Sual
Əvvəlki bəhslərdə gözəllik, qəbihlik, savab və əzabın meyarının niyyət olduğundan danışdıq. Birinin qəlbən başqalarının əməlilə razılaşması onu savab və əzabda onlarla şərik edir. Belə isə bu, yuxarıda qeyd etdiyimiz məsələ (niyyətin əmələ çevrilməzsə, bağışlanması) ilə zidd olmurmu?
İslam alimləri bu suala bir neçə şəkildə cavab vermişlər:
a) Təcərri (günah etmək qəsdi) iki cürdür: birinci, əməli yerinə yetirməmiş peşman olub daxili çarpışma nəticəsində öz ixtiyarı ilə günahdan çəkinmə; ikincisi isə, müəyyən həddə qədər gəlib xarici amillərin təsiri ilə günahdan çəkinmə. Birinci halda (günahın niyyəti) günahkar bağışlanır, çünki peşmançılıq onun ruhunun və təbiətinin paklığına dəlildir. Belə bir şəxs bağışlanmağa layiqdir. Amma ikincidə bağışlanmır. Belə şəxs üsyankar ruha malik olduğuna və Allahına qarşı təqvasızlığından günaha yaxınlaşdığına görə tənqidə və cəzaya layiqdir. O öz-özünə günahdan çəkinməmiş, əksinə, xarici maneələr onu günah etməkdən çəkindirmişdir.
b) Təcərri bəzən günahı fikirləşib etməmək və bəzən də təşəbbüs göstərməklə bitir. Birinci cəhd insanın əməllər kitabçasında günah kimi qeyd olunmur. İkinci isə haramdır və bu əməlin sahibi cəzalandırılmalıdır, ona görə ki niyyət təşəbbüslə yanaşı olarsa, (Allah qarşısında) üsyankarlıq, dikbaşlıq və təqvasızlığa dəlildir. Birinci halda Allah qarşısında dikbaşlıq və üsyankarlığa dəlil olan heç bir təşəbbüs yoxdur.
v) Müəllifin nəzərincə, təcərrini (günahı fikirləşmək) başqa cür də təsnif etmək olar. Niyyət iki formada ola bilər: ötəri və sabit niyyət (dəyişilməz niyyət).
Nəfsani qüvvələrin coşub-daşması ilə insan nəfsində yaranan və heç bir əxlaqi, etiqadi kökü olmayan niyyətə ötəri niyyət deyilir. Bu cür niyyətlər xatirə, arzu, ani həvəsin nəticəsində meydana gəlib, tez də ötüb keçir, öz yerini isə yaxşı və müsbət düşüncələrə verir. Məsələn, Ramazan ayında biri ləzətli xörək gördükdə orucunu pozub iftar etmək istəyir, lakin bilavasitə bu fikirdən dönür.
İnsanın ruhi dərinliklərindən axıb gələn, onun etiqad, xasiyyət və xarakterindən irəli gələn niyyətə sabit niyyət (dəyişilməz niyyət) deyilir.Bu növ niyyət insanın həqiqi simasını üzə çıxarır. "Qurani-Kərim”də «şakilə» (xislət) adlandırılaraq buyurulur:
«De: «Hərə öz xislətinə görə iş görər...» («İsra»-84).
Ötəri niyyət nəfsani qüvvələrin ani reaksiyası olub təqvasızlıq və gizli, xəbis fikir olmadığından bağışlanmağa layiqdir. Bəlkə də hədislərdə «bağışlanmaq» dedikdə elə bu niyyət nəzərdə tutulur. Həmin mətləb İmam Sadiq (ə)-in «Nəcm» surəsinin 32-ci ayəsinin təfsiri ilə bağlı hədislərdə də qeyd olunmuşdur.
Bu hədislərdə nəql olunur ki, «ləməm» (xəta) sözü günahı fikirləşmək, yaxud bəzi hallarda insan əxlaqından irəli gəlməyən təsadüfi günah mənasında işlədilmişdir.
Təfsirə görə, belə günahlar (icraçının Allah qarşısında inadkarlığını və dikbaşlığını göstərmədiyindən) Allahın geniş rəhmət və məğfirətinə şamil olur. Belə bir əməl bağışlanarsa, təbii ki, bu keyfiyyətdə olan niyyət də bağışlanacaqdır, çünki onların hər ikisi dikbaşlıq və üsyankarlıqdan uzaqdır.
Sabit niyyət (dəyişilməz niyyət) adətən təşəbbüs və əməllə nəticələnir. Əgər nə vaxtsa sabit niyyət əməl formasında gerçəkləşməyibsə, bu, icraçı insanın vicdanının yox, kənar faktorların təsirindəndir. Belə olduqda niyyət Allah qarşısında dikbaşlıq və üsyankarlıq sayıldığından günah hesab edilib cəzaya layiq görüləcəkdir. Niyyət barədə danışdığımız bu bölüm əsasən "Möminin niyyəti əməlindən daha yaxşı, kafirin niyyəti isə əməlindən daha pisdir” hədisi kimi diqqəti cəlb edir. Lakin buradakı niyyət sözündən də məqsəd elə sabit (dəyişilməz) niyyətdir, yəni bu niyyət möminin imanından, kafirin isə küfründən əmələ gəlir. Bir sözlə, möminin (əxlaqı və imanı ilə bağlı) niyyəti əməlindən daha yaxşı, kafirin (küfr ilə bağlı) niyyəti isə əməlindən daha pisdir, çünki belə niyyət mömində nuranilik, sədaqət və iman, kafirdə isə inadkarlıq, küfr və üsyankarlıq əlamətidir.
Bu açıqlamalarla "Bir kimsə hər hansı bir qövmün əməli ilə razılaşarsa,...” və "hər hansı bir qövmün əməlindən razı qalan...” hədislərində məhəbbət və nifrət məsələsi tamamilə aydın olur. Həm də məhəbbət və nifrət, razılıq və narazılıqdan sözü səthi, ötəri emosiyalar yox, insan daxilindən axıb gedən, onun şəxsiyyəti və təbiəti ilə sıx bağlı olan nəfsani halətlər məqsədi ilə işlənmişdir. Bu halda başqasının əməli ilə həmfikir olan şəxs əslində onunla həmrəydir. Təbii surətdə əməlin nəticələrində də onunla şərik olacaqdır.
6. Əxlaq normalarında əməlin təsirli olmasına baxmayaraq, əsas niyyət və düşüncədir. Hüquqi normalarda isə bunun tam əksi olaraq niyyət ikinci dərəcəli olub əməl əsas təşkil edir.
Məsələn, əgər bir nəfər düşmənçilik üzündən öldürülərsə və sonradan qətlə yetirilmiş şəxsin qanının halal olması (yəni qatilin haqlı olması) məlum olarsa, hüquqi cəhətdən qatil günahkar sayılmayıb cəzalandırılmır, lakin əxlaq baxımından bu şəxs cəzaya layiqdir. Çünki əməlin feli cəhətdən qəbih olmamasına baxmayaraq icraçı cəhətdən qəbihdir. Buna görə də qatil cəzaya və tənbehə layiqdir. Bəzi fəqihlərin də bu kimi məsələlərdə icraçını cəzaya layiq hesab etməsi ehtimal olunur, çünki bu cinayət hüquqi cəhətdən yox, əxlaqi baxımdan qəbahət sayılır. Bizim fikirimizcə, hüquqi və əxlaqi məsələlər arasındakı bu yaxınlıq təbii haldır, çünki islam hüquqi islam əxlaqından ayrılmazdır.
Buna əsasən əxlaqi və hüquqi məsələlərdən hər birinin yeri aydınlaşaraq hüquqi cəhətdən məsuliyyətsizin əxlaqi cəhətdən məsuliyyətsiz olduğunu sübut edə bilmədiyi məlum olur. Həmçinin, əxlaqi vacib və haramlıq şəri vacib və haramlıq məfhumundan başqa bir şey olmadığı da məlum olur. Əxlaqi vacib və haramlıqdan fərqləndirən təkcə hökmün əsli yox, mahiyyətlidir. Buna əsasən əxlaqi haramlıq əxlaqi cəhətdən haramdır. Bu, hüquqi cəhətdən heç də haram olmaya bilər. Şübhəsiz, əxlaqi vacib və haramın hüquqi vacib və haram kimi özünə münasib təsiri vardır. Buna görə hər hansı bir günahsız insanın qətlinə razı olan şəxs əxlaqi cəhətdən bu cinayətdə iştirak etmişdir. Yəni hüquqi cəhətdən cinayətdə iştirak etməməsinə baxmayaraq, Allah qarşısında o da bu məsuliyyətə cəlb olunur. Allah-təala buyurur:
"...Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər...”(«Bəqərə»-284).
Deməli, düşüncə və meyllər də insan əməllərinin bir hissəsi kimi hesab olunub Allah-təala dərgahında araşdırılacaqdır.
"Günaha razı olan şəxsə bir, əməli surətdə onu həyata keçirənə isə iki günah yazılır” kimi bəzi hədislər mövcuddur. Buradan məlum olur ki, günah işlədən iki, günahın gerçəkləşməsinə qəlbən razılıq verən isə bir günaha batmışdır.
Bu mövzuya aid aşağıdakı ayə və rəvayətlərə diqqət yetirin.
Kitabın adı: İslamda əxlaq
Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani