Kərbəla torpağının Allaha səcdə etmək üçün istifadə olunması
Müsəlmanların bəzisi Kərbəla torpağına səcdə etmək və yaxud digər
torpaqlara səcdə edilməsi məsələsində şübhədə ola bilərlər, halbuki İslam şəriətinin qaydalarına əsasən, torpağa səcdə etmə əziz İslam
Peyğəmbərinin göstərişində mütləq şəkildə gəlmişdir:
"Yer mənim üçün
səcdəgah və tahur (təharət) qərar verilmişdir.”
Bəs, məhz Kərbəla torpağı barəsində gələn qeyd nə üçündür?!
Bu suala cavab vermək üçün bir neçə məqama işarə etmək lazımdır:
1) Məscidlərin həyatının davam etməsində Kərbəla türbətinin rəmzi
xüsusiyyəti
Aqil insanların dinindən, əqidəsindən, sahib olduqları
mədəniyyətlərindən və harada yaşamaqlarından asılı olmayaraq
toxunulmaz və müqəddəs inancları vardır. Bunlardan biri də "həyat”
məfhumudur. İnsan varlığındakı rəmzlər onun həyatı ilə əlaqəli olduqca bu
rəmzlərin hörməti, məqamı, şərafəti, izzəti və qüdsiyyəti artır.
Rəmzlərdən hansısa birinin insan varlığındakı davamiyyəti nə qədər
uzun olarsa, hörmət, izzət və müddəti də artar.
Əgər Qurani-Kərimə bu prizmadan nəzər salsaq, onda görərik ki,
Quranın müqəddəsliyi Yer kürəsi üzərində insaniyyətlə həyatın
bağlılığının nə qədər qüdrətli olmasından qaynaqlanır. O, insan həyatının müxtəlif sahələrini və insanla bağlı olan fauna və floranı
nizamlayır. Deməli, o, daha da müqəddəsdir.
Qurani-Kərim Allah-taalanın şəriəti olduğu üçün bu şəriəti daşıyanlar
da müqəddəs hesab olunurlar. Peyğəmbərdən gələn hədis bu
məzmuna işarə edir:
"Mən sizin yanınızda iki əmanət qoyub tərk
edirəm: Allahın kitabı və itrətim (Əhli-beytim) "
Əhli-beyt (ə) Qurani-Kərimə həmtay və ya bərabər olduğu üçün
insaniyyətə həyatla dəstək verən ikinci amildir. İnsan həyatının
davamiyyəti, onun ruhi və cismani varlığının qalması üçün İslam
Peyğəmbəri (s.ə.s.) buyurmuşdur:
"Sizlərə Əhli-beytim barəsində
Allahı nəzərə almağı tapşırıram; sizlərə Əhli-beytim barəsində Allahı
nəzərə almağı tapşırıram; sizlərə Əhli-beytim barəsində Allahı nəzərə
almağı tapşırıram!”
Əgər Peyğəmbər (s.ə.s.) Əhli-beytinin haqqına riayət olunarsa, ölüm
vasitələri Yer üzündə insan həyatı, nəsli və onunla bağlı olan nə
varsa, onların heç birinə son qoya, onları həlak edə bilməz. Belə ki
Allah-taala buyurur:
"Üz döndərən (və sənin yanından çıxıb gedən,
yaxud iş başına keçən) zaman isə yer üzündə fəsad törətmək, əkin
sahələrini və nəsli məhv etmək üçün yola düşər. Allah fəsadı sevmir.
Və ona "Allahdan qorx!” deyilən zaman, təəssübkeşlik və qürur onu
günaha vadar edər (və o, zalımcasına əksüləməl göstərər). Buna görə
də Cəhənnəm ona kifayətdir və əlbəttə, (o) çox pis bir yerdir.”
Əgər dini inanclar və yaxud insan sivilizasiyasının rəmzlərinə diqqət
yetirsək, görərik ki, bu rəmzlər insan həyatının qorunub davam
etməsi üçün qüdrəti doğuran ünsürlərə etiqad miqdarında özünü göstərir. İnsanlar həyatın mənbəyini müxtəlif şeylərdə – çaylar,
bitkilər, günəş və bu kimi digər məxluqatda görürlər. Bu rəmzləri
ziyarət edən insan onlarda olan həyat mənbəyini nəzərə alıb bu
məfhumlara qüdsiyyət verir. Bütün bunlar bu məfhumların qüdsiyyəti
prizmasındandır, nəinki onların xaliqiyyət, übudiyyət və tövhidi
baxımından. Buna görə də bir çox məkanlar həyat mənbəyi olduğu üçün qüdsiyyət
kəsb etmişdir. Məsələn, bütün yerlərdə universitetlər ehtirama
malikdir, çünki onlar insaniyyət ilə həyat arasında bir növ körpüdür.
Bu körpü elm və tədrisdir. Buna görə də universitet meydanı "təhsil
hərəmi” də adlanır. Görəsən, "təhsil hərəmi”nə ehtiram orada gedən
dinin təbliğinə görədir, yoxsa həyatın qaynağı olduğu üçün?
Həmin məna ictimai formasiyaların dəyişməsində aparıcı rol oynamış inqilabçı və mütəfəkkirlərin xatirəsinə müxtəlif paytaxtların
meydanlarında ucaldılan abidələrdə, naməlum əsgər məzarlarında da
təcəssüm olunur.
Bəs, nə üçün Kərbəla meydanı həyatı doğuran amil və mənbə hərəmi
sayılmasın?! Necə ola bilər ki, "təhsil hərəmi” "Hüseyni hərəm”dən
üstün olsun? Halbuki insani dəyərlər bu rəmzlərin və İmam Hüseynin
(ə) ədalət, hürriyyət, isar, qəhrəmanlıq, şücaət, iffət, izzət, nəfsin
aliliyi, özünü qurban vermə, əsaslar uğrunda təmkinli olma və
ümmətin islahı uğrundakı şəxsiyyəti ilə cilvələnir.
İmam Hüseyn (ə)
özü buyurur:” Şübhəsiz, babamın ümmətini islah etmək üçün yola
çıxmışam və insanları vaciblərə əmr etmək, haramlardan çəkindirmək
istəyirəm.”
Ümmətin islahı, cəmiyyətin fərdləri arasında ölüm toxumu səpən,
onun fərdlərinə yol açan cəhalət, yoxsulluq, xəstəlik, bədbəxtlik,
fəsad, zülm, hüriyyətlərin boğulması, repressiya kimi amillərin
təsirini aradan qaldırmaq, yalnız, Kərbəla meydanında İmam
Hüseynin (ə) təsis etdiyi sabit qanunlarla mümkündür. O həzrət (ə) bu
sabit qanunları Kərbəlaya yola düşməzdən əvvəl, hələ yolda ikən
təsis etmişdi, eyni zamanda da öz Əhli-beyti və səhabələrinə İslam
Peyğəmbərindən sonra ölüm toxumlarının bu ümmətə necə yol
açdığını bəyan edirdi. İmam Hüseyn (ə) xütbələrinin birində Allaha
həmd-səna edib babası peyğəmbərə salavat göndərəndən sonra belə
buyurur:
"Artıq bizim başımıza gələnləri özünüz də görürsünüz.
Həqiqətən, dünya dəyişib tanınmaz hala düşmüş və vaciblərə arxa
çevrilmişdir. Bu rüzgar piyaləsinin ömründən onun dibində yalnız bir
qurtumluq, alçaq yaşayışdan isə məhv olmuş otlaq qalıb. Məgər
görmürsünüzmü ki, haqqa əməl edilmir, batildən nəhy olunmur?
Mömin bəndə haqq yolunda öz rəbbinin görüĢünə tələsməlidir.
Həqiqətən, mən ölümü yalnız səadətə qovuşmaq, zalımlarla həyatı isə
darıxdırıcı və süst görürəm.”
Buna görə də İmam Hüseyn (ə) babası Peyğəmbərin (s.ə.s.)
ümmətində həyatı özünün, səhabələrinin, övladlarının, hətta altı aylıq,
ağuşunda boğazı kəsilərək çırpınan südəmər balasının şəhadəti ilə
yenilədi. Allahın salamı onlara olsun!
Onun ölümü bir daha ölməyəcək həyat idi! Çünki haqq və səmavi
dəyərlərə əsaslanmışdı. Onun həyatı batil, zülm və cəhalətin ölümü
idi. Bəli, bütün bunlar səbəb oldu ki, Kərbəla türbəti müsəlmanların
məscidlərinə daşınsın. Çünki bu türbət həmin məscidlərə həyat bəxş edir. Bu türbətlə insan sivilizasiyası və dəyərlərinin abidəsi cilvələnir.
Fiqhi prizmadan müsəlmanların nə üçün ona səcdə etməsinə gəlincə
isə burada yalnız üç fəqihin baxışını xatırlamaqla kifayətlənəcəyik.
2) Fiqhi nöqteyi-nəzərdən Kərbəla türbətinə səcdə:
Burada isə İslam sivilizasiyasına "Əl-Ğədir” kimi töhfə verən,
bəhslərinin bəzisində İslam Peyğəmbərinin həyatından söz açan
həmin kitabın bəzi hissələrindən Suriyada "Sirətunə və sünnətunə”
adı altında mühazirə demiş və həmin mühazirədə fiqhi, əqidəvi
bəhslərə toxunan Əllamə Əmininin elm ocağına üz tuturuq. Həmin
bəhslərdən biri də Kərbəla türbətinə səcdənin icazəli olması
məsələsidir. Əllamə Əmini Kərbəla türbətinə səcdə etmək
mövzusunda mühazirəsi zamanı belə demişdir:
Şiələrin Kərbəla
türbətindən səcdəgah olaraq istifadə etmələrinin səbəbi şübhəsiz iki
güclü qaydaya əsaslanır:
Birincisi – namaz qılan şəxs özü üçün
paklığına əmin olduğu türbət götürməlidir – dünyanın hansı yerindən
və yaxud hansı torpağından olursa olsun. Bütün bu torpaqlar fiqhdə
bərabər hesab olunur, yəni onlardan birinin digəri müqabilində
üstünlüyü yoxdur. Bu məsələ namaz qılan şəxsin ibadətdə riayət
etdiyi digər məsələlər kimidir.
Xüsusilə, səcdəgah qərar verilən hər hansı bir torpağın paklığı yalnız
bəzi hallarda mümkündür. Çünki bir çox yerlərdə – şəhər, kənd,
meydan, mehmanxana, qeyri müsəlmanların yaşadığı ərazilər və bu
kimi digər məkanlarda, istər müsəlman, istərsə də paklığına əminlik
olmayan qeyri müsəlmanların, təharət və nəcasət məsələlərinə
əhəmiyyət verməyən insanların olduğu yerlərdə torpağın paklığına
necə yəqin etmək olar?!
Yaxşı olar ki, namaz qılan müsəlman ehtiyata əməl edərək özü ilə paklığına əmin olduğu bir türbət götürsün və namaz qıldığı zaman
onun üzərinə səcdə etsin. Bununla da cürbəcür nəsic və natəmizliyə
aludə olmuş, səcdə səhih olmayan əşyalardan, paklığına əmin
olmadığı digər torpaqlardan çəkinə bilər. Bütün bunlardan sonra
namaz qılan şəxs öz paltarı və bədəninin paklığına riayət edərək
namaz qılınması nəhy olunmuş (çəkinməli olan) yerlərdən – zibillik,
sallaxana, məqbərə, insanların gediş-gəliş və dəvələrin oturduğu
yerlər və bu kimi digər ərazilərdən – çəkinə bilər.
Bu dəyərli dini nəzəriyyə hicrətin ilk əsrlərində yaşayan fəqihlərin
əməl etdiyi adət olmuşdur. Böyük fəqih olan Məsruq ibn əl Əcdə bu
bəyənilmiş adətə əməl edərək səfər zamanı səcdə edə biləcəyi bir daş parçası götürərdi. Bu hadisəni əhli-sünnənin hafizi, siqəsi, imamı və şeyxi Əbubəkr ibn Əbuşeybə öz kitabı "Əl müsənnif ”in ikinci
cildində "gəmidə səcdə etmək üçün özü ilə hər hansı bir əşyanı
daşıyan şəxs” adı altında iki sənədlə nəql etmişdir. Orada göstərilir
ki, Məsruq ibn əl Əcdə gəmi ilə səfərə çıxan zaman səcdə edə
biləcəyi bir daş parçası götürərdi.
Bu qayda lap qədimdən, hətta səhabələr və tabeinlərin zamanından şiənin nəzərində sabitdir.
İkinci qaydaya gəlincə isə bu qayda bəzi torpaqların digər torpaqlara
nisbətdə üstün olması cəhətini nəzərə almaqdır. Çünki bu bütün aqil
insanların qəbul etdiyi bir qaydadır. Bütün hökumətlər və dövlətlər
bəzi torpaqların – malik olduqları xüsusiyyətləri nəzərə almaqla –
digər torpaqlara nisbətdə üstün olmasına əsasən, qərarlar və
müqavilələr bağlayırlar və həmin ərazilərdə xüsusi qəbul olunmuş hökmlər icra olunur ki, onları aşmaq qəbul olunmaz hesab olunur.
Bundan başqa digər dövlətlərə aid edilən rəsmi idarə, ev və digər
məntəqələr, xüsusilə krallığa məxsus bilinən və dövlətin şəxsi
mülkiyyəti hesab olunan yerlərin fərqli dəyəri vardır. Həmin bu
ərazilər xüsusi hökmlərə malikdir və insanlar da onların haqqında
verilən qanunlara riayət etməlidirlər.
Həmçinin Allah-taalaya mənsub bilinmiş ərazi və binalar da xüsusi
hökmlərə malikdir. Labüd olaraq, özünü Allaha təslim edən insan
həmin qayda-qanunlara riayət etməli və tövhid bayrağı altında
yaşayan hər bir şəxs boynunda olan vacib əməlləri yerinə
yetirməlidir.
Hamı tərəfindən qəbul edilən bu ümumi qaydaya əsasən də, Kəbəyə
xüsusi hökmlər verilmiş, Məscidül Həram və Məscidün Nəbi digər
məscidlərdən fərqli olaraq bəzi xüsusiyyətlər və məqamlara malik
edilmişdir. Eyni zamanda, bütün məscidlər, məbədlər və Allah adı
zikr olunan ibadət yerlərinin hamısı paklamaq hökmləri, cənabət,
heyz və nifas halında olan şəxslərin daxil olmaması, həmin yerlərin
heç bir ağlasığan qanuni səbəbi olmadan satılaraq yenisi ilə əvəz
olunması və bu kimi digər hökmlərdə bərabərdir. Bütün bu hökmlər
həmin yerlərin aləmlərin Rəbbi olan Allaha mənsub bilindiyi
üçündür.
Əllamə, dini mərcəyi-təqlid, Şeyx Kaşifül Qitanın nəzəri:
Əllamə, şeyx Kaşifül Qita özünün "Torpaq və İmam Hüseyn türbəti”
adlı kitabında torpağa səcdənin vacibliyi, şərafətli Kərbəla türbətinə isə
səcdənin müstəhəb olmasının hikmətini izah edərək belə deyir:
İmamiyyə şiəsinin müstəhəb olaraq İmam Hüseyn türbətinə səcdə
etməsindəki sirr, bu türbətin fəzilətinə dəlalət edən hədislər, paklıq və
təmizlik cəhətindən digər torpaqlara nisbətən daha təmiz olmasıdır.
Həmçinin bu türbət yerə döşənən cürbəcür toz və mikroblarla dolu döşənəcəklərdən də üstündür. Bütün bu deyilənlərə əlavə olaraq, bu
türbətdə əmanət qoyulmuş ali məqsəd və hədəflər vardır. Mömin insan
namaz qıldığı zaman alnını bu türbətə qoyduqda islami əqidə uğrunda,
zülm, istibdad, fitnə-fəsada qarşı özünü, peyğəmbər əhli-beytini və
səhabələrin seçilmişini qurban verən imamı xatırlayır.
Namazın səcdəsi digər rüknlərinə nisbətən daha da əzəmətlidir.
Hədisdə buyurulur: "Bəndənin öz rəbbinə ən yaxın olduğu an onun səcdədə
olduğu zamandır.”
Buna görə də daha yaxşı olar kı, mömin insan namaz qılarkən alnını
pak türbətə qoyduğu zaman haqq uğrunda öz həyatlarını qurban edib,
bununla da ruhları mələkut aləminə ucalmış insanları yad etsin. Nəticə
etibarilə, öz ibadətində zahiri və batini itaəti əldə edib əbədi olmayan saxta
dünyanı və bəzəklərini gözündə alçalda bilsin. Beləliklə də, torpağa səcdə
etməyin mənası budur ki, bu türbət duanın səmanın yeddi hicabını yararaq
aləmlərin Rəbbinə doğru ucalmasına səbəb olur.
Əllamə, dini mərcəyi təqlid, Seyid Əbulqasim Xoyinin nəzəri:
Seyid Əbulqasim Xoyi aşağıdakı ayəni izah edən zaman
buyurmuşdur:
"Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan
səcdələr, namaz vaxtları, bütün məscidlər və insan bədəninin səcdə zamanı
yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə Allahla birgə
heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın”
Bu ayənin nəzərdə tutduğumuzu təsdiqləməsi orada gəlmiş "məsacid”
kəlməsinin yeddi üzv, yəni insanın namazda səcdə etdiyi zaman qoyduğu
üzvlər olmasına əsaslanmışdır. Ayədən ilk anlaşılan məna da odur. Bundan əlavə, rəvayət və hədislər də bu mənaya dəlalət edir. Deməli, kimliyindən
asılı olmayaraq, hətta peyğəmbər və imam olsa belə, Allahdan başqası
üçün səcdə edə bilməz. İmamiyyə şiəsinin əhli-beyt imamlarının qəbirlərinə səcdə etməsi
məsələsinə gəlincə isə bu məsələ tamamilə iftira və böhtandır. Allah-taala
Qiyamət günündə hər iki tərəfi toplayıb öz hökmünü verəcəkdir. Çünki O,
hakimlərin hakimidir. şiə ümmətinə böhtan atanlar bu məsələdə daha da mübaliğə edərək onlara
daha alçaq iftira yapışdırmışlar. Belə ki bəziləri iddia edirlər ki, şiə ümməti
öz imamlarının qəbirlərindən torpaq götürüb ona səcdə edirlər. Pak və
münəzzəh olan Allaha bu böhtandan pənah aparıram.
Budur, bu da şiə kitabları, istər qədim, istərsə də müasir, istər çap
olunmuş, istərsə də əlyazması olsun, hamısı yekdilliklə Allahdan başqasına
olan səcdəni haram edir. Onlara torpağa sitayiş etdiklərini deyən şəxslər ya
bilərəkdən böhtan atır, ya da hər hansı bir şeyə vasitə olaraq səcdə etməklə
həmin şeyi sitayiş obyekti bilmək arasında fərqi görmür. Şiələr namazda üzərinə səcdə edilən şeyin torpaq, yəni daş, kəsək,
qum, çınqıl, həmçinin yeyilməyən və geyilməyən yerdən çıxan hər hansı
bir şey olmasını şərt bilir. Lakin bu deyilənlər içərisində torpağa edilən
səcdə daha üstün, bundan da üstünü isə Kərbəla türbətinə edilən səcdədir.
Bu məsələdə onlar öz məzhəblərinin məsum imamlarına tabe olmuşlarsa,
onda şiələri necə müşrik hesab etmək olar?!
Kərbəla türbəti nəinki Peyğəmbər üçün səcdəgah və tahur (paklayıcı)
qərar verilmiş bir torpaqdır, hətta məqam və şərəf cəhətdən digər
torpaqlardan ən üstünüdür. Çünki Kərbəla torpağı aləmlərin ağası,
Peyğəmbərin risalətini diriltmək üçün özünü, əhli-beytini və səhabələrini
qurban vermiş İmam Hüseyni (ə) ağuşuna almışdır. Sünni və şiə qaynaqlarına əsasən, Kərbəla türbətinin fəzilətinə dəlalət
edən hədislər nəql olmuşdur. Tutaq ki, bu türbətin fəzilətinə dəlalət edən
hədislər gəlməmişdir, məgər yaxşı olmazmı ki, müsəlman bu torpağa
hörmətlə yanaşıb, namazın səcdəsində alnını onun üzərinə qoysun?!
Bu türbətə səcdənin səhih olmasından əlavə, onda din və
müsəlmanların islahı yolunda qətlə yetirilmiş şəxsə işarə vardır.
3) Bu türbətə səcdənin daha fəzilətli olması:
Bu türbətə səcdə etməyin daha fəzilətli olması məsələsinə gəlincə isə
nəql olunan hədislərin açıq-aşkar dəlaləti bu mənaya işarə edir. Həmin
hədislərdən ikisini qeyd edək:
1) Şeyx Tusi "Misbah” kitabında Müaviyə ibn Əmmardan nəql edir ki, İmam Sadiqin (ə) yaşıl ipəkdən bir kisəsi var idi. Onun içində İmam
Hüseynin (ə) türbətini saxlayardı. Namaz vaxtı yetişən kimi həmin
türbəti səccadəsinin üzərinə tökərək alnını səcdədə onun üzərinə
qoyardı.
İmam Sadiq (ə) belə buyurardı: "İmam Hüseynin (ə)
türbətinə səcdə etmək yeddi maneə olan pərdəni yarır.”
2) İbn Babəveyh İmam Sadiqdən (ə) rəvayət edərək belə yazır: "İmam
Hüseynin (ə) qəbrinin torpağına səcdə etmək yerin yeddi qatını
nurlandırır və kimin bu türbətdən təsbehi olsa, zikr etməsə belə, zikr
edənlərdən hesab edilər.”
Deməli, Allaha yaxınlaĢmaq, əməllərin və duaların qəbul olunmasında
bu türbət digər torpaqlara nisbətən necə də fəzilətli olmasın?! Bir halda ki,
bu məzmuna dəlalət edən hədislər onu əhatə etmişdir.
Heç də təsadüfi deyildir ki, İmam Hüseyn (ə) şərafətli Kərbəla
çölündə Allah-taalaya üz tutaraq dualar etmişdir. Bu həmin torpaqdır ki, Allah-taala onu şərəfləndirərək möminlərin onun dərgahına yaxınlaşması
üçün mövqe qərar vermişdir.
Keçmiş peyğəmbər, rəsul və vəsilər arasında bir gün ərzində oruc,
namaz, zəkat, malik olduğu hər bir şeyi – övlad, qardaş, yaxınlar və
səhabələri Allah yolunda sədəqə vermək adəti olmamışdır. Bütün bunları İmam Hüseyn (ə) Kərbəla adlı məkanda, Aşura günündə Allah dərgahına
təqdim etmişdir.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni