Şəxsiyyətin araşdırılması həddindən artıq çətin olan insanlar
Mə᾽rifət əhlinin məqamları camaatın əksəriyyəti üçün bəyan olunması çox çətin olan bir kamal məqamıdır. Bu barədə imam Sadiq (ə)-dan nəql olunmuş dərin məzmunlu aşağıdakı hədisə diqqət yetirək:
«Məxluqat Allah-taalanın sifətlərini olduğu kimi dərk etməkdə acizdirlər. Onlar Allahın sifətinin cövhərini dərk etməkdə aciz olduqları kimi, Peyğəmbərin (s) xüsusiyyətlərini də olduğu kimi dərk etməkdə acizdirlər. Habelə Peyğəmbərin (s) xüsusiyyətlərini dərk etməkdə aciz olduqları kimi, imamın da xüsusiyyətlərini dərk etməkdə acizdirlər. İmamın xüsusiyyətlərini dərk etməkdə aciz olduqları kimi də, mö᾽minin həqiqətini olduğu kimi dərk etməkdə acizdirlər.» (Mizanül-hikmət, 1/390/289/1400.)
İnsan Allahda fani olmaq məqamına (fəna fillah) çatdıqda Onun yer üzündəki nümayəndəsi olur, məhz belə olan halda camaatın əksəriyyəti tərəfindən onun kamal xüsusiyyətlərinin təhlil edilib araşdırılması və dərk ediliməsi Allahın xüsusiyyətlərində olduğu kimi, qeyri-mümkündür. İmam Sadiq (ə)-ın kəlamında gördüyünüz kimi, bu xüsusiyyətlərdə Peyğəmbər, İmam və mö᾽min şəxs arasında heç bir fərq yoxdur. Buna görə də - «Cənab Şeyx kimi böyük şəxsiyyətlərin mə᾽nəvi məqamlarını olduğu kimi vəsf etmək qeyri-mümkündür» - desək çox da qəribə olmaz.
Şeyxin şagirdlərindən biri uzun illər boyu mənimlə dostluq etmişdir və Şeyxin yüksək mə᾽nəvi məqamları barədə çoxlu əhvalatlar nəql etmişdir. O, nəql edirdi ki, bir gün Şeyx belə buyurdu: «Filankəs! Dünyada bir kəs məni tanımadı, amma mən iki yerdə tanınacağam: Birincisi on ikinci İmamımız (ə.c) zühur edəndə, ikincisi isə qiyamət günündə.»
Deməli, bu kimi kiçik kitablar vasitəsi ilə cənab Şeyxin həqiqi mə᾽nəvi kamallarının tanıtdırılması mümkün deyil, lakin onun nurani həyatının qələmə alınmasının ən yaxşı tə᾽siri məhz cənab Şeyxin həyatının ümumi xüsusiyyətlərini işıqlandırmaq, mə᾽rifət əhlinin yüksək məqamlara çatmasının sirrini və onun insanların mə᾽nəvi tə᾽lim-tərbiyəsindəki tutduğu yolu bəyan etməkdir. Bu da öz növbəsində çox böyük və dəyərli bir işdir ki, Allah Öz mərhəməti sayəsində bizə nəsib etmişdir. Bu böyük ne᾽mətə görə Allaha şükr edirik ki, bəlkə cənab Şeyxin «ölümümdən sonra tanınacağam» deyə etdiyi uzaqgörənliyinin gerçəkləşməsinə bir növ müqəddimə olsun. Belə ki, Şeyxin oğlu onun belə dediyini nəql edir:
«Heç kəs məni tanımır, öldükdən sonra məni tanıyacaqlar.»
Kitabın adı: Məhəbbət iksiri
Müəllif: Məhəmməd Reyşəhri