Kəramət, ilahi tövfiq və mö’minin təkamülü
Hədisdə oxuyuruq: "And olsun izzət və cəlalına, əgər razılığın mənim tikə-tikə doğranmağımda, yetmiş dəfə faciəli şəkildə öldürülməyimdə olsa, Sənin razılığını hər şeydən üstün tutaram.” Mö’minə bu sözləri dedirdən onun özünü yuxarı tutması yox, Allahın razılığını hər şeydən üstün bilməsidir. Mö’min belə ərz edər: "Necə qürrələnim? Axı Sənin mərhəmətli rəftarın olmasaydı, zəlil olardım.” Mö’min şəxs Allahın razılığını hər şeydən üstün tutduğunu bildirir, Allahın kəramətini xüsusi vurğulayır. O, bu məqama ucalmasında Allahın qüdrətini önə çəkir. "Əgər kömək etməsəydin, məğlub olardım, əgər qüvvətləndirməsəydin, zəif qalardım, əgər öz zikrinlə məni diri saxlamasaydın ölərdim.” Mö’min e’tiraf edir ki, Allahın yardımı olmasaydı, nəfs və şeytanla mübarizədə məğlub olardı. Rəvayətin bu hissəsinin son cümləsi olduqca mə’nalıdır: "Məni zikrinlə diriltməsəydin, bir ölü idim.” Uyğun cümlədə mühüm bir məsələyə toxunulmuşdur. Mə’lum olur ki, yəqinə çatmış mö’minin həyatı təkcə fizioloji həyatdan ibarət deyil. Mö’min Allah zikri ilə mümkün olan ruhani bir həyatda yaşayır. Allahın zikri olmadıqda insanın həyatı heyvani bir həyat çərçivəsində məhdudlaşır. İlahi zikrdən məhrum olmuş bir insan əslində ölüdür. Qur’ani-kərimdə Allah-təala buyurur: "Diri olan kəs (Qur’andan) öyüd götürsün.”[100]Əgər qəlb diri olmasa, insan ilahi maarifdən, Allaha diqqətdən məhrum qalar. Ona görə də yəqin əhli Allahla əlaqə sayəsində həyat tapdığını hiss edir. Bu ali bir həyatdır. Allah hüzurundakı ilahi bir ömür Allahın ətasıdır. Rəvayətdə mö’minin dilindən nəql olunur: "Pərvərdigara, əgər Sən pərdə çəkməsəydin, ilk dəfə günah etdiyim vaxt rüsvay olardım. Pərvərdigara, Səni tanımağımı, haqqı batildən ayırmağım, nuru zülmətdən seçməyim, elmi cəhalətdən fərqləndirməyim üçün ağlımı kamil etdiyin halda Sənin razılığını necə tələb etməyim?!” Mö’min bildirir ki, onun əsil istəyi Allahın razılığıdır. Behişt və onun ne’mətləri razılıq müqabilində əhəmiyyətsizdir. Bu ne’mətlər yalnız Allahın hədiyyəsi olduğu üçün dəyərli sayıla bilər. Mö’min insan bütün müvəffəqiyətlərin əsas səbəbini Allah tərəfindən ağlının kamilləşdirilməsində görür. O, Allahın razılığını hər şeydən üstün tutur. Əslində bəndənin Allahla bu söhbətinin şirinliyi sözə sığmır. Söhbətin bu yerinə çatdıqda Allah-təala buyurur: "İzzət və cəlalıma and olsun ki, səninlə mənim aramda heç bir hicab yoxdur. Bəli, mən öz dostlarımla belə rəftar edirəm.”
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi