Tərbiyə metodları
Cənab Şeyxin şagirdlərinə verdiyi tə᾽lim-tərbiyə üsullarını iki yerə bölmək olar: Ümumi məclislərindəki tə᾽lim-tərbiyə üsulları və xüsusi rəftar və tərbiyə üsulu.
1. Ümumi məclislər;
Şeyxin ümumi iclasları adətən, onun öz evində təşkil olunurdu. Həmçinin əksər bayram günlərində, mə᾽sumların (ə) şəhadət və təvəllüd günlərində, məhərrəm və səfər aylarında, eləcə də mübarək Ramazan ayında hər gecə öz evində moizə təşkil edirdi. (Cənab Şeyx öz övladlarına belə tövsiyə edirdi:
Yadınızda olsun, həmişə rövzələrin axır günlərinə gedin çünki, həzrət Zəhra (ə) orada iştirak edir.) Bə᾽zi hallarda bu yığıncaqlar növbə ilə dostlarının evində təşkil olunurdu və iki il müddətində davam edirdi.
Həftəlik yığıncaqlar adətən cümə axşamları olurdu. Məğrib və işa namazları cənab Şeyxin imaməti ilə qılınırdı və o, namazdan sonra çıxışının əvvəlində mərhum Feyz Kaşaninin istiğfarla əlaqədar olan şe᾽rlərindən bir neçə beyt oxuyurdu: (Mərhum Məhəmməd Möhsün ibni Mürtəza (molla Feyz adı ilə məşhurdur) on birinci hicri əsrinin məşhur şair, müfəssir, arif, filosof və alimlərindən biridir.
Ze hər çi ğeyri yar əstəğfirullah
Ze bude müstəar əstəğfirullah
Dəmi ki an beqzərəd biyadi ruyəş
Əz an dəm bişumar əstəğfirullah
Zəban ki an tər bezikri dust nəbovəd
Ze sirrəş əl həzər əstəğfirullah
Səraməd ömro yek saəti ze ğəflət
Nəgəştəm huşyar əstəğfirullah
Cəvani rəfto piri həm səraməd
Nə kərdəm hiç kar əstəğfirullah
Şeyxin şagirdlərindən biri belə deyir:
«Bu beytləri elə halla oxuyurdu ki, ağlamağımızın qarşısını ala bilmirdik. Bundan sonra imam Zeynül-abidin (ə)-a mənsub edilən on beş münacatdan birini vəsfolunmaz halla oxuyurdu.(«Xəmsətə əşərə» (on beş münacat) çox qısa, lakin gözəl münacatdan ibraətdir ki, imam Zeynül-abidin (ə)-a mənsub edilir. Bu «Məfatihul cinan» kitabında qeyd olunmuşdur.)
Başqa birisi belə deyir: «Şeyxin dua mərasimlərində heç kəs onun kimi göz yaşı axıtmırdı. Doğrudan da onun göz yaşları insanın qəlbini riqqətə gətirirdi.
Dua mərasimi sona yetdikdən, çay paylandıqdan sonra çıxışında moizə, nəsihət etməyə başlayırdı. Cənab Şeyxin bəyanı çox gözəl idi. Danışarkən çalışırdı ki, özünün Qur᾽an və islam hədislərindən çıxardığı, eləcə də yəqinə yetişdiyi həqiqətləri başqalarına çatdırsın.
Onun məclisində iştirak edənlərə «dostlar» deyə xitab edirdi. Onun sözünün əsil mehvəri tovhid, ixlas, Allaha məhəbbət, həmişə özünü Allahın hüzurunda hiss etmək, Allahla ünsiyyətdə olmaq, insanlara xidmət, Əhli-beytə (ə) təvəssül etmək, on ikinci imamın (ə) zühurunun intizarını çəkmək, dünyaya məhəbbətdən və xudbinlikdən uzaq olmaq, həvayi-nəfsə itaət etməkdən çəkinmək və s. Bunların hamısı gələcək fəsillərdə qeyd olunacaqdır.
Cənab doktor Səbati özünün cənab Şeyxlə necə tanış olması, eləcə də onun məclisləri barədə belə deyir: «Orta məktəbin axır illərində mərhum doktor Əbdül Əli Quyanın (o, Fransada atom fizikasında doktorluğu müdafiə etmişdir.) vasitəçiliyi ilə Şeyxlə tanış oldum və təqribən on il müddətində onun moizə məclislərində iştirak etdim. Onun məclisləri çox müxtəsər bir yığıncaq idi və çox az və xüsusi şəxslərin vasitəsi ilə təşkil olunurdu, ümumi yönə malik deyildi. Hər vaxt onun məclislərində çox adam iştirak etsəydi və məclisə məhrəm olmayan şəxslər gəlsəydi, moizəsini müvəqqəti olaraq dayandırardı. Yə᾽ni o, heç vaxt özünə çoxlu mürid toplamaq fikrində deyildi.
Onun moizə və nəsihət məclislərində bir qədər söhbət olunur, moizə və nəsihət edilir və bir dua oxunurdu. Söhbətlər də əksər hallarda bir-birinin təkrarı idi. Lakin məclisə mə᾽nəvi bir fəza hakim olduğundan insan o söhbətlərin oxşarını və təkrarını nə qədər eşitsəydi, yenə də yorulmazdı. Bu sanki Qur᾽ana oxşayırdı! İnsan nə qədər tilavət etsə, yenə də təravətli və ürək oxşayandır. Onun söhbətləri də belə idi.
Onun təşkil etdiyi məclislər o qədər mə᾽nəvi yönə malik idi ki, heç kəs maddi və dünyəvi söhbətlər etməyə cür᾽ət etmirdi. Əgər bə᾽zi hallarda bir kəs maddiyyatdan söhbət etsəyədi, ətrafdakılar o söhbətdən narahat olurdular. Cənab Şeyxin söhbətləri Allah dərgahına yaxınlıq, Allaha məhəbbət və Allaha doğru seyr ətrafında cərəyan edirdi. O, Allah dərgahına yaxınlaşmağı iki cümlədə xülasələndirir və deyirdi:
«Elə indidən ustadı dəyişmək lazımdır, yə᾽ni indiyə qədər etdiyin hər bir işi özün üçün etmisən. Bundan sonra görəcəyin işlərin hər biri Allah xatirinə olsun və bu, Allah dərgahına yetişməyin ən yaxın yoludur. İnsanın bütün xudbinlikləri özünü pərəstişdən irəli gəlir. Nə qədər ki, Allaha pərəstiş etməyibsən, bir yerə çatmayacaqsan.
İşlərini Allah üçün yerinə yetirməlisən, özü də məhəbbətlə! Yə᾽ni, Onu sevməlisən və əməllərini Onun dostluğu xatirinə yerinə yetirməlisən. Allaha məhəbbət bəsləmək və əməlləri Allah xatirinə yerinə yetirmək bəşərin bütün mə᾽nəvi tərəqqilərinini sirridir. Bu da nəfsin istəkləri ilə müxalifət sayəsində əldə oluna bilər. Buna əsasən, bəşəriyyətin bütün mə᾽nəvi tərəqqilərini nəfsani istəklərlə müxalifətdə axtarmaq lazımdır. Nə qədər ki, nəfslə güləşməmisən və onun arxasını yerə vurmamısan, tərəqqiyə nail olmayacaqsan.
Yenə də buyururdu: «Sənin dəyər və qiymətin istəyinin qədərincədir. Əgər Allahı istəsən, sənin istəyin sonsuz və mütləq olar və əgər dünyanı istəsən, sənin dəyər və qiymətin istədiyin şeylər qədərdir.
Heç vaxt demə ki, ürəyim «bunu istəyir, onu istəyir». Bax gör, Allah nəyi istəyir. Əgər qonaqlıq verirsənsə, bax gör Allahın istədiyi şəxsləri də᾽vət edirsən, yoxsa ürəyin istədiyi adamları? Nə qədər ki, ürəyinin istədiklərinin ardınca düşmüsən, heç bir yerə çatmayacaqsan. Qəlb Allahın evidir, orada Allahdan başqasına yer vermə. Öz qəlbində hökumət etmək üçün yalnız Allaha yer verməlisən, başqasını yox! Həzrət Əli (ə)-dan soruşdular ki, bu məqama necə nail olmusan?
Buyurdu: «Qəlbimin darvazasının qapısında oturdum və Allahdan başqasına yol vermədim».
Onun bu çıxışlarından sonra məclisdə iştirak edənlərə yüngülvari xidmət olunur, çay verildikdən sonra münacat oxunurdu. Onun münacatları çox eşitməli, keçirdiyi ruhi vəziyyətlər isə doğrudan da görməli idi. Duanı çox sadə oxuyur, rəsmi şəkildə bəyan etmirdi. Əksinə o, öz məhbubu ilə vüsala çatan bir şəxs kimi danışırdı. Münacatlarda Allaha o qədər qovuşurdu ki, sanki ana öz itirmiş övladını axtarırdı. Ürəkdən ağlayır və öz sevimili Rəbbi ilə söhbət edirdi.
Bə᾽zi vaxtlar hiss olunurdu ki, dua əsnasında bə᾽zi mükaşifələri görür, belə ki, onun əsər-əlamətləri söhbətlərində və onun ruhi halətlərində aşkar olurdu. Dostları onun istədiyi kimi irəli getmədiyindən çox qəmgin olurdu. İstəyirdi ki, dostlarının gözü tez bir zamanda açılsın, mələkələri, imamları görə bilsinlər.
Ziyarətə gedən bir şəxsdən soruşdular: O mübarək vücudu görmüsənmi?
Əlbəttə, bə᾽ziləri bu işə müvəffəq olur və çox yüksək mə᾽nəvi məqamlara çatır, bə᾽zən mükaşifə vəziyyətinə düşürdülər. Qalanları da yıxıla-dura onun ardınca hərəkət edirdilər.
Ümumiyyətlə, onun münacatları insana dərin tə᾽sir bağışlayır, başqalarını da həyəcanlı vəziyyətə salırdı. Duaların mə᾽nalarını çox yaxşı bilirdi, duanın cümlələrində dayanır, bə᾽zən təkrar edir və bə᾽zən də izah edirdi. «Yəstəşiru» «Xəmsətə əşərə» dualarını çox oxuyardı. O, inanırdı ki, «yəstəşiru» duası məhbubla eşq əsasında olan deyişmədir.(Yəstəşiru» duasının 214-cü səhifəsinə bax.)
Məhərrəm mövsümündə çox az söhbət edir, əksinə Taqdis kitabından Əhli-beytin (ə) başına gələn müsibətlərdən bir neçə səhifə oxuyub ağlayır və sonra münacata başlayardı.
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri