Kərbəla çölü Əlinin (ə) xatirinə Günəşin qaytarıldığı yerdir
Allah-talanın Əliyə (ə) bəxş etdiyi kəramətlərdən biri Günəşin
məğribdə batandan sonra yenidən qaytarılmasıdır. Əgər Peyğəmbər əhlibeytindən
daxil olan rəvayətləri araşdırsaq, onda görərik ki, bu hadisə bir
neçə dəfə təkrar olunmuşdur.
Onlardan biri İslam peyğəmbərinin zamanında baş vermişdir. Belə ki
Allah-taala bu hadisəni Əliyə (ə) məxsus edərək onun üçün kəramət və
fəzilət təyin etmişdir. Bu hadisə Mədinədə bir çox səhabələrin gözü
qarşısında baş vermişdir. Həmçinin bu hadisə Əli (ə) İraqda olarkən iki
dəfə baş vermişdir:
Sözügedən hadisəni hicrətin 352-ci ilində vəfat etmiş şeyx Xuseybi
özünün "Əl-Hidayət əl kubra” kitabında gətirmişdir: "Əmirəlmöminin (ə)
məğrib vaxtı öz qoşunu ilə Nuxeylədən Kərbəla çölünə doğru hərəkət
edirdi. Bir təpəyə tərəf üz tutub, oradan müşk iyini qoxuladı. Artıq zülmət
qaranlıq idi. Səhabələrindən bir neçəsi – Muhəmməd ibn Əbubəkr, Haris əl
Əvər əl Həmdani, Qeys ibn Übadə, Malik Əştər, İbrahim Həsən əl Əzdi və
Haşim əl Məriyy onunla birgə idilər.
İbn Übeydullah ibn Yezid deyir: Təpənin üzərində dayanan zaman
onlardan bir neçəsi tez atından enərək onunla namaz qıldı.
Əli (ə) onlara
dedi: "Mən qıldığım kimi namaz qılın. Mən sizə bu təpənin xəbərini
deyərəm.”
Səhabələr dedi: Ey Əmirəlmöminin, sən bu yeri bizdən yaxşı
tanıyırsan.
Əli (ə) buyurdu: "And olsun Allaha ki, bura yaşayış üçün yararlı
və suyu bol olan Rabvadır. Burada İsa (ə) dünyaya göz açıb. Həzrət
Məryəm (s.ə) Fərat sahilinin aşağı tərəfində İsanı (ə) yuyub və özü qusl
alıb. Bu həmin mübarək təpədir ki, Allah-taala Musa (ə) ilə ağac vasitəsilə
danışıb. Bura o kəsin karvanının yeridir ki, Allah-taala Peyğəmbərə (s.ə.s.)
onun təvəllüdü münasibətilə təbrik deyib, şəhadətini xəbər verərək
başsağlığı verib."
Səhabələr ağlaya-ağlaya soruşdular: Bu, bizim ağamız Hüseyndir?
Əli (ə) onlara dedi: "Səsinizi azaldın, çünki Hüseyn və onun qardaşları
buradadır. Mən istəmirəm ki, onlar eşidib Hüseyn üçün qəmlənsinlər.
Lakin Hüseynin bütün bunlardan xəbəri var, çünki babası Rəsuləllah ona
bu hadisəni xəbər verib.”
Sonra yerdən bir ovuc gümüş çubuqlara bənzər səpələnmiş çör-çöp
götürüb qoxuladı və bizə verib buyurdu:
"Elə güman etməyin ki, bunlar
dünya ceyranlarındandır, əksinə bunlar Cənnət ceyranlarındandır. Bu
təpədə məskən salacaq, munis olacaq və burada ətir qoxusunu yayacaqlar.”
Qeys ibn Səd ibn Übadə soruşdu: Bu təpəni gözlərimizin önündə necə
canlandıraq? Gecənin zülməti bizə mane olur.
Əli (ə) buyurdu: "Bizim ordumuz da heyrətdə qalıb, yolu tanımır.”
Muhəmməd ibn Əbubəkr dedi: Ey bizim, bütün mömin kişilərin və
qadınların ağası, nə üçün sənin kəramətin bizim dadımıza yetişmir?
Əli (ə) onlardan ayrılıb təpənin bir kənarında iki rükət namaz qıldı və
dualar etdi. Birdən məğrib tərəfdən günəş qayıdaraq səmanın ortasında
dayandı. Bu mənzərəni müşahidə edən ordu "La ilahə illəllah” və "Allahu
əkbər” deyərək Allah üçün səcdəyə getdilər. Səhabələr həmin təpəyə baxıb
tanıdılar və onun Fərat çayının hansı tərəfində olduğunu gördülər. Bu yer
Kərbəla idi. Sonra isə ordu öz yoluna davam etdi və günəş qürub etdi.”
Bu hədis Peyğəmbər (s.ə.s.) əhli-beytindən daxil olan hədislərdən
biridir. Burada Kərbəla türbətinin məkana xas xüsusiyyətinin necə təcəlli
etməsini müşahidə edirik. Buradan bu türbətin Məkkə torpağı, hətta yer
kürəsinin bütün torpaqları müqabilində üstün olma hikmətini də görmək
olur. Allah-taala Kərbəla türbətini ağuşuna aldığı şəxsin hörmətinə
qorumuşdur.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni