Mübarək Ramazan ayının birinci, on beşinci və axırıncı gecələrində, xüsusilə, qədr gecələrində imam Hüseyni (ə) ziyarət etməyin fəziləti barəsində çoxlu hədislər nəql olunubdur. Həzrət imam Məhəmməd Təqi (ə) buyurubdur ki, hər kəs imam Hüseyni (ə) Ramazan ayının iyirmi üçüncü gecəsi ziyarət etsə, –bu gecənin Qədr gecəsi olması ehtimalı daha güclüdür və bu gecədə qəti talelər təqdirə alınır– iyirmi dörd min mələk və peyğəmbərin onunla müsahifə edər, belə ki, onlar, bu gecədə o həzrəti ziyarət etmək üçün Allah taaladan rüxsət istəyərlər. Başqa mötəbər bir hədisdə imam Sadiqdən (ə) rəvayət olunur ki, Qədr gecəsində carçı, göyün yeddinci qatında Ərşin dərin qatlarından car çəkib, deyər: "Bu gecə imam Hüseynin (ə) qəbrini ziyarət edən şəxsi Allah taala bağışladı”. Başqa bir hədisdə nəql olunur ki, hər kəs Qədr gecəsi o həzrətin qəbrinin yanında olub, iki rükət namaz qılsa və ya bacardığı hər bir ibadəti yerinə yetirsə, sonra Allah taaladan cənnəti diləyib, cəhənnəm odundan ona pənah aparsa, Allah taala onun istəyini həyata keçirib, cəhənnəm odundan onu amanda saxlayar. İbni Quləveyh imam Sadiqdən (ə) nəql edir ki, hər kəs Ramazan ayında imam Hüseynin (ə) qəbrini ziyarət etsə və bu ziyarət səfərində dünyasını dəyişsə, ondan sorğu-sual olunmaz və ona: "Qorxmadan cənnətə daxil ol!”- deyərlər. İmam Hüseynin (ə) qədr gecəsində oxunan bu ziyarətnaməsini şeyx Müfid, Məhəmməd ibni Məşhədi, İbni Tavus və Şəhid "Məzar” kitablarında nəql etmiş və bu ziyarətnamənin Qədr gecəsinə, Fitr və Qurban bayramları gününə məxsus olduğunu bildirmişlər. Şeyx Məhəmməd ibni Məşhədi özünün mötəbər sənədlərilə bu ziyarətnaməni imam Sadiqdən (ə) nəql edir ki, o həzrət belə buyurubdur: "Həzrət Əbi Əbdillahil Hüseyni (ə) ziyarət etmək istədiyin vaxt qüsül verib, təmiz paltarlarını geyin və o həzrətin hərəminə get. O mübarək qəbrin kənarında üzünü qəbrə tərəf tutub, arxası qibləyə tərəf dayanıb, de:
Salam olsun sənə, ey Rəsulullahın övladı! Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey aləmlərin qadınlarının sərvəri, düzdanışan və pakizə xanım Fatimeyi-Zəhranın oğlu! Salam olsun sənə, ey mənim mövlam, ey Əba-Əbdillah! Allahın rəhmət və bərəkətləri olsun sənə! Şəhadət verirəm ki, həqiqətən, sən əcəlin çatan vaxta qədər namazı bərpa etdin, zəkat verdin, yaxşılıqlara əmr etdin, pisliklərdən çəkindirdin, Allahın kitabı Qurani-Kərimi layiqincə tilavət etdin, Allah yolunda layiqincə mübarizə apardın və savab üçün Onun yolunda düşmənlərin əzab-əziyyəti müqabilində səbir etdin! Şəhadət verirəm ki, həqiqətən, səninlə müxalifətçilik edib döyüşən, səni yalqız qoyan və qətlə yetirən kəslər heç kimdən təhsil almayan Peyğəmbərin dilində lənətlənmişlər. Sənə iftira yaxan naümid oldu. Allah sizə zülm edən birinci və sonuncu kəslərə lənət etsin və onların dərdli əzabını ikiqat artırsın! Ey mənim mövlam, ey Rəsulullahın övladı, haqqını tanıdığım, dostlarını sevdiyim, düşmənlərinə nifrət bəslədiyim, doğru yolda olduğuna yəqin etdiyim və səninlə müxalifətçilik edənlərin azğınlıqda olduqlarını bildiyim halda, ziyarətinə gəlmişəm. Elə isə Rəbbinin dərgahında mənə şəfaətçi ol!
Sonra qəbri qucaqla və üzünü onun üzərinə qoy. Daha sonra qəbrin baş tərəfinə gedib, de:
Salam olsun sənə, ey Allahın yer və göydə höccəti! Allahın salamı olsun sənin pak ruhun və pakizə cəsədinə! Salam olsun sənə, ey mənim mövlam! Allahın rəhmət və bərəkətləri olsun sənə!
Bu sözləri dedikdən sonra qəbri bir daha qucaqlayıb, üzünü onun üzərinə qoyaraq, öp və qəbrin baş tərəfinə keç. Bundan sonra iki rükət ziyarət namazı qıl və ziyarət namazını qılıb qurtardıqdan sonra bacardığın qədər namaz qıl.
Sonra qəbrin ayaq tərəfinə yaxınlaşıb, Əli ibni Hüseyni (ə) Ziyarət edib, de:
Salam olsun sənə, ey mənim mövlam və mövlamın oğlu! Allahın rəhmət və bərəkətləri olsun sənə! Allah sənə zülm edənlərə lənət etsin! Allah səni qətlə yetirənlərə lənət etsin və onların dərdli əzabını ikiqat artırsın!
Sonra istədiyin duanı et və üzünü qibləyə tərəf tutaraq, şəhidləri ziyarət edərək de:
Salam olsun sizə, ey düzdanışanlar! Salam olsun sizə, ey şəhidlər və səbir edənlər! Şəhadət verirəm ki, həqiqətən, siz əcəliniz çatan vaxta qədər Allah yolunda mübarizə apardınız, Allahdan tərəfdarlıq etdiyiniz üçün əzab-əziyyətlərə sinə gərib səbir etdiniz, Allah və Peyğəmbərinin yolunda xeyirxahlıq göstərdiniz. Şəhadət verirəm ki, həqiqətən, siz dirisiniz və Rəbbinizin yanında ruzi yeyirsiniz. Allah sizə İslam və müsəlmanlar tərəfindən xeyirxah şəxslərə verilən mükafatın ən yaxşısını əta etsin və bizimlə sizi nemət mənzilində (əbədi cənnətdə) cəm etsin!
Sonra Abbas ibni Əmiril-mömininin (ə) ziyarətgahına tərəf yola düş. O həzrətin hərəminə daxil olub, onun mütəhhər qəbrinin kənarında dayanıb, de:
Salam olsun sənə, ey Əmirəlmömininin oğlu! Salam olsun sənə, ey Allaha və Peyğəmbərinə itaət edən saleh bəndə! Şəhadət verirəm ki, həqiqətən, sən əbədiyyətə qovuşana qədər Allah yolunda mübarizə apardın, xeyirxahlıq göstərdin və səbir etdin. Allah sizə zülm edən birinci və axırıncı şəxslərə lənət etsin və onları cəhənnəmin dərinliyinə atsın!
Sonra o həzrətin məscidində istədiyin qədər "Tətəvvu” namazı qıl və sonra oranı tərk et.
Kitabın adı: Məfatihul Cinan