Bu ziyarətnamə tanınmış və məşhur Aşura ziyarətnaməsidir ki, bu gündə, yəni, Aşura günündə, həm uzaqdan və həm də yaxından o həzrət üçün oxunur. Şeyx Əbu Cəfər Tusi "Misbah” kitabında bu ziyarətnaməni belə şərh edir: "Məhəmməd ibni İsmayıl ibni Bəzi, Saleh ibni Üqbədən və o da atasından nəql edir ki, imam Məhəmməd Baqir (ə) buyurdu: "Hər kim, məhərrəm ayının onuncu günü imam Hüseyni (ə) ziyarət edib, o həzrətin qəbrinin kənarında matəm saxlayıb, ağlayarsa, qiyamət günündə, Allah elçisi (s.ə.s.ə) və məsum imamlar (ə) arxasında yerinə yetirilən iki min həcc, iki min ümrə və iki min cihadın savabını aldığı halda Allah taala ilə görüşər.” Ravi deyir: "Canım sizə fəda olsun, Kərbəladan uzaq şəhərlərdə olub, o həzrətin qəbrini ziyarət etmək imkanına malik olmayan kəslər, bu gündə hansı savabı əldə edə bilərlər?” O həzrət buyurdu: "Bu kəslər Aşura gününün əvvəlində, yəni, zöhrdən əvvəl şəhərdən kənara və ya evlərinin damına çıxıb, o həzrətə salam göndərsin və onun qatillərinə lənət yağdırsınlar. Sonra iki rükət namaz qılıb, imam Hüseyni (ə) çağıraraq, onun üçün göz yaşı töksün və əgər evdəkilərdən təqiyyə etmirsə, onlara da imam Hüseyn (ə) üçün ağlamağı əmr etsin. Evində o həzrət üçün matəm tutsun və imam Hüseynin (ə) müsibəti münasibətilə bir-birilərinə baş sağlığı versinlər. Mən, bu əməlləri yerinə yetirən şəxsin dediyim savablara nail olmasına Allah dərgahında zaminəm.” Ravi deyir: "Canım sizə fəda olsun, bu savaba nail olmaları üçün bu şəxslərə zamin və kəfil olursunuz?” Buyurdu: "Bəli, mən, bu əməlləri yerinə yetirən şəxsə zamin və kəfil dururam.” O həzrətdən soruşdum: "Onlar bir-birilərinə necə baş sağlığı versinlər? " O buyurdu: "Onlar bir-birilərinə bu sözləri desinlər: "Ə`zəməllahu ucurəna bi musabina bil Husəyni ələyhissəlam və cəələna və iyyakum minət talibinə bi sarihi məə vəliyyihil imamil Məhdiyyi min ali Muhəmmədin ələyhimus səlam.” Yəni, Allah taala, bizim imam Hüseynə (ə) tutduğumuz bu əzadarlığı böyük hesab etsin və bizi və sizi onun ali Məhəmməddən (s.ə.s.) olan vəlisi imam Məhdinin imaməti altında o həzrətin qanının intiqamını alanlardan qərar versin. Əgər o gün, başqa işlərini təxirə sala bilsən, imam Hüseyn (ə) üçün deyilən qaydada matəm tut. Çünki bu gün nəhs bir gündür və bu gündə möminlərin heç bir işi düzəlməz. Əgər düzəlsə də, o işin bərəkəti və faydası olmaz. Bu gündə heç kəs öz evi üçün ərzaq alıb, yığmasın. Belə edən şəxs, aldığı şeydən xeyir görməz və nə özü üçün və nə də ev əhli üçün onun bərəkəti olmaz. Xülasə, bu əməlləri yerinə yetirən şəxsə Allah taala, Rəsulullahla (s.ə.s.) birgə yerinə yetirilən min həcc və min ümrə ziyarətinin və min cihadın savabı yazılar. Habelə, ona, dünyanın yarandığı andan qiyamətədək ölən və ya öldürülən nəbinin, rəsulun, vəsinin, siddiqin və şəhidin müsibətinin savabı yazılar.” Saleh ibni Üqbə və Seyf ibni Üməyrə belə nəql edirlər ki, Əlqəmə ibni Məhəmməd Xəzrəmi dedi: "Həzrət Baqirdən (ə) istədim ki, mənə, Aşura günündə o həzrəti, yaxından ziyarət etdiyim vaxt və həmçinin, həm yaxından və həm də öz evimdən və uzaqdan ziyarət etdiyim vaxt oxunan bir duanı mənə öyrətsin. O həzrət buyurdu ki, ey Əlqəmə, o iki rükət namazı qıldıqdan sonra o həzrətə işarə edərək, salam göndər və bu vaxt təkbir dedikdən sonra aşağıdakı ziyarətnaməni oxu. Şübhəsiz ki, əgər bu ziyarətnaməni oxusan, o həzrətin mələklərdən olan zəvvarlarının etdiyi duaları etmisən. Allah taala sənin məqamını yüz minlərcə dərəcə yüksəldər və imam Hüseynlə (ə) birgə şəhid olanların sırasına daxil olub, onların dərəcələrinə çatarsan. O həzrətlə şəhid olanlardan hesab olunarsan. Sənə, şəhid edildiyi gündən indiyədək imam Hüseyni (ə) ziyarət edən hər bir nəbinin, rəsulun və bütün insanların savabı yazılar. Allahın salamı ona və onun Əhli-beytinə olsun! Bu ziyarətnaməni oxu:
Salam olsun sənə, ey Əba-Əbdillah! Salam olsun sənə, ey Rəsulullahın oğlu! (Salam olsun sənə, ey Allahın bəyənib-seçdiyi və bəyənib-seçdiyinin oğlu!) Salam olsun sənə, ey Əmirəlmöminin və vəsilərin sərvərinin oğlu! Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı Fatimeyi-Zəhranın oğlu! Salam olsun sənə, ey Allahın qanı (Allah yolunda tökülən qan) və Allahın qanının oğlu və yardımsız qalan! Salam olsun sənə və sənin qarşında baş əyən ruhlara! Nə qədər ki, mən varam və gecə-gündüz bərqərardır, mənim tərəfimdən Allahın əbədi salamı olsun sizin hamınıza! Ey Əba-Əbdillah, sənin matəmin və müsibətin bizə, bütün müsəlmanlara böyük və dərdlidir, səmalarda sənin müsibətin bütün səma əhlinə ağır və qəmlidir! Allah siz Əhli-beytə qarşı zülm və amansızlıqların əsasını qoyan ümmətə lənət etsin! Allah sizə verdiyi məqam və dərəcədən sizi məhrum edib uzaqlaşdıran ümmətə lənət etsin! Allah sizi qətlə yetirən ümmətə lənət etsin! Allah sizə qarşı müharibə tədbiri tökən, ona şərait yaradanlara lənət etsin! Mən onlardan, onlara tabe olanlardan və onların dostlarından qəti üz döndərib, Allahın dərgahına və sizə sığınıram. Ey Əba-Əbdillah, mən sizinlə qiyamət gününə qədər sülh edənlərlə sülhdə və müharibə edənlərlə müharibədəyəm! Allah Ziyadın övladlarına və Mərvanın övladlarına lənət etsin! Allah Üməyyə övladlarının hamısına lənət etsin! Allah Mərcanənin oğluna (İbn Ziyada) lənət etsin! Allah Ömər ibn Sədə lənət etsin! Allah Şümrə lənət etsin! Allah atlarını səninlə müharibə üçün yəhərləyib cilovlayan və üzlərinə niqab salıb müharibəyə ciddi hazırlaşanlara lənət etsin! Atam-anam sənə qurban olsun! Həqiqətən, sənə görə bu müsibət mənə çox böyükdür. Sənin məqamını əziz bilən və məni də sənə görə əziz edən Allahdan istəyirəm ki, Məhəmmədin (Allahın salam və salavatı olsun ona və Əhli-beytinə) Əhli-beytindən olan qalib imamın (imam Zaman) önündə sənin intiqamını almağı mənə nəsib etsin. İlahi, Öz dərgahında məni imam Hüseynə (salam olsun ona) xatir dünya və axirətdə üzüağ et! Ey Əba-Əbdillah, səni sevməklə və sizə qarşı zülmlərin əsasını qoyan və bu yolda heç nəyi əsirgəməyən, sizə qarşı zülm və cəfanı davam etdirənlərə nifrət bəsləməklə Allahın dərgahına, Rəsuluna, Əmirəlmömininə, Fatiməyə, Həsənə və sənə yaxınlaşıram. Allahın dərgahında onlara qarşı çıxır, sizə və sizi sevənlərə məhəbbət bəsləməklə və sizin düşmənlərinizə, sizinlə müharibə edənlərə, onların dostlarına və onlara tabe olanlara nifrətimi bildirməklə əvvəl Allaha, sonra isə sizə yaxınlaşmağa çalışıram. Mən sizinlə sülh edənlərlə sülhdə və müharibə edənlərlə müharibədəyəm. Sizi sevib məhəbbət bəsləyənlərlə dost və sizinlə düşmənçilik edənlərlə düşmənəm. Sizi və dostlarınızı tanımaqla məni kəramətli edən, düşmənlərinizdən də üz döndərməyi mənə nəsib edən Allahdan istəyirəm ki, məni dünya və axirətdə sizinlə birgə etsin, qədəmlərimi sizin kənarınızda möhkəmləndirsin, məni sizin Allah dərgahında olan bəyənilmiş məqamınıza çatdırsın və siz Əhli-beytdən olan aşkar hidayətçi və haqqı deyən imamın (imam Məhdi) önündə intiqamınızı almağı mənə qismət etsin. Allaha sizin haqqınızı, Onun dərgahında malik olduğunuz dərəcə və məqamınızı and verib, Ondan istəyirəm ki, sizin müsibətinizdəki qəm-qüssəmi ən yaxşı xeyirlə əvəz etsin. Elə bir müsibət ki, İslam aləmində, bütün səmalarda və yerdə ondan böyük və ağır bir müsibət yoxdur. İlahi, bu halımı (mövqeyimi) nəzərə alıb, məni Sənin tərəfindən salavat, rəhmət və məğfirətə nail olanların sırasına qat! İlahi, ömrümü Məhəmməd və Məhəmmədin Əhli-beytinin həyatı kimi, ölümümü də Məhəmməd və Məhəmmədin Əhli-beytinin ölümü kimi yaz! İlahi, bu gün (Aşura günü) Üməyyə övladları, ciyəryeyənin (Hində) oğlu (Müaviyə), hansı ki, Sənin və Peyğəmbərinin (Allahın salam və salavatı olsun ona və Əhli-beytinə) dili ilə – hər yerdə olursa olsun – lənətlənmiş məlun oğlu məlunun sevinib şənlik edən günüdür! İlahi, Əbu Süfyana, Müaviyəyə və Müaviyənin oğlu Yezidə lənət yağdır! Sənin əbədi lənətin onlara olsun! Bu gün Ziyad övladları və Mərvan övladları Hüseyni (Allahın salam və salavatı olsun ona) qətlə yetirməklə sevinib xoşhal olmuşlar. İlahi, Öz lənətini və ağır əzabını onlara qat-qat artır! İlahi, mən bu gün, bu halda və həyatımın bütün anlarında onlara qarşı çıxıb lənət göndərməklə, Sənin Peyğəmbərin və onun övladlarına (salam olsun onlara) məhəbbət bəsləməklə dərgahına üz tutmuşam!
Sonra yüz dəfə bu sözləri de:
İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə zülm edən ilk zülmkara və ona tabe olan son zülmkara lənət et! İlahi, imam Hüseynlə müharibə edən, onun qətlinə əlbir olan və bir-birinin ardınca gələn qoşuna lənət et! İlahi, onların hamısına lənət et!
Sonra da yüz dəfə bu sözləri de:
Salam olsun sənə, ey Əba-Əbdillah! Salam olsun sənin qarşında baş əyən ruhlara! Nə qədər ki, mən varam və nə qədər ki, gecə-gündüz bərqərardır, bizdən sizə Allahın salamı olsun! Allahdan istəyirəm ki, bu ziyarəti son ziyarətim qərar verməsin. Salam olsun Hüseynə, Hüseynin oğlu Əliyə (Hüseynin övladlarına) və Hüseynin səhabələrinə!
Daha sonra bu duanı oxu:
İlahi, mənim lənətimi ilk zalıma məxsus et! Əvvəlcə ilk zalımla başla! Sonra ikinciyə, sonra üçüncüyə, sonra dördüncüyə lənət et! İlahi, sonra beşinci olan Yezidə lənət et! Übeydüllah ibn Ziyada, Mərcanənin oğluna, Ömər ibn Sədə, Şümrə, Əbu Süfyanın övladlarına, Ziyadın övladlarına və Mərvanın övladlarına qiyamət gününə qədər lənət yağdır!
Sonra səcdəyə gedib, bu sözləri de:
İlahi, Sənə onların (Əhli-beytin) müsibətinə görə şükür edənlərin həmdi kimi həmd edirəm! Bu böyük müsibətə görə həmd olsun Allaha! İlahi, qiyamət günü imam Hüseynin şəfaətini mənə nəsib et! Mənim doğru qədəmlərimi Öz dərgahında Hüseyn və öz canlarını Hüseynə (salam olsun ona) qurban verən səhabələrinin kənarında möhkəmlət!
Əlqəmə həzrət Baqirdən (ə) nəql edərək belə buyurur: "Bu ziyarətnaməni əgər hər gün öz evində də oxusan, bil ki, deyilən o savabların hamısını əldə edərsən.” Məhəmməd ibni Xalid Təyalisi, Seyf ibni Üməyrədən nəql edir ki, o belə dedi: "Həzrət Sadiq (ə) Hiyrəni Mədinəyə doğru tərk etdikdən sonra mən, Səfvan ibnə Mehran və bir dəstə dostumla Nəcəf şəhərinə yola düşdük. Biz, əmiril möminin Əlini (ə) ziyarət etdikdən sonra Səfvan üzünü Əbu Əbdillahın (ə) ziyarətgahına tərəf tutub, bizə dedi: "Əmiril möminin Əlinin (ə) müqəddəs qəbrinin baş tərəfində dayanıb imam Hüseyni (ə) ziyarət edin. Çünki həzrət Sadiq (ə) buradan o həzrətə tərəf işarə edərək, onu ziyarət etdi və bu vaxt mən, onun kənarında dayanmışdım.” Seyf deyir: "Səfvan bu sözləri bizə dedikdən sonra Aşura günündə oxunan Əlqəmə ibni Məhəmməd Xəzrəminin həzrət Baqirdən (ə) nəql etdiyi ziyarətnaməni oxudu. Sonra əmiril möminin Əlinin (ə) qəbrinin baş tərəfində iki rükət namaz qılıb, o həzrətlə vidalaşdı. Sonra üzünü imam Hüseynin (ə) qəbrinə tərəf tutub, o həzrəti bir daha ziyarət etdi və sonra onunla vidalaşdı. O, namazdan sonra bir sıra dua oxudu və onlardan biri də budur:
Ey Allah, ey Allah, ey Allah! Ey çarəsizlərini duasını qəbul edən! Ey qəmlilərin qəmini açan! Ey fəryad edənlərin dadına yetən! Ey çətinliyə düşənlərin fəryadına yetən! Ey mənə şah damarından yaxın olan! Ey insanın qəlbi ilə öz arasında pərdə yaradan! Ey məqamı uca və aydın üfüqə sahib olan! Ey möhkəm ərşinin üzərindəki mehriban və bağışlayan! Ey bəndələrinin xəyanəti və qəlblərdə gizli saxlanılanlardan xəbərdar olan! Ey heç bir şeyin Ona gizli qalmadığı! Ey səsləri eşitməkdə (bir-birindən ayırmaqda) xətaya yol verməyən! Ey hacətlərin Onu səhvə salmadığı! Ey israr edənlərin israrı ilə əziyyətə düşməyən! Ey bütün əldən çıxanları dərk edən! Ey bütün ayrılıqları bir yerə yığan! Ey canları öldükdən sonra vücuda gətirən! Ey hər gün bir iş görən (hər bir işdə təcəllası görünən)! Ey hacətləri rəva edən! Ey çətinlikləri aradan qaldıran! Ey istəkləri əta edən! Ey rəğbətlər sahibi! Ey mühüm işlərdə yetərli olan! Ey hər bir işdə yetərli olan və göylər və yerdə heç bir işin Ona yetərli olmadığı! Peyğəmbərlərin sonuncusu Məhəmməd, Əmirəlmöminin Əli, peyğəmbərinin qızı Fatimə, Həsən və Hüseynin xatirinə Səndən istəyirəm! Həqiqətən, mən durduğum bu məkanda onların vasitəsilə Sənə üz tutur, onlara təvəssül edir və Sənin dərgahında onlardan şəfaət diləyirəm. Onların xatirinə Səndən istəyir, and içir və Sənə onların Sənin dərgahında olan dərəcə və məqamına, onları aləmlərdən üstün bilənə, onların yanında qoyduğun, aləmlər arasından yalnız onlara məxsus etdiyin adlarına and verirəm ki, həmin adların vasitəsilə onların fəzilət və üstünlüklərini bütün aləmlərə aşkar etdin. Səndən istəyirəm ki, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərəsən, qəm-qüssə və çətinliklərimi aradan qaldırasan, mühüm işlərimdə mənə kifayət edəsən, borclarımı ödəyəsən, məni yoxsulluq və dilənçilikdən xilas edəsən və məxluqata əl uzatmaqdan ehtiyacsız edəsən! (İlahi!) Qorxduğum qəm-qüssə, çətinliklər, acı hadisələr, şər işlər, hiylələr, zülm və haqsızlıqlarda mənə yetərli ol, hakimiyyətindən qorxduğum şəxslərin hakimiyyəti və qüdrətindən qorxduğum şəxslərin qüdrətində mənə kifayət et, onların hiylə və məkrini özlərinə qaytar! İlahi, mənə pislik etmək istəyənin pisliyini özünə qaytar, qurğu qurana qurğu qur, onun qurğu və hiyləsini, zərər və arzularını istədiyin kimi və istədiyin yerdə məndən uzaqlaşdır! İlahi, onu mənim tərəfimdən bir daha aradan qaldır¬mayacağın yoxsulluq, xilas etməyəcəyin müsibət, sağaltmayacağın xəstəlik, ucaltmayacağın alçaqlıq və aradan qaldırmayacağın çarəsizliyə düçar et! İlahi, onu gözünün qabağında zillətə sal, yoxsulluğu evinə, dərd və xəstəliyi bədəninə daxil et ki, məndən üz döndərib öz işləri ilə məşğul olaraq vaxt tapa bilməsin və məni yaddan çıxarsın! Necə ki, Öz yadını ona unutdurdun. Onun qulağını, gözünü, dilini, əlini, ayağını, ürəyini və bütün əzalarını mənə əziyyət etməkdən saxla, onların hamısını sağalmayacaq xəstəliyə düçar et və nəhayət, onun başını elə qarışdır ki, məni və adımı yaddan çıxarsın! Mənə yetərli ol, ey Səndən başqasının yetərli ola bilmədiyi işlərdə yetərli olan! Çünki Sənsən yetərli olan və Səndən başqa yetərli olan yoxdur! Sənsən işləri genişləndirən və Səndən başqa işləri genişləndirən yoxdur. Sənsən fəryada yetən və Səndən başqa fəryada yetən yoxdur. Sənsən sığınacaq verən və Səndən başqa sığınacaq verən yoxdur. Səndən başqasına sığınan, Səndən başqasını çağıran, Səndən başqasının hüzurunda ah-nalə edən, Səndən başqasının qapısına doğru qaçan, Səndən başqasından pənah və nicat istəyən naümid oldu! Mənim dayağım, ümid yerim, sığınacağım, pənahgahım və xilaskarım Sənsən! Yalnız Səndən genişlik və qurtuluş istəyir, Məhəmməd və Məhəmmədin Əhli-beytinin vasitəsilə Sənin dərgahına üz tutur və şəfaət diləyirəm. Yalnız Səndən istəyirəm, ey Allah, ey Allah, ey Allah! Həmd yalnız Sənə məxsusdur. Şükür yalnız Sənə məxsusdur. Yalnız Sənin dərgahında şikayət etmək və Səndən yardım diləmək lazımdır. Yalnız Səndən istəyirəm, ey Allah, ey Allah, ey Allah! Məhəmməd və Məhəmmədin Əhli-beytinin xatirinə Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, durduğum bu yerdə mənim qəm-qüssəmi, çətinlik və narahatlığımı aradan qaldır! Necə ki, Peyğəmbərinin qəm-qüssə, çətinlik və narahatlığını aradan qaldırdın və düşmənindən qorxduğu zaman kifayət etdin. Elə isə onun çətinliklərini aradan qaldırdığın kimi, mənim də çətinliklərimi aradan qaldır, onun qəm-qüssəsini açdığın kimi, mənim də qəm-qüssəmi aç, ona kifayət etdiyin kimi, mənə də kifayət et, vəhşətindən, xərcindən və qəm-qüssəsindən qorxduqlarımı məndən elə uzaqlaşdır ki, məni zəhmət və əziyyətə salmasın, hacətlərimi rəva etdiyin halda geri qaytar, dünya və axirətlə bağlı mühüm işlərimdə mənə kifayət et! Ey möminlərin əmiri, ey Əba-Əbdillah! Mənə yaşadığım və gec-gündüz durduğu vaxta qədər, mənim tərəfimdən Allahın əbədi salamı olsun sənə! Allah bu ziyarətimi sonuncu ziyarət qərar verməsin və bizimlə sizin aranızda ayrılıq salmasın! İlahi, mənə Məhəmməd və onun övladlarının həyatı kimi həyat ver və məni onları öldürdüyün kimi öldür! Onların təriqətində olduğum halda canımı al, məni onların zümrəsində məhşur et, dünya və axirətdə mənimlə onların arasında bir göz qırpımı belə ayrılıq salama! Ey möminlərin əmiri, ey Əba-Əbdillah! Sizin ziyarətinizə gəlmişəm. Mənim və sənin Rəbbin Allaha təvəssül edir, sizin vasitənizlə Onun dərgahına üz tutur və bu hacətimdə sizi Allah dərgahında özümə şəfaətçi seçirəm. Elə isə mənə şəfaət edin ki, həqiqətən, sizin Allah dərgahında bəyənilmiş məqamınız, şərəfli dərəcəniz, uca yeriniz və "vəsilə”niz ("vəsilə” məqamınız) vardır. Mən sizin ziyarətinizə qayıdacaq və sizin vasitəçiliyinizlə hacətlərimin Allah tərəfindən rəva olunmasını gözləyəcəyəm. Elə isə naümid olmaq, bu ziyarət səfərimdən naümid və ziyankar şəxs kimi qayıtmaq istəmirəm. Əksinə müvəffəq, ümid, səadət, qurtuluş və bütün hacətlərimin rəva olunması hissi ilə qayıdan şəxs kimi geri dönmək istəyirəm. Allah dərgahında mənə şəfaət edin ki, Onun istədiyi kimi geri dönüm. Allahdan başqa güc və qüdrət yoxdur. Allaha arxalandığım və təvəkkül etdiyim halda işlərimi Ona həvalə edir və deyirəm: Allah mənə kifayət edər və O mənə yetərlidir. Allah Onu çağıranı eşidir. Ey mənim böyük sərvərlərim, mənim Allah və sizdən başqa dayağım yoxdur. Rəbbimin istədiyi gerçəkləşməli, istəmədiyi isə gerçəkləşməməlidir. Allahdan başqa güc və qüdrət yoxdur. Sizin hər ikinizi Allaha tapşırıram (sizinlə vidalaşıram). Allah bu ziyarətimi sonuncu ziyarət qərar verməsin. Mən qayıdıram, ey mənim sərvərim, ey möminlərin əmiri, ey mövlam! Sən də ey Əba-Əbdillah, ey sərvərim, gecə ilə gündüz bir-birini əvəz etdiyi vaxta qədər mənim daimi salamım olsun sizə və mənim salamım Allahın istəyi ilə heç vaxt sizdən gizli qalmasın! Sizin vasitənizlə Allahdan istəyirəm ki, bu, Allahın istəyi ilə yerinə yetsin. Həqiqətən, O, tərifəlayiq və böyükdür. Ey sərvərim, tövbə etdiyim, Allaha həmd və şükür etdiyim, dualarımın qəbuluna ümid bəslədiyim və məyus olmadığım, sizə rəğbət və məhəbbətim azalmadığı və ziyarətinizdən doymadığım halda, Allahın istəyi ilə yenidən ziyarətinizə qayıtmaq ümidi ilə geri dönürəm! Allahdan başqa güc və qüdrət yoxdur. Ey sərvərlərim, dünya əhlinin sizə və sizin ziyarətinizə rəğbətsiz olduğunu gördükdən sonra, mən sizə və sizin ziyarətinizə rəğbət bəslədim. Allah məni ümid etdiklərim və arzuladıqlarımdan, yəni sizin ziyarətinizdən məhrum etməsin. Doğrudan da, O, (bəndələrinə) yaxın və duaları qəbul edəndir!
Seyf ibni Üməyrə deyir: "Səfvana dedim ki, Əlqəmə ibni Məhəmməd, həzrət Baqirdən (ə) yalnız o ziyarətnaməni bizə nəql edib, ziyarətnamədən sonra oxuduğun bu duanı isə nəql etməmişdir. Səfvan cavab verdi ki, ağam həzrət Sadiqlə (ə) buraya gəlmişdik. O, bizim ziyarət etdiyimiz kimi ziyarət etdi. Necə ki, biz iki rükət namaz qıldıqdan sonra imamla vidalaşdıq, o da iki rükət namaz qıldıqdan sonra bu dua ilə imamla vidalaşdı. Səvfan əlavə etdi ki, həzrət Sadiq (ə) mənə buyurdu: "Bu ziyarətnaməni və bu duanı tez-tez oxu, bunun vasitəsilə o həzrəti ziyarət et. Bilin ki, mən, bu ziyarətnaməni və bu duanı istər yaxından, istərsə də uzaqdan oxuyan şəxsin ziyarətinin qəbula yetməsinə Allah taala qarşısında zaminəm. Habelə, bu əməli təqdirə layiq bilinər və salamı o həzrətə çatar. Bu şəxsi Allah taala darda qoymaz, onun istəyini ona əta edər və onu naümüd etməz. O, istədiyi məqama çatar. Ey Səfvan, mən, bu ziyarətnaməni bu məzmunda öz atamdan öyrənmişəm. Atam da bu ziyarətnaməni elə bu məzmunda öz atası Əli ibni Hüseyndən (ə), o da öz atası Hüseyndən (ə), Hüseyn (ə) qardaşı Həsəndən (ə), Həsən (ə), atası Əmiril möminin Əlidən (ə), əmiril möminin Allahın elçisindən (s.ə.s.), Allahın elçisi (s.ə.s.) Cəbrayıldan və Cəbrayıl da Allah taaladan əxz etmişdir. Həqiqətən də Allah taala öz müqəddəs zatına and içmişdir ki, hər kəs uzaqdan və ya yaxından imam Hüseyni (ə) bu ziyarətnamə ilə ziyarət etsə və bu duanı oxusa, mən, onun ziyarətini qəbul edərəm və onun hər bir istəyini həyata keçirərəm. O, mənim imamımın ziyarətindən naümüd geri dönməz və ziyan çəkməz. Mən, onun istəklərini həyata keçirib, cəhənnəmdən xilas olduğunu və cənnətə yiyələndiyini müжdə verərək, onu şad edərəm. Onun şəfaətini hər bir kəs barəsində qəbul edərəm. İmam burada buyurdu: "Biz, Əhli-beytin düşmənləri barəsində yalnız bu şəxsin şəfaəti qəbul olunmaz. Allah taala bunları həyata keçirəcəyinə öz müqəddəs zatına and içmişdir və mələkutunun mələklərinin şəhadət verdikləri bu şeylərə bizi şahid tutmuşdur. Bil ki, Cəbrayıl dedi: "Ya rəsulullah, Allah taala məni, sənə, Əliyə, Fatiməyə, Həsənə, Hüseynə və sənin övladlarından olan imamlara (ə) qiyamətədək sevinc və müжdə verməyə göndəribdir. Qoy, sənin, Əlinin, Fatimənin, Həsənin, Hüseynin, o biri iməmların və sizin şiələrinizin sevinci qiyamətədək var olsun!” Səfvan deyir ki, həzrət Sadiq (ə) mənə buyurdu: "Ey Səfvan, hər vaxt Allah əzzə və cəllədən bir istəyin olsa, harda olursansa, ol, imam Hüseyni (ə) bu ziyarətnamə ilə ziyarət et və bu duanı oxu, sonra hacətini rəbbindən dilə. Şübhəsiz ki, Allah taala o hacətin həyata keçirər. Allah taala öz bəxşiş və səxavəti sayəsində heç vaxt öz elçisinə verdiyi vədəyə xilaf çıxmaz. Əlhəmdu lillah.”
Müəllif deyir ki, "Nəcmüs-saqib” kitabında cənab hacı Seyid Əhməd Rəştinin həcc səfərində imam zamanla görüşməsi əhvalatı və o həzrətin ona: "Nə üçün siz, "Aşura” ziyarətnaməsini oxumayırsınız? Aşura, Aşura, Aşura.” -deyə buyurduğu nəql olunmuş və biz də inşaəllah "Camiətul-kəbirə” ziyarətnaməsindən sonra onu nəql edəcəyik. Siqətül-islam Şeyx Nuri (r.ə.) buyurubdur: "Aşura ziyarətnaməsinin fəzilətini bəyan etməkdə bunu demək kifayətdir ki, bu ziyarətnamə, başqa ziyarətnamələr kimi məsumların dilindən deyildir. Doğrudur ki, məsumların buyurduqları kəlamlar, ərşdən onların qəlblərinə nazil olan nurdur, lakin bu ziyarətnamə "Qüdsi hədislər”dən biri sayılır və deyilən qaydada, ziyarət, lənət, salamlar və dua, Həzrət Əhədiyyət (Allahu cəllət əzəmətuh) tərəfindən Cəbrayıla və onun vasitəsilə Xatəmun-nəbiyyinə (s.ə.s.) nazil olmuşdur. Sınanıbdır ki, hacəti olan şəxs, qırx gün bu ziyarətnaməni oxusa, bəzən qırx gündən də tez hacəti rəva olar. Lakin, mən, "Darus-səlam” kitabında daim bu ziyarətnaməni oxuyanın hansı ən böyük xeyiri əldə etdiyini nəql etmişəm. Burada da müxtəsər olaraq o əhvalatı nəql edirəm:
Bu əhvalatı müqəddəs Nəcəf şəhərində sakin olan, daim ibadətlə və ziyarətlə məşğul olan Allahın yaxşı, salehli və təqvalı bəndəsi hacı molla Hüseyn Yəzdi siqeye-əmin hacı Məhəmmədəli Yəzdidən nəql etmişdir. Fazil və salehli bir şəxs olan hacı Məhəmmədəli Yəzdi, Yəzd şəhərində sakin olub, daim axirətini islah etməklə məşğul idi. O, gecələri, Yəzd şəhərindən kənarda yerləşən və bir çox saleh insanların dəfn olunduğu "Məzar” adlı qəbirstanlıqda ibadətlə keçirərdi. Onların qonşuluğunda bir nəfər yaşayırdı ki, uşaqlıqdan onunla bir yerdə böyümüş və təhsil almaq üçün eyni müəllimin yanına getmişdilər. O şəxs, boya başa çatdıqdan sonra "Əşşarlığı” (meyxanaçılığı) özünə sənət seçdi. Günlərin birində də öz dünyasını dəyişdi və onu o saleh şəxsin gecələdiyi qəbirstanlıqda dəfn etdilər. Hacı Məhəmmədəli Yəzdi bir ay keçməmiş o şəxsi yuxusunda çox yaxşı bir əhval-ruhiyyədə görür. Ondan soruşur ki, mən, sənin əvvəlini də, aqibətini də görmüşəm. Sənin zahirini də, batinini də yaxşı tanıyıram. Batininin yaxşı olduğununu heç kimsə güman belə etməzdi. Sənin seçdiyin o sənət yalnız əzaba layiq idi, bəs hansı əməlinə görə bu məqama yetişmisən? O, cavab verir ki, düz fikirləşirsən, mən, öldüyüm gündə n dünənə qədər çox şiddətli bir əzaba düçar idim. Dünən ustad Əşrəf Həddadın zövcəsi vəfat etmişdi və onu burada dəfn etdilər. O, əli ilə təqribən yüz arşın uzaqda yerləşən bir qəbri göstərdikdən sonra sözünü davam etdirərək dedi: "O qadın dəfn edildiyi gecə həzrət Əbi Əbdillahil Hüseyn (ə) üç dəfə onun ziyarətinə gəldi. Üçüncü dəfə gəlişində o həzrət əmr etdi ki, əzab, bu qəbirstanlıqdan götürülsün. Odur ki, bizim hamımızın vəziyyəti yaxşılaşdı və firavanlığa çıxdıq.” Hacı Məhəmmədəli Yəzdi heyrət içində yuxudan oyandı. O, Həddadı və onun yaşadığı məhəlləni tanımadığı üçün həddaların ( yəni, dəmirçilərin ) bazarına gedib, onu soraqlaşa-soraqlaşa tapdı. Ondan soruşdu: "Sənin zövcən var? " O, cavab verdi: "Var idi, dünən rəhmətə getdi və onu filan yerdə-həmin qəbirstanlığın adını çəkdi–dəfn etdik.” Hacı Məhəmmədəli ondan soruşur ki, zövcən həzrət Əba Əbdillahın ziyarətinə getmişdi? O:”xeyir”- deyə cavab verir. Yenə soruşur ki, imam üçün mərsiyyə oxuyardı? O, yenə də: "xeyir” -deyə cavab verir. İmam üçün əza məclisi qurardı? Xeyir. Nə üçün məndən bunları soruşursan?Hacı Məhəmmədəli Yəzdi gördüyü yuxunu ona danışır. O deyir: "Mənim zövcəm Aşura ziyarətnaməsini oxuyardı.”