Şərtli duanın qəbul olunması
Şeyxin dostlarından biri deyir:
Şeyxin şagirdlərindən birinin övladı olmurdu. Müxtəlif yerlərə müraciət etdisə də, heç bir faydası olmadı. Nəhayət mənim də iştirak etdiyim bir yığıncaqda Şeyxdən kömək istədi və dedi:
Mən elə bir övlad istəyirəm ki, vəfatımdan sonra mənim üçün bir səmərəsi olsun.
Şeyx buyurdu: Cavabını sonra verərəm.
Bir müddət keçdi. Şeyxin sonralar ona verdiyi cavabdan xəbərim yox idi. Nəhayət bir gün məni qonaqlığa də᾽vət etdilər.
Dedim: Bu qonaqlıq nə münasibətilədir?
Cavab verdi: Allah mənə bir qız övladı əta etmişdir. Mən dərhal Şeyxlə olan söhbətləri xatırladım və dedim:
Şeyxin duası qəbul olunubmu?
Cavab verdi: Qəbul olunub, amma bə᾽zi şərtləri vardır.
Dedim: Necə?
Dedi: Bizdən iltizam almışdır ki, hər il uşağın doğulduğu gün Rey şəhərinin ətrafındakı kəndlərdən birində yerləşən imamzadə Əbulhəsənin ziyarətgahında qurbanlıq alıb kəsək və onun əhalisinə verək. Bu da əhdin birinci ilidir. Yeddi il bu iş davam etdi. Səkkizinci il qızın atası xarici ölkəyə səfər etdiyindən öz əhdinə vəfa edə bilmir və həmin ildə uşaq dünyadan gedir. Bu hadisədən sonra o, çox kədərlənib narahat olur. Mən Şeyxin hüzuruna getmək istəyirdim, ona görə də dedi:
Hazırsanmı bu gecə Şeyxin mənzilinə gedək.
Dedi: Bəli. Mən ondan bir az tez getmişdim. Şeyxə dedim ki, filankəsin qızı dünyadan getdiyinə görə halı yaxşı deyil.
Şeyx buyurdu: Nə edim?! Məgər müsəlmançılığın ilk şərti öz əhdinə vəfa etmək deyilmi? O, öz əhdinə vəfa etmədi!
Sonra dostumuz gəldi. Şeyx onunla bir qədər zarafat etdikdən sonra buyurdu:
Narahat olma, Allah-taala onun əvəzində behiştdə sənin üçün bir neçə qəsr əta etmişdir. Amma ehtiyatlı ol ki, onları da xarab etməyəsən.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri