İlahi lütflərdən bəzi nümunələr
Allahın lütflərindən biri "təşrii” amillər, yəni peyğəmbərlərin, övliyaların və səmavi kitabların göndərilməsidir. Təşrii amillərlə yanaşı bizim tanımadığımız və hətta inanmadığımız təkvini amillər də mövcuddur. Allahın qafilləri öz dərgahına cəzb etmək üçün gördüyü tədbirlər saya gəlməz qədər çoxsaylı, müxtəlif və əhatəlidir.
Misal üçün Allah-təala insan doğularkən onun məhəbbətini ata və anasının qəlbində qərarlaşdırır. Əgər valideynlərin, xüsusi ilə də ananın qəlbində belə bir məhəbbət mövcud olmasaydı insan nəsli kəsilərdi. Bu məhəbbət insan nəslinin davamı üçün bir vasitədir. Qurani-kərimdə buyurulur: " Mənə, atana və anana təşəkkür et.”
Allah bu ayə ilə hamıya bu böyük neməti xatırladır. İlk gündən əlaqədə olduğu ata və ana məhəbbətini unudan insan heç kəsin məhəbbətinə layiqincə cavab verməz.
Allahın ata və ana vücudunda qərarlaşdırdığı lütf Onu tanımaq üçün bir vasitədir. Allah-təala öz sonsuz məhəbbət okeanından bir damlasını ata və ananın qəlbində qərarlaşdırmışdır. Əgər yaranışın əvvəlindən sonunadək olan bütün insanları və mövcudları toplasalar, onların məhəbbəti Allahın insanlara olan məhəbbət okeanının bir damlası qədər olmaz. Əgər bir ana övladının onu unutduğunu görərsə nə edər? Yoxsa onu rədd edib, evdən çıxarıb və ya öldürər? Heç zaman! Əgər ana öz övladından səhv və ya unutqanlıq görərsə (əgər bu unutqanlıq və səhv bilərəkdən və inadkarlıqla olmasa) son dərəcə mehribanlıqla ona öz səhvini xatırladacaq və onu öz məhəbbət ağuşuna alacaq.
İnsanlara verilmiş zövcələr də Allahın məhəbbətlərindəndir. Allah zövcələri insanlara aram həyat vasitəsi etmişdir. Allah-təala Qurani-kərimdə bu haqda buyurur: "Sizin üçün yanlarında aramlıq tapasınız deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması Onun nişanələrindəndir.”
İndiyədək ərlə zövcəsi arasında olan bu məhəbbətin kim tərəfindən olduğunu düşünmüşükmü?
Şagirdlə müəllim, dostlar arasında olan məhəbbət və sair fitri kökə malik sevgi hissləri göstərir ki, insanlar ilahi məhəbbət haqda düşünüb rəhmət və şəfqət mənbəsinə çatmalıdırlar. Təəssüf ki, biz bu tədbirdən qafilik. Ən yaxşı halda valideynə hörmət edirik. Lakin bu mərhələdən oyana keçmirik.
Bəli, əgər bütün bu tədbirlər nəticəsiz olarsa, Allah bir növ lütf və rəhmət hesab olunan başqa yollarla bəndələrini özünə cəzb edir. Bu yollardan biri çətinliklərlə qarşılaşmaq, çıxılmaz vəziyyətlərə düşmək və məxluqdan naümid olmaqdır. Bu halda insanlar Allaha imanları olmaqdır. Bu halda insanlar Allaha imanları olduğu üçün Ona doğru qayıdır və onu düşünürlər: "Gəmiyə mindikləri zaman yalnız Allaha dua edərlər.”
İnsanlar okean dalğalarının və gəminin qərq olmasını müşahidə edərkən əzəmətli dalğalar arasında istər-istəməz Allahı yad edirlər.
Odur xalqın üzün səndən çevirən,
Naçarlıqdan Ona üz tutasan sən.
Allah elə bir şərait yaradır ki, insan döydüyü hər bir qapıdan naümid qayıdır. Beləliklə, "ya Allah” deyə fəryad edir və bu zaman Allahın diqqət və lütfünün ləzzətini dadır.
Bəli, insan yalnız çox susadıqda dadlı suyun ləzzətini dərk edir. İnsan yalnız yaxşı acdıqda ləzzətli yeməyin tamını hiss edir. İnsan məhəbbətə çox ehtiyac duyduqda məhəbbətli əllərin nəvaziş ləzzətini duyur. Əks-halda adi şəraitdə insan nəinki məhəbbətin dəyərini anlamır, hətta bəzən ərköyün uşaqlar kimi nəvaziş gördükdə əxlaqı korlanır.
Kitabın adı: Münacatın əzəməti
Müəllif: Mishab Yəzdi