Hər şey özü üçün, hətta Allah!
Cənab Şeyx buyururdu:
«Ey insan! Nə üçün Allahdan başqasını istəyirsən?! Məgər Ondan qeyrisində nə görmüsən?!(«Hədisi-Qüdsi »də buyurulur:
«Ey insan övladı, hər şey səni özü üçün istəyir, Mən də səni Özüm üçün istəyirəm. Belə isə Məndən qaçma!» «Əlməvaizul-ədədiyyə», səh.420)
Əgər O istəsə, heç bir şey tə᾽sir göstərə bilməz. Sənin qayıdış yerin Ona doğrudur!
Allahı buraxıb Ondan başqalarını əldə etmək istəyirsənmi?! Nə üçün bu qədər öz dövrənə fırlanırsan?! Allahı istə və bütün istənilən şeyləri Onunla vüsala çatmaq üçün qərar ver. Məsələ burasındadır ki, biz hər bir şeyi, hətta Allahı da özümüz üçün istəyirik.
Təqvanın ən yüksək mərtəbəsi
Şeyx təqvanın mərtəbələri barəsində buyururdu:
Təqvanın müəyyən mərtəbələri vardır. Onun ən kiçik mərtəbəsi vacibatı yerinə yetirib haram işlərdən çəkinməkdir ki, bu çoxları üçün çox yaxşı bir işdir. Lakin təqvanın ən yüksək mərtəbəsi — Allahdan başqa bütün şeylərdən çəkinməkdir. Bu mə᾽naya ki, insan öz qəlbində Allah məhəbbətindən başqa heç bir şeyə yer verməsin.
Məhəbbət məktəbi
Şeyx inanırdı ki, insan öz qəlbini Allahdan başqalarından təmizləməyincə insaniyyətin yüksək məramına çata bilməz. Hətta əgər bir kəsin məqsədi özünü kamala yetirmək olsa da, yenə həqiqi məqsədə çatmayacaqdır.
Buna görə də əgər bir şəxs onun yanına gəlib yol göstərməsini istəyirdisə və «nə qədər riyazətlə məşğul oldumsa heç bir fayda vermədi» — deyirdisə, Şeyx buyururdu:
Siz nəticə almaq üçün iş görürsünüz. Bu məktəb nəticə məktəbi deyil, əksinə məhəbbət məktəbi və Allahı sevmək məktəbidir.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri