Həyat yoldaşını incitmək
O yenə belə nəql edir:
Bir gün Şeyxlə birlikdə cənab Radmənişin mənzilində idik. Mən ona dedim:
Atam təqribən 1352-ci hicri qəməri ilində (1933) dünyadan getmişdir. (O, axund Mirza Caninin övladlarından olan axund molla Məhəmməd Baqir idi. Qəzvinin məşhur mübarizlərindən və təqvalı alimlərindən biri sayılırdı ki, 1290-cı hicri qəməri ilində anadan olmuşdur. O, də «Kifayə» kitabının müəllifi Axund Xorasaninin, hacı Şeyx molla Xorasaninin və hacı Məhəmməd Hadi Tehraninin tələbələrindən idi. «Gəncineyi danişməndan» kitabı, 9-cu cild səh. 219.)
Onların vəziyyətinin necə olmasını bilmək istəyirəm.
Şeyx buyurdu: «Bir Fatihə surəsi oxu».
Bir qədər diqqət etdikdən sonra dayandı və dedi: Qoymurlar buraya gəlsin, arvadının əlində giriftardır!
Dedim: Mümkünsə onun həyat yoldaşı ilə söhbət edin.
Buyurdu: Ögey anan gəldi.
O, kənd əhlindən idi və atam onunla evləndikdən sonra bir neçə arvad da almışdı. Buna görə də ömrünün axırına qədər atamla dava-dalaşda idi. Atam qapıdan girəndə, o qapıdan çıxırdı.
Şeyxə dedim: Ondan soruşun ki, nə etməliyəm ki, atamdan razı olsun.
Şeyx buyurdu: Bir neçə ac doyursun.
Dedim: Neçə nəfəri?
Şeyx dedi: Yüz nəfəri.
Dedim: Bu qədərə gücüm çatmaz.
Nəhayət qırx nəfər acı doyuzdurmaqla razılaşdı.
Bunu qəbul etdikdən sonra Şeyx dedi: «Atanın səsi ucaldı, o qadın razı olduqdan sonra atanı azad etdilər.
O, deyir: Oğluma de ki, nə üçün iki arvad almışdır! Gör başıma nə bəlalar gətirmişəm. Ona de ki, diqqətli olsun, arvadların arasında ədalətlə rəftar etsin.
Şeyxin dostlarından biri deyir: Soruşdum ki, bərzəxdə atamın vəziyyəti necədir?
Buyurdu: O, sənin ananın əlində giriftardır.
Gördüm ki, düz buyurur. Atam ikinci arvad almışdı. Buna görə də anam ondan narazı idi. Gedib anamı razı saldım, Şeyxin hüzuruna getdiyim başqa bir səfərdə məni görən kimi buyurdu:
Nə qədər yaxşı işdir ki, insan iki nəfərin arasında barışıq yaratsın. Atan artıq rahatlıqdadır.
Əri incitmək
Şeyxin şagirdlərindən biri belə nəql edir:
Bir qadının əri seyyid idi və Şeyxin dostlarından sayılırdı. O, ərinə çox əzab-əziyyət verirdi. Bir müddətdən sonra vəfat etdi. Onun dəfn mərasimində Şeyx də iştirak edirdi. Sonra buyurdu:
Bu qadının ruhu yersiz mübahisə edir, deyir: Yaxşı, indi ki, öldüm, necə oldu! Onu dəfn etmək istədikdə əməlləri yırtıcı qara bir it sifətinə düşdü, itin onunla dəfn olunacağını başa düşdükdə, anladı ki, necə böyük bəlalar onun yolu üzərindədir. Buna görə də ağlayıb yalvarmağa və nə᾽rə çəkməyə başladı! Çox narahat olduduğunu gördükdə seyyiddən xahiş etdim ki, arvadını halal etsin. O da mənim xatirimə halal etdi, it yox oldu, sonra onu dəfn etdilər.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri