Şəhpərlərini ruhul-əmin açdı həvaya,
Saldı yaralı peykərinin üstünə saya,
Şahi-şühəda gördü günün nuru alındi,
Hiss eylədi ki, üstünə bir sayə salındı.
Qanilə dolan gözlərin açdı, dedi kimsən,
Ərz eylədi qurbanın olum nökərinəm mən,
Dünyada Hüseynim, necə qəmlər yemişəm mən,
Gəhvarədə bir il sənə lay-lay demişəm mən.
Əmr eylədi çək şəhpərini fori kənara,
Eyliyir yaralı aşiqə məşuq nəzara.
Sən çəkil durma, aşiq və məşuq arasında,
Aşiq odur ki, laxtalana qan yarasında.
Aşiq odur ki, atəşi-məşuquna yansın,
Aşiq odur ki, eşqidə mərdanə dayansın.
Aşiq odur ki, başdan ayağa yaralansın,
Bir sinədə dörd min yara al-qana boyansın.
Bəh-bəh nə gözəl bəzmidir xəlvətgəhi-dildar,
Heç bilmirəm yara nədir, çünki baxır yar.
Bəh-bəh nə gözəl səs verir oxlar havada,
Heç nəğmeyi-Davud olanmaz bu sədada.
Bir zərrə əziyyət eləmir yaralı sinəm,
Heç bilmirəm harda qalıb nazlı Səkinəm.
Çək şahpərini sinədə qan çeşməsi axsın,
Yarım yaralı aşiqin əhvalina baxsın.
Məşuq rizasına yıxıldım bu Minayə,
Çək şahpərini, salma mənim üstümə sayə.
Fikr eyləmə bir şəxsdir qana boyanıbdır,
Sayəmdə mənim ərşi-Xuda daldalanıbdır.