Namazda düşüncə və Allahın əzəməti
Namazda qəlbin iştirakı üçün görüləsi işlərdən biri namazdan qabaq bir neçə dəqiqə diqqəti Allaha yönəldib onun əzəməti haqqında düşünməkdir. İnsan həmin bir neçə dəqiqə ərzində dünya həvəslərini yaddan çıxarmaqla diqqətini namaza yönəltməyə çalışmalıdır. Belə bir təfəkkür sayəsində namazda diqqətə, qəlbin iştirakına nail olmaq mümkündür.
Namazdan qabaq insan öz düşüncəsini nəzarət altına almalıdır. Diqqət namaza, namaz yerinə, səccadəyə yönəldilməlidir. Əgər namaz xəlvət bir yerdə qılınırsa, rahat şəkildə əyləşib Allahın hüzurunu təsəvvür etmək lazımdır.
Biz dildə deyirik ki, bütün varlıq aləmi, eləcə də biz Allahın hüzurundayıq. Amma dilimizin dediyini qəlbimiz hiss etmir. Məsələn, insan gözündən uzaq bir otaqda necə gəldi rəftar edir və bir şəxsi görən kimi özümüzü düzəldirik. Məgər Allahın hüzurunda olduğuna inanan insan nəfsin cilovunu buraxa bilərmi?! Əgər "Əllahu Əkbər” deyərək namaza başlayan insan, doğrudan da Allahın böyük olduğuna inanırsa, Onun nəzərlərini bir uşağın nəzərləri qədər saymaya bilərmi?! Bəli, ibadətin əvvəlində biz Allahın əzəmətini dərk etməkdə aciz olur, yalnız namazın sözlərini oxuyuruq. Amma dil "Allah böyükdür” deyirsə, qəlb də bu barədə düşünməli, qarşısında dayandığın varlığın əzəmətini hiss etməlidir. Əlbəttə ki, bizim düşüncəmizin Allahı dərk edəcək tutumu yoxdur. Amma Allahın ayətləri barədə düşünməklə Onun əzəmətini müəyyən bir həddə dərk etmək olar.
Bu məsələyə diqqətli olub daim dəstəmaz alan, dəstəmaz aldıqdan sonra iki rəkət namaz qılıb dua edən insanlar çox böyük bəhrə götürürlər. Əlbəttə ki, Allahın məsləhəti ilə onların duası bir qədər gec qəbul ola bilər. Ən əsası odur ki, Allah bu duanı qəbul edəcəyini və’d edir.
Me’rac hədisinin davamında Allah buyurur: "Bu günkü ruzisi hazır olduğu halda sabahkı ruzisini əldə etməyə çalışan bəndəyə, ondan razı olduğumu bilmədiyi halda şad olan bəndəyə təəccüb edirəm.”
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi