Dünyadan qırılmaq diqqətin nəticəsidir
Məhz bu məqamda mö’minin ruhu Allahın cavabında belə deyir: "Pərvərdigara, izzət və cəlalına and olsun ki, mənim dünya ilə bağlı elm və agahlığım yoxdur. Məni yaratdığın gündən Sənin məqamından qorxmuşam.” Mö’min təkcə cavabla kifayətlənməyib, Allahın izzət və cəlalına and içərək dünyadan xəbərsiz olduğunu bildirir. Bəli, vəzifələrini yerinə yetirməklə məşğul olan insan dünya haqqında düşünməyə də bilər. Bə’ziləri məhbubla görüş şövqündən harada olduqlarını da unudarlar. Onlar vəzifələrini düzgün yerinə yetirsələr də, qəlbləri başqa yerdə olar.
Yəqin əhlindən olan mö’min dünya və onun işləri haqqında bir o qədər də düşünməz. Aram dalğalar dəryanın üzü ilə ötüşüb onun dərinliyinə yol tapmadığı kimi, dünya fikirləri də mö’minin qəlbinə yol tapmaz. Ona görə də mö’min and içir ki, dünyadan xəbərsizdir. Dünya məhəbbəti qəlbinə nüfuz etmiş dünyagirdən fərqli olaraq, mö’minin xəyalı tamam başqa bir fəzada pərvaz edir.
Me’rac hədisinin davamında buyurulur: "Düz dedin, ey mənim bəndəm. Cəsədin dünyada olsa da, ruhun mənim yanımda idi. Sənin zahirindən və batinindən xəbərdaram.” Dünyada yaşayıb dünya işlərinə məşğul olan bir insanın xəyalı başqa bir yerdə ola bilərmi?! Əgər belə bir məqama çatmaq mümkündürsə, nə üçün bizlər sə’y göstərmirik?! Nə üçün bir anlıq da olsa, dünya bər-bəzəyinə göz yumub diqqətimizi Allaha yönəltməyək?!
Kitabın adı: Dost diyarının yolçuları
Müəllif: Doktor Misbah Yəzdi