92. Müharibə
480. Müharibə.
1459. İmam Əli (ə):«Çox müharibə var ki, faydası sülhdən daha çoxdur.»
1460.İmam Əli (ə):«Mübahisə və ziddiyyət müharibə yaradar.»
1461. İmam Əli (ə):«İnadkarlıq müharibələrin mənşəyidir.»
1462. İmam Hüseyn (ə):«Bilin ki, müharibənin şərri tez gələn, tamahı pis və nifrət doğurandır. Özünü müharibəyə hazırlayan, onun silah-sursatını tədarük görən kəs, müharibə başlamamış öz bədənini onun yaraları ilə incitməsə müharibədə qalib gəlmişdir. Amma, əlverişli fürsət və müharibə zamanı yetişməmiş, həmçinin özünün hərbi qüdrətindən xəbərsiz müharibəyə başlayan kəs, ordusuna heç bir fayda verməz və özünü də həlak edər.»
481. Düşmənə qəfildən hücum etmək.
1463. İmam Əli (ə):«Bax! Mən gecə və gündüz, aşkarda və gizlində sizi bu xalq ilə müharibəyə çağıraraq dedim:«Onlar sizə hücum etməmiş, siz onların üzərinə həmlə edin. Çünki, Allaha and olsun, heç bir xalqla onların öz torpaqlarının içərilərində elə bir müharibə olmayıb ki, onlar bu müharibədə xar olmasınlar.»
482. Müharibəyə başlamazdan əvvəl nəyə riayət etmək lazımdır
1464. Allahın peyğəmbəri (s) buyurur:«Xalqla yaxşı rəftar edin və onlara fürsət verin. Haqqa də‘vət etməmiş onlara hücum çəkməyin. Çünki, yer üzünün şəhərlər və çadırlarında yaşayan insanlarını mənim yanıma müsəlman (kimi) gətirməyinizi qadın və övladlarını (əsir kimi) tutub yanıma gətirib kişilərini öldürməyinizdən daha çox xoşlayıram.»
1465. İmam Əli (ə) Siffeyn döyüşündə buyurmuşdur:«Allaha and olsun, müharibəni bir gün də olsun təxirə salmağım, yalnız onların mənə qoşulmaları, mənim vasitəmlə hidayət olmaları və sayəmdə rahatlıq tapmalarına ümid etdiyim üçün olmuşdur.Bu, mənə onları, yollarını azmış halda öldürməkdən daha xoşdur.»
483. Ordunun kəşfiyyatçıları
1466. İmam Əli (ə) Ziyad ibni Nəzrə tapşırığında buyurur:«Bil ki, kəşfiyyatçılar ordunun gözü, kəşfiyyatçıların gözü isə onların gözətçiləridir. Öz vətəninin sərhədlərini aşıb düşməninə yaxınlaşan zaman dərhal hər tərəfə – dərələrə, meşələrə, puşqu yerlərinə və hər güşəyə – gözətçilər qoy ki, düşmən sizə pusqu qurub qəfildən hücum etməsin.»
484. Hərbi təlimlər
1467.Allahın Peyğəmbəri(s):«Elçiləri və girovları öldürməyin.»
1468.İmam Əli (ə):«Zirehliləri ön cərgədə, zirehsizləri isə arxa cərgələrdə yerləşdirin. Dişlərinizi bir-birinə sıxın, bu (düşmənin) qılıncla başdan vurduğu zərbəsinin təsirini azaldar. Nizələrin ətrafında əyilib-düzəlin. Belə etsəniz nizələrin qabağını daha yaxşı boşalda bilərsiniz. Gözlərinizi aşağı salın ki, bu qəlblərinizə daha çox qüvvə və rahatlıq bəxş edər. Səslərinizi çıxarmayın ki, bu qorxu və zəifliyin aradan getməsinə daha çox təsir edər.»
1469. İmam Əli (ə):«Düşmən döyüşə başlamamış onunla vuruşmayın. Çünki, həmd olsun Allaha ki, sizin höccətiniz var. Onlara müharibəni başlamağa fürsət verməyiniz isə, sizin onlara qarşı başqa bir höccətinizdir. Əgər Allahın izni ilə düşmən məğlub olarsa, qacanları öldürməyin. Əsirlərə bədən xəsarəti yetirməyin, qadınları əziyyətlə və incitməklə təhrik etməyin.»
1470. Imam Əli (ə):«Allahın Peyğəmbəri (s) müşriklərin şəhərlərini zəhərləməyi qadağan etmişdir.»
1471. İmam Səccad (ə) buyurur:«Əgər yeriməyə gücü olmayan kimsəni əsir götürmüsənsə və aparmağa bir vasitən yoxdursa, onu öldürməyib azad burax. Çünki, İmamın onun barəsində hökmünü bilmirsən.»
485. Müharibə hiylədir
1472. Allahın Peyğəmbəri (s):«Fikrinə gələn hər şeyi de, çünki müharibə hiylədir.»
486. Müharibədən qaçmağın qadağan olması
Qur‘an:
«Döyüş sursatları üçün geri qayıdanlardan və başqa bir dəstəyə köməyə gedənlərdən başqa, düşmənə arxa çevirənlər Allahın qəzəbinə gələrlər.
Onların yeri necə də pis yer olan Cəhənnəmdir.»
Hədis:
1473. «İmam Əli (ə) Siffeyn müharibəsində öz səhabələrinə xitabən buyurur:«Dalbadal yürüş edin və qaçmaqdan həya edin, çünki döyüş meydanından qaçmaq gələcək nəsillərə və gələcək dövrlərə əbədi qalan rüsvayçılıqdır. Könül razılığı ilə vuruşun, şad və rahat ruhiyyə ilə ölümə doğru addım atın»
1474. İmam Sadiq (ə):«Müharibədə iki kişinin qadağından qaçanın işi, qaçmaq hesab olunar. Əgər müharibədə üç nəfərin qabağından qaçarsa, bu qaçmaq sayılmaz.»
1475. İmam Rza (ə):«Allah-taala cihad meydanından qaçmağı haram etmişdir. Çünki, bu dinin zəifləməsinə, peyğəmbərlər və ədalətli rəhbərlərə (ə) hörmətsizliyə səbəb olar.»
487. Müharibədə müxtəlif növ silahlardan istifadə etmək
Qur‘an:
«Onların müqabilində bacardığınız qədər qüvvə toplayın.»
Hədis:
1476. Həfs ibn Ğiyas: «İmam Sadiqdən (ə) soruşdum:«Əhalisi müharibə edən şəhərdə müsəlman qadın, uşaq, qoca, əsirlər və tacirlər olduğu halda ora su buraxıb od vurmaq və ya əhalisini öldürmək məqsədi ilə onu mancanağa tutmaq olarmı?» Həzrət (ə) buyurur:«Onlara qarşı bu işləri görmək lazımdır və həmin şəxslərin (müsəlmanların) olmasına görə müharibə edən şəhərin əhalisindən əl çəkmək olmaz. Onlara görə müsəlmanların boynunda nə bir diyə var, nə də kəffarə.»
488. Dəniz qüvvələri
1477. Allahın Peyğəmbəri (s):«Dəniz döyüşlərində şəhid olanlar Allah yanında yerüstü müharibə şəhidlərindən üstündürlər.»
489. Qadınların müharibədə iştirakı
1478. İmam Baqir (ə), yaxud İmam Sadiq (ə):«Allahın Rəsulu (s) yaralıları müalicə etmək üçün qadınları da özü ilə müharibəyə apardı. Qənimətdən onlar arasında heç bir şey bölüşdürməsə də, onlara bəxşişlər verdi.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-ci cild