Allah üçün ye və Allah üçün yat
Peyğəmbəri Əkrəm (s) Əbuzərə buyurdu:
«Ey Əbuzər! Gərək hər bir işdə pak niyyətin olsun. Hətta yemək və yatmaqda da belə».(«Mizanül-hikmət», 13/6578/3984/20999.)
Cənab Şeyx öz şagirdlərinə təkrar tə᾽kidlərlə buyurardı: Bütün işlər Allah üçün olmalıdır, hətta yemək və yatmaq da.
Sonra buyururdu: «Əgər bu stəkandakı çayı Allahın razılığı üçün içsən, sənin qəlbin ilahi nurla nuraniləşər. Amma əgər nəfsin ləzzəti üçün içsən, elə istədiyin şey olacaqdır».
Ayətullah Məhdəvi Kəni buyurur: Təhsilin və tələbəçiliyin əvvəllərində özüm üçün bir paltar almaq istədikdə—mərhum Burhandan kirayəyə götürdüyüm paltarları təhvil vermək istədikdən sonra—Şeyx Rəcəbəli adlı bir şəxsin yanına getdim. O vaxt 14-15 yaşım var idi. Parçanı gətirdim, onun iş yeri də yaxınlıqdakı otaqda idi. Bir qədər oturduq, gəldi və dedi:
Yaxşı, indi nə olmaq istəyirsən?
Mən dedim: Tələbə olmaq istəyirəm.
Dedi: Tələbə olmaq istəyirsən, yoxsa adam?
Mən bir qədər təəccübləndim və fikirləşdim ki, nə üçün ruhani libasında olan bir şəxs bu sözləri demir?
Sonra dedi: «Narahat olma! Tələbəlik yaxşıdır. Gərək sənin məqsədin insan olmaq olsun. Sizə bir nəsihət edirəm, onu unutmayın.. Elə cavan olduğun və günaha batmadığın indiki vaxtda belə ilahi hədəfləri unutma, hər nə iş görürsənsə Allah xatirinə gör. Hətta əgər kabab yeyirsənsə bu məqsədlə ye ki, qüvvətlənib Allaha ibadət edəsən. Bu nəsihəti ömrün boyu unutma».
Allah üçün tik
Şeyx ayaqqabı tikənə buyurardı:
Ayaqqabını tikəndə əvvəlcə Allah xatirinə iynəni sanc, daha sonra möhkəm tik ki, tez dağılmasın.
Dərziyə deyərdi: Tikdiyin hər paltarı Allah xatirinə, Allah yad etməklə möhkəm tik.
Allah xatirinə gəl
Şeyxin şagirdlərindən biri onun ixlas barəsindəki tövsiyələrini belə nəql edir.
Şeyx buyurur: Buraya (yə᾽ni Şeyxin evinə) gələndə Allah xatirinə gəlin. Əgər mənə xatir gəlirsinizsə uduzmusunuz.
Onun çox qəribə halı vardı: Camaatı özünə yox, Allaha doğru də᾽vət edirdi.
Allaha görə üfür
Şeyxin oğlu deyir:
Şeyx Əbdül Kərim Hamid atamın yaxşı şagirdlərindən biri idi. Bir gün daş kömürlə işləyən ütünü üfürürdü.
Atam dedi: Əbdül Kərim! Ütünü necə üfürməyi bilirsənmi?
Cavab verdi: Xeyr, ağa! Necə üfürüm?
Atam dedi: Dodaqlarını qönçə şəklinə sal və Allah xatirinə üfür!
Allah xatirinə sev!
Şeyxin şagirdlərindən biri deyir: Şeyx xüsusi məclislərdə mənə buyurdu: Fikrin filan yerdədir. Lakin, bu Allaha görə olmalıdır.
Bir gün dostlarımdan biri ilə onun hüzurunda idik. Dostumun qəlbinə işarə edib dedi:
Burada iki qız, ya oğlan görürəm. (Şəkk nəql edən tərəfindəndir.) Bu yaxşıdır, lakin qəlb Allahın yeridir, övlada məhəbbət də Allah xatirinə olmalıdır.
Yenə buyururdu: Müqəddəslərin bütün işləri yaxşıdır, yalnız «mənəm»liyi Allahla əvəz etmək lazımdır.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri