Allah ilə məxluq arasında təkvini əlaqə
İmamlardan nəql olunmuş dualar çox sadə şəkildə bəyan olunsa da, üstün mətləbləri bəyan edir. İnsan bu dualar haqda düşünməli və onlardan faydalanmalıdır. İnsanın halı hər nə qədər münasib olarsa, duadan daha çox istifadə edib bəhrələnə bilər. Bəzi dualar bəzi Quran ayələri kimi bizim dərk edə bilməyəcəyimiz məzmuna malikdir. Lakin bəzən bu sayaq dualara diqqət yetirmək insan üçün faydalı olur; məsələn, "İftitah” duasında oxuyuruq:
"Həmd olsun o Allaha ki, səma və sakinləri Onun qorxusundan ildırım kimi fəryad çəkirlər; yer və əhli Onun qorxusundan lərzəyə gəlir; dəryalar və Onun dərinliyində üzən hər nə varsa, Onun qorxusundan cuşa gəlib, fəryad qoparmaqdadır”.
Quranda deyilir: "İlıdırm və bütün mələklər Allahın qorxusundan Onu təsbih edirlər.” "Göylərdə yerdə nə varsa, hamısı Allahı təsbih edir.” "Onu təsbih və sitayiş etməyən heç bir mövcud yoxdur. Lakin siz onların təsbihini anlamırsınız.”
Bunlar bizim tam surətdə dərk etməkdə aciz olduğumuz hallardır. Təfsirçilər də adətən bu növ ayə və duaların mütəşabeh olduqlarını bildirirlər. Bəziləri isə öz düşüncələri qədərində izah verirlər. Lakin bu mətnlər məxluq ilə Allah arasında olan bir həqiqətdən danışır. Bu əlaqəni güclü bir cazibəyə oxşatmaq olar. Allah bəndələrini təkvini şəkildə özünə tərəf çəkir. Hər bir mövcud öz nuru, elm və idrakı həddində Allah ilə öz arasında olan əlaqəni təkvini şəkildə dərk edir. İnsanın təkvini rabitədən xəbər tutması onu başqa varlıqlardan fərqləndirən ilahi imtiyazdır. O ixtiyari olaraq bu əlaqəni gücləndirib Allaha doğru hərəkət edə bilər.
Əyləncələr təkvini rabitəni dərk etmək üçün maneədir
İnsanlar, adətən, öz maddi və dünyəvi əyləncələri səbəbindən onların vücudunun dəyrinliyində kök atmış təkvini rabitəni unudurlar. İl boyu fərdi və ictimai çətinliklər və məşğuliyyətlər səbəbindən bu rabitəyə diqqət yetirmək üçün tövfiq tapmırıq. Mübarək ramazan ayında isə dua və münacat üçün daha çox tövfiq olduğundan insanın bir qədər maddi həyatdan çəkinib Allahı düşünməsi üçün fürsət yaranır. Beləcə, insan öz zatı səfası həddində ilahi əzəmət cilvəsini müşahidə edir, onun adlarını camal və kamal sifətlərini anlayır.
Allahın camal və cəlal sifətlərini dərk etməyin xüsusi cazibəsi var. İnsan Allahla ünsiyyət tapır və bu halın ondan uzaqlaşmasını istəmir. Allahın əzəmətini dərk edir və ixtiyarsız olaraq səcdəyə düşür, haqqın qarşısında kiçilir. Bu halı əldə etməklə (müəyyən mərifət mərhələsinə çatmaqla) insan elə bir ləzzət duyur ki, onun qarşısında dünyəvi və maddi ləzzətlər heç nədir. Bu cür ləzzətlərə çatmış şəxslər keçmişdə çox olub, indi də az deyil.
İnsan öz diqqətini maddiyyatdan Allaha doğru yönəldərsə, vəsfolunmaz dərəcədə özü ilə Allah arasında cazibə hiss edər. Bu zaman özünü Allaha və Allahı özünə yaxın görər. Allah bizdən uzaqda deyil. Allah Quranda buyurur: "Biz insana boyun damarından da yaxınıq.” Lakin pis əməllərimiz ilə Allahdan uzaq düşməyimiz üçün səbəb yaradırıq. İnsan pis əməlləri, şeytani və nəfsani arzularından əl çəkib dünyəvi və qeyri-ilahi həvəsləri özündən uzaqlaşdırarsa, Allaha yaxınlaşar.
İmam Səccad (ə) həmin Əbu-Həmzə duasında buyurur: "İlahi, bilirəm ki, Sən bəndələrindən gizli deyilsən. Onlar öz əməlləri ilə Səninlə öz aralarında hicab yaradıblar”.
Kitabın adı: Rəbbin dərgahında
Müəllif: Məhəmməd Təqi Mishab Yəzdi