Nərgizlər olub, nərgizi-xummarın əsiri,
Ahuyi-Xütən türreyi-tərrarın əsiri,
Bülbül çəmən içrə güli-rüxsarın əsiri,
Tuti ləbi-şirin ilə, göftarın əsiri,
Ey ləli-gühərbarına dürri-ədən aşiq.
Eşq içrə bəlavü qəmin avarəsisən sən,
Hər kəsdə ki, dərd olsa onun çarəsisən sən,
Zəhra ilə Heydər gözünün qarəsisən sən,
Bir aşiqin aləmdə ciyərparəsisən sən,
Olmuş o böyük zatə Üveysi-Qərən aşiq.
Sən dəhridə biçarələrə lütfi-Xudasən,
Sən eşqdə aşiqlərə həm rahnümasən,
Səhrayi-məhəbbətdə şəhi-Kərbübəlasən,
Sən qalü bəladə tanınan əhli-vəfasən,
Dünya göz açandan səni görmüş kühən aşiq.
Bir şe'r demək istəmişəm aşiq Hüseynə,
Əhdində sədaqətli olan sadiq Hüseynə,
Aşiqlər içində hamıdan faiq Hüseynə,
Şe'rim olacaqmı görəsən layiq Hüseynə,
Oldum bu böyük aşiqə billah mən aşiq.
Bir kimsəni ki, canı qədər sevdi peyğəmbər,
Bir kimsəyə ki, oldu ata Heydəri-Səftər,
Bir aşiqə ki, yox iki dünyadə bərabər,
Mən hansı dil ilə bəzəyim hüsnünə dəftər,
Bir şəxsə ki, Zeynəb ola heyran, Həsən aşiq.
Cananı ilə bağlaya kim əhd ilə peyman,
Peymanə vəfa etməlidir, lütf edə canan,
Bir şahsən aləmdə ki, ey şahi-şəhidan,
Layiqdü kəsilsin sənə yetmiş iki qurban,
Ey sidq ilə cananına qurban gedən aşiq.
Məhşur eləməz aşiqi asudə ibadət,
Vəsli-rüxi-canan onu qoymaz qala rahət,
Səhradə tapar aşiq olan rahi-səadət,
Aləmlərə göstərmək üçün haqqü ədalət,
Olsun gərək əlbəttə cəlayi-vətən aşiq.
Haqq aşiqinin dövlət ilə ülfəti olmaz,
Aşiq uya dünyayə onun şöhrəti olmaz,
Aşiqlərin imanı olar, sərvəti olmaz,
Dünyayə və dünya malına rəğbəti olmaz,
Ölsə qəbul etməz bu səbəbdən kəfən aşiq.
Sən böylə mətinsənmi məgər, eşqdə Mahir,
Tab eyləyəsən gəlsə kədər eşqdə Mahir,
Öz ömrünü sərf etmə hədər eşqə Mahir,
Dəm vurma özündən bu qədər eşqdə Mahir,
Eşqin yükünə tab eləməz hər yetən aşiq.