Sevinc və təravət doğuran izzət nuru
"Sevinc və təravət doğuran izzət nuru” ifadəsi ilə bağlı iki qeyd edək:
1. Allahın hətta üstün və şərafətli məxluqlarla rabitəsi izzətlə kiçikliyin rabitəsidir. Çünki Allah hər şeyə malikdir, məxluqun isə özünün heç nəyi yoxdur.
2. Xalis izzət olan Allah heç nəyin təsirinə düşmür. Çünki izzət sözünün mənası nüfuzolunmazdır.
"Ərəfə” duasında bildirilir ki, Allahın razılığı öz tərəfindən yaranmış hansısa bir səbəbin nəticəsi deyil. O ki qaldı biz Allahın razılığına səbəb yaratmaq istəyək!
Demək, Allahla məxluqun rabitəsi izzətli ilə kiçiyin rabitəsidir. "Ərəfə” duasında oxuyuruq: "Necə böyüklük hiss edim ki, Sən məni zillətdə sabit etdin. Çünki məxluq olmaq kiçiklik və fəqirliyin özüdür.”
Əgər məxluq ilahi nura qovuşmaq istəsə kiçiklikdən izzətə çatmalıdır. Allahdan istəməliyik ki, bizi kiçiklikdən, zülmətdən xaric edib izzət nuruna qovuşdursun. Çünki insanın özünün heç nəyi yoxdur. Eyni zamanda ayrı bir izzətli yoxdur ki, onun nuruna qovuşmaq istəsin.
Duada işlədilmiş "əbhəc” kəlməsi sevinc və təravətlə yanaşı gözəllik mənasını bildirir. Qurani-kərimdə gözəl bitkilər barəsində buyurulur: "Baxanlara ləzzət verən hər növ yaşıl, gözəl və təravətli bitkilərdən.”
"Əbhəc nur” yəni, son dərəcə gözəl olan və ən xoşagələn nur. Elə bir nur ki, ondan üstün gözəllik və kamillik təsəvvür olunmaz.
Minacat edən şəxsin istəyi əslində zülmət və zillətdən xilas olub Allaha aid olan izzətə çatmaqdır. Kədər və qəmdən qurtulub ilahi nura məxsus sevinc, şadlıq, təravət və gözəlliyə çatmaq; hər növ çirkinlik, nöqsan və eybdən qurtulub kamillik və gözəlliyə çatmaq! Belə bir məqama ucalan insan haqq arifi olur. Yəni, insan uyğun nura doğru çəkilməyənədək həqiqi mərifəti tapmır. Həqiqi arif o kəsdir ki, Allah onu cəzb etmiş, öz nuruna qovuşdurmuşdur. Belə bir şəxs bütün çirkin və pis işlərdən uzaqlaşmış və nura layiq olmayan hər şeyi kənara qoymuşdur. Bir tərəfdə ilahi nur yaxın mələklərə, peyğəmbərlərə, övliyalara və saleh bəndələrə şölələnir, o biri tərəfdə isə zülmət, qaranlıq və şeytanlar qərarlaşmışdır. Başqa sözlə, varlıq səhnəsi iki hissəyə bölünür: birinci səhnədə hər tərəf nur, gözəllik, təravət və şadlıqdır; o biri səhnədə isə fəqirlik, çətinlik, qaranlıq, pislik və çirkab! "Allah möminlərin hamisidir, onları zülmətlərdən çıxarıb nura tərəf yönəldər. Kafirlərin hamisi isə şeytanlardır. Onları nurdan ayırıb zülmətlərə salarlar.”
İlahi nura qovuşmaq ən gözəl səhnə, lənətlənmiş İblisin məqamına bağlanmaq isə ən alçaq səhnədir. İnsan başlanğıcda bu iki səhnənin arasında olur. Elə buna görə də Allahdan istəyir ki, onu xalis ləzzət, təravət və sevinc doğuran ilahi nura qovuşdursun. Bununla da onda günaha və şeytani işlərə heç bir meyl qalmır. Çünki nura qərq olmuş şəxsin zülmətə heç bir marağı olmur. Belə bir şəxs nur, təravət, sevinc və izzətə zidd olan hər bir şeydən uzaqlaşır.