Əvvəlcə atanı razı sal
Cənab Şeyx müəyyən vaxtlarda bə᾽zi şəxslərə, onun məclislərində iştirak etmək icazəsi vermir və ya müəyyən şərtlər qoyurdu. İyirmi ilə qədər Şeyxin hüzurunda olmuş müridlərindən biri, özü ilə Şeyxin necə rabitə bərqərar etməsi barəsində belə deyir: «Əvvəlcə nə qədər çalışdımsa, onun hüzuruna getməyə icazə ala bilmədim. Nəhayət bir gün Came məscidində onunla görüşdüm, salam verib hal-əhval tutduqdan sonra dedim:
Nə üçün mənə məclisinizdə iştirak etmək icazəsi vermirsiniz?
Buyurdu: Əvvəlcə atanı özündən razı sal, sonra səninlə söhbət edərəm.
Gecə evə getdim və atamın əl-ayağına düşdüm, çox iltimasla israr etdim ki, məni bağışlasın. Atam bu işləri məndən gördükdə heyrətləndi və soruşdu: Nə olmuşdur?
Dedim: Sənin heç bir işin olmasın, mən başa düşməmişəm, məni bağışla. Nəhayət atamı özümdən razı saldım.
Sabahı Şeyxin mənzilinə getdim. O, məni görən kimi buyurdu:
Bərəkallah! Yaxşı gəlmisən. İndi mənim yanımda otura bilərsən.
İkinci dünya müharibəsi qurtarandan vəfat etdiyi vaxta qədər onunla birgə oldum.
2. Xüsusi göstərişlər;
Kamil tərbiyəçi və ustadın səciyyəvi xüsusiyyətlərindən biri də budur ki, Allah-taala dərgahına yaxınlaşmaq məqamında şagirdlərinə verdiyi göstərişlər bu yolun yolçularının müxtəlif mərhələlərdəki ehtiyaclarına tam uyğun olsun. Bu kimi tədbirlər başqalarının iştirak etdiyi ümumi toplantılarda mümkün deyildir.
Həkim nə qədər dərin ixtisaslı və təcrübəli olsa da, ona müraciət edən xəstələrin hamısına eyni nüsxə və eyni dərman yazaraq müalicə edə bilməz. Hər xəstənin müalicəsi üçün xüsusi dərmanlara ehtiyac vardır. Hətta ola bilsin ki, eyni xəstəliyə düçar olan iki şəxsə də müəyyən səbəblərə görə ayrı-ayrı dərmanlar yazsın. Ruhi xəstələrin də müalicəsi eynilə belədir.
Əxlaq ustadı həqiqətdə insanların ruhunun təbibidir. O zaman əxlaqi xəstəlikləri müalicə edə bilər ki, əvvəla xəstəliklərin kökünün nə olduğunu bilsin, ikincisi həmin xəstəliyin müalicəsi üçün münasib dərmanları da olsun.
Bəşəriyyətin həqiqi ruhi təbibləri sayılan böyük ilahi peyğəmbərlər də ümumi halda bu xüsusiyyətdən istisna olunmurlar. Onlar bəşər cəmiyyətlərinin müxtəlif sahələrdəki ümumi ehtiyaclarını ayırd etməkdən əlavə, həm də ümmətin ayrı-ayrı fərdlərinin hər birinin xüsusi ehtiyaclarından da tamamilə agahdırlar.
İmam Əli (ə), Peyğəmbəri-əkrəmin (s) bu xüsusiyyəti barədə belə buyurur:
O, bir təbib idi, özünün tibbi elmi ilə gəzir və xəstələrin yanına gedirdi. Onun tibbi ləvazimatı və dərmanları hər bir cəhətdən hazır idi. Ehtiyac duyulan hallarda onlardan istifadə edir və (mə᾽nəvi) karlıq, korluq və lallığa düçar olan xəstələrin ruhlarına şəfa bağışlayırdı. O, öz dərmanları ilə qəflət evlərini, heyrət məkanlarını axtarırdı».(«Nəhcul-bəlağə» 108-ci xütbə)
Peyğəmbərlərin həqiqi canişinləri və onların vəsiləri sayılan tərbiyəçi alimlər bu xüsusiyyətlərdən bəhrələnmişlər. Belə ki, Əmirəl-mö᾽minin Əli (ə) buyurur:
«Elm həqiqi görüş əsasında onlara üz gətirmiş və (onlar) yəqin ruhunu tapmışdılar».(«Nəhcul-bəlağə», 148-ci hikmət)
İmam (ə) da belə buyurur:
«Onlar, Allaha and olsun ki, say baxımından ən azlar, lakin Allah yanında qədir-qiymət baxımından ən əzəmətli şəxslərdir».(«Nəhcul-bəlağə», 148-ci hikmət)
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri