvanı Kərbəla torpağına çatdı. İmam Hüseyn (ə) «Bu yerin adı nədir?» soruşduqda ərz olundu ki, bura Kərbəladır. İmam(ə) buyurdu:
اللهم انى اعوذ بك من الكرب والبلا
«İlahi, qəm-qüssədən sənə pənah gətirirəm».
Sonra buyurdu: «Enin ki, bura bizim düşüb düşərgə saldığımız, adamlarımızın öldürüldüyü və qanlarımızın töküldüyü yerdir. («Əl-Fütuh». İbn Əsəm Kufi. «Əyanul-şiə». Seyid Möhsün Əmin Amili).
Cənab Saleh Nəcəfabadi «Əbədi şəhid» kitabında «Əl-Əxbar Əttəval» əsərindən nəql edərək yazır:
«Karvan Kərbəla ərazisinə çatdıqda İmam (ə) öz tərəfdarları və yoldaşlarına buyurdu:
«Atam Əli (ə) Siffeyn müharibəsinə gedərkən mən onunla idim. Bura çatdıqda dayandı, buranın adını soruşdu. Bu yerin adını ona dedilər. Onda o Həzrət(ə) buyurdu:
ههنا محط ركابهم وههنا مهراق دمائهم
«Burada onlar düşərgə salar və burada qanları tökülər».
Atamdan soruşdular ki, burada qanları tökülənlər kimlərdir?
Cavab verdi: Rəsulullah (ə) ailəsindən olan əzizlərdir, onlar bu ərazidə yerləşəcəklər».
Kitabın adı: Qədir günündən Aşurayadək
Müəllif: Seyid Kazim Pərpənçi