1850.Təqva
Qur‘an:
«Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar təkzib etdilər. Buna görə də qazandıqlarına (əməllərinin cəzası olaraq) onları yaxala (rından yapış)dıq.»
«Bu, (haqq olması) barəsində heç bir şəkk-şübhə olmayan bir kitab və təqvalılar üçün hidayətdir… Onlar öz Rəbbi tərəfindən olan hidayətdədirlər və onlar həmin nicat tapmışlardır.»
«Göylərdə və yerdə olanlar Allaha məxsusdur. Biz sizdən əvvəl kitab verilmiş kəslərə və (eləcə də) sizə tövsiyə etdik ki, Allahdan qorxun və əgər küfr etsəniz, (Onun nə qorxusu? Çünki) göylərdə və yerdə olanlar Allaha məxsusdur. Allah ehtiyacsız (və sifətlərində) tərif olunmuşdur.»
«Ey Adəm övladları, həqiqətən sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq libas (geyim) göndərdik. Ən yaxşı libas təqvadır. Bu, Allahın (qüdrət) nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.»
«Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) fərqləndirən (bir qüvvə) verər, sizin günahlarınızı təmizləyər və sizi bağışlayar. Allah böyük lütf və bəxşiş sahibidir.»
«Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə veririk. (Gözəl) aqibət təqvalılarındır.»
Hədis:
6649.İmam Əli (ə): «Təqva əxlaq və xislətlərin başçısıdır.»
6650.İmam Əli (ə): «Doğrudan da təqva ən yaxşı xəzinə, ən möhkəm sığınacaq, ən şərəfli izzət və qüdrətdir. (Həlakət və cəhənnəmdən qaçan) hər qaçanın nicatı, hər axtaranın ümidi və hər qələbə axtaranın zəfəri təqvadadır.»
6651.İmam Əli (ə): «Allahdan qorx, hətta az olsa da! Özünlə Allah arasında pərdə (həya pərdəsi) saxla, hətta nazik olsa belə!»
6652.İmam Əli (ə): «Təqva Allahın Öz bəndələrindən razılığının sonu və yaratdıqlarından olan istəyidir.»
6653.İmam Əli (ə): «Ey Allahın bəndələri, sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Təqva azuqə və sığınacaqdır, (istənilən mənzil başına) çatdıran azuqə və nicat verən sığınacaq!»
6654.İmam Əli (ə): «Ey Allahın bəndələri, sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Çünki təqva cilov və dayaqdır. Buna görə də onun möhkəm bağlarına yapışın və onun həqiqətlərindən bərk tutun.»
6655.İmam Əli (ə): «Sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Çünki o, hər bir ümidvar axtaranın arzusu və hər bir sığınacaq axtaranın etimad yeridir. Təqvanı bədəninizə yapışan paltarınız edin.»
6656.İmam Əli (ə): «Sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm… Onu öz qəlblərinizə yapışdırın və günahlarınızı onunla yuyun… Bilin! Təqvanı qoruyun və özünüz (də) onun vasitəsi ilə qorunun!»
6657.İmam Əli (ə): «Həqiqətən təqva bu gün sığınacaq və qalxan, sabah isə Cənnətə tərəf yoldur. Onun yolu aydın, yolçusu qalibdir.»
6658.İmam Əli (ə): «Allahdan qorxaraq təqvalı olmaq paklıq və düzlüyün açarı, qiyamət üçün azuqə, hər bir köləlikdən azadlıq amili və hər bir həlakətdən qurtuluşdur. Axtaran təqva vasitəsi ilə mətləbinə yetir, (əzab və ilahi cəzadan) qaçan qurtulur və arzulara çatılır.»
6659.İmam Əli (ə): «Kim təqva ağacları əksə, hidayət (doğru yola yönəldilmə) meyvələri dərər.»
6660.İmam Baqir (ə) (Sə’dulxeyrə xitab edərək buyurmuşdur): «Sənə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Çünki o, salamatlığa, ölümdən xilas olmağa və dönüş yerində (axirətdə) xeyir və qənimət əldə etməyə səbəb olur.»
1851.Təqva möhtərəmlik açarıdır
Qur‘an:
«Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq və bir - birinizi tanıyasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Əslində Allah yanında ən hörmətliniz ən təqvalınızdır. Şübhəsiz, Allah bilən, xəbərdardır.»
6661.Allahın Peyğəmbəri (s): «Təqva ilə olan əmələ təqvasız əməldən daha çox çalış. Çünki təqva ilə birlikdə olan heç bir əməl az deyil. Qəbul edilən əməl necə az ola bilər? Çünki Allah-taala buyurmuşdur: Allah yalnız təqvalılardan qəbul edir.»
6662.Allahın Peyğəmbəri (s): «Bir xislət var ki, kim ona bağlı olsa, dünya və axirət onun əmrinə tabe olar və o, cənnəti əldə edər. Dedilər: O nədir, ey Allahın Peyğəmbəri? Buyurdu: Təqva! Kim insanların ən hörmətlisi olmaq istəyirsə, gərək Allahdan qorxsun. Həzrət sonra bu ayəni oxudu: Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər və ona güman etmədiyi yerdən ruzi verər.»
6663.İmam Əli (ə): «Təqvadan əziz lütf yoxdur.»
6664.İmam Əli (ə): «Möhtərəmliyin açarı təqvadır.»
6665.İmam Əli (ə): «Kim təqvalı olsa… kəsilmiş lütf və ehsan yağışı yenidən ona yağar, qaçmış rəhmət ona tərəf qayıdar, qurumuş nemət bulaqları yenidən onun üçün qaynayar və azalmış bərəkət yağışı yenidən onun üçün tökülər.»
6666.İmam Əli (ə): «Həqiqətən Allahdan qorxaraq təqvalı olmaq sizin qəlblərinizin dərdlərinin dərmanı, qəlblərinizin korluğunun bəsirəti, cismlərinizin xəstəliklərinin şəfası, sinələrinizin fəsadının islahı, ruhlarınızın çirkinliklərinin paklaşması, gözlərinizin zəifliyinin işığı, qəlblərinizin qorxu və iztirabının yatması və zülmətinizin qaralığının təmizlənməsidir.»
6667.İmam Əli (ə): «Allahdan qorxaraq təqvalı olmaqdan möhkəm yapışın. Çünki təqvanın tutacağı möhkəm olan kəndiri və hündürlüyü göyə ucalmış sığınacağı vardır.»
6668.İmam Səccad (ə): «Qüreyş və ya ərəbdən heç kəs üçün təvazökarlıqdan başqa bir iftixar və təqvadan başqa bir kəramət, böyüklük yoxdur.»
6669.İmam Baqir (ə) özünün Sə’dulxeyrə məktubunda buyurmuşdur: «Allah-taala təqva vasitəsi ilə bəndədən onun ağlının çatmadığı şeyi uzaqlaşdırır və təqva vasitəsi ilə korluq və nadanlığı ondan dəf edir. Nuh və onunla birlikdə gəmidə olanlar təqvanın köməyi ilə nicat tapdılar, Saleh və onun davamçıları ildırımdan qurtuldular. Səbrlilər təqva ilə kama çatdılar və həmin dəstələr həlakətdən nicat tapdılar.»
6670.İmam Sadiq (ə): «Kim Allahdan qorxaraq təqvalı olmaqla Ona pənah aparsa, Allah onu qoruyar. Allah kimə üz tutsa və onu qorusa, onun göyün yerə düşməsindən qorxusu olmaz. Əgər yer - üzü əhalisinə bir bəla gəlsə və hamını bürüsə o, təqvasına görə hər bir bəladan amanda qalar. Məgər Allah-taala buyurmayıb ki: Həqiqətən təqvalılar təhlükəsiz bir yerdədirlər.»
1852.Təqvalıların xüsusiyyətləri
Qur‘an:
«Yaxşılıq (və itaət) üzlərinizi şərq və qərbə tərəf çevirmək deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, (səma) kitab (ın)a və peyğəmbərlərə iman gətirib çox sevməsinə baxmayaraq (öz) malını qohumlarına, yetimlərə, fəqirlərə, yolda qalanlara, dilənçilərə və qullar (ın azad olunmasın)a sərf edən, namaz qılan, zəkat verən, həmçinin əhd-peyman bağladıqda öz əhdinə sadiq qalan, darlıqda və sıxıntıda səbrli olanlardır. Onlardır doğru danışanlar və onlardır təqvalılar!»
«Təqvalılar bağlarda və çeşməliklərdə olacaqlar. Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməl etmişdilər. Onlar gecələr az yatırdılar. Səhərlər isə bağışlanmalarını diləyirdilər. Mallarında da dilənçinin və yoxsulun (müəyyən) haqqı var idi.»
Həmçinin müraciət et: «Bəqərə» 2.5; «Ali-İmran» 133.136; «Maidə» 8;
«Zumər» 33.
Hədis:
6671.Allahın Peyğəmbəri (s): «Təqvalılar o kəslərdir ki, harama düşmək qorxusundan çəkinmək yeri olmayan şeydən də çəkinir və Allahdan qorxurlar.»
6672.Allahın Peyğəmbəri (s) Əbuzərə tövsiyələrində buyurmuşdur: «Ey Əbuzər! İnsanın özünün özü ilə hesab çəkməsi şərikin şərikdən hesab çəkməsindən ağır olmayınca, haradan yediyini, haradan içdiyini, haradan geyindiyini, onların halal və ya haramdan olmasını bilməyincə, o, təqvalılardan ola bilməz.»
6673.»Nəhcül-Bəlağə»: «Rəvayət edilib ki, Əmirəl-mömininin (ə) Həmmam adlı abid səhabələrindən biri, o Həzrətə dedi: Ey Əmirəl-möminin, pəhrizkarları mənə elə vəsf et ki, sanki (qarşımda dayanıblar və) onları görürəm. Həzrət (ə) onun cavabında duruxdu və sonra buyurdu: Ey Həmmam, Allahdan qorx və yaxşı işlər gör. Çünki Allah təqvalılarla və yaxşı işlər görənlərlədir. Həmmam bu cavaba qane olmadı və Həzrətə israr etdi. Buna görə də o Həzrət Allaha həmd və şükr edib Peyğəmbərə (s) salam göndərdikdən sonra buyurdu:
……Pəhrizkarlar bu dünyada fəzilətlərə malikdirlər: danışıqları doğru, geyimləri orta və yol getmələri təvazökarlıqladır. Allahın onlara haram etdiyi şeylərə göz yumublar və qulaqlarını onlara xeyirli olan elmə vəqf ediblər. Çətinlik zamanı asayiş və rahatlıqda olduqları kimidirlər. Əgər Allahın onlar üçün müəyyənləşdirdiyi əcəl olmasaydı, mükafat şövqü və cəza qorxusundan canları bir an belə bədənlərində qalmazdı.
Onların birinin nişanələrindən biri onun dində güclü olması və yumşaqlığı, mülayimliyi uzaqgörənliklə bir-birinə qarışdırmasıdır. İmanı yəqinlə birgədir, elmə hərisdir, elmi səbrliliklə qarışdırıb, zənginlik zamanı mötədil, ibadət və bəndəlikdə təvazökardır. Yoxsulluq zamanı zinətli və başıucadır. Çətinlikdə səbrlidir, halal axtarışındadır, doğru yolun qət edilməsində şaddır, tamah və hərislikdən uzaqdır. Yaxşı işlər görməsinə baxmayaraq qorxu içindədir. Gündüzü (Allaha) şükr istiqamətində çalışmaqla axşam edir. Gecəni dərdi-qəmi Allahı zikr etmək olan halda səhərə çatdırır. Gecəni qorxu ilə - çəkindirildiyi qəflət qorxusu ilə, gündüzü şad və sevincək - ona yetişmiş lütf və rəhmətə görə olan sevinc və şadlıqla keçirir!
Əgər nəfsi meylli olmadığı şeydə ona qarşı itaətsizlik etsə, o da nəfsinin istəklərini təmin etmir. Onun sevinc və şadlığı əbədi olan şeyə, rəğbətsizliyi isə qalmayan şeyədir. Onu arzusu qısa, səhv və xətası az, qəlbi təvazökar, nəfsi qane, yeməyi az, işi asan, dini qorunmuş, şəhvət və istəyi ölmüş və qəzəbi yatırılmış görərsən. Onun yaxşılığına göz dikilib və heç kəsə pisliyi dəyməz.»
6674.İmam Baqir (ə): «Təqvalılar dünyanın ən az xərc və zəhməti olan və sənə ən çox kömək edən adamlarıdırlar. Öyüd verərək yadlarına salırsan, sənə kömək edirlər, unudursan, yadına salırlar. Həmişə Allahın əmrini deyir və daim Allahın əmrini dirçəldirlər. Allah sevgisinə görə bütün məhəbbətlərdən üzülüblər və öz padşahlarına itaət etmək üçün dünyadan qaçıblar. Səmimi qəlb ilə Allah - taalaya və Ona olan məhəbbət və sevgiyə üz tutublar. Başa düşüblər ki, əsas məqsəd Odur, çünki O, böyük şə’n və məqama malikdir.»
6675.İmam Baqir (ə): «Əmirəl-möminin (ə) buyurardı: Təqvalıların nişanələri var ki, onlar həmin nişanələrlə tanınarlar: doğruçuluq, əmanətçillik, əhdə vəfalılıq… qadınlara az qarışmaq, heyfslənmədən bağışlamaq, gözəl əxlaqlı olmaq, çox dözümlülük və Allah-taalaya yaxınlaşdıran elmə tabe olmaq.»
1853.Təqvaya mane olan şeylər
6676.İmam Əli (ə): «Təqvanın dünyaya vurğun qəlbdə yerləşməsi haramdır.»
6677.İmam Əli (ə): «And olsun Allaha, dilini qorumayınca təqvasının xeyir verdiyi bir bəndə tanımıram.»
6678.İmam Əli (ə): «Düşmənçilik edən şəxs Allahdan qorxa bilməz.»
6679.İmam Əskəri (ə): «Camaatın üzündən qorxmayan kəs Allahdan qorxmaz.»
1854.Təqvanın haqqı
Qur‘an:
«Ey iman gətirənlər! Allahdan Ona layiq şəkildə qorxun və yalnız müsəlman olduğunuz halda ölün.»
Hədis:
6680.İmam Sadiq (ə) («Allahdan Ona layiq şəkildə qorxun» ayəsi barədə sualın cavabında buyurmuşdur): «(Allahdan qorxaraq təqvalı olmağın haqqı) itaət olunması və Ona qarşı itaətsizlik edilməməsi, həmişə yada salınması və unudulmaması, şükr edilməsi və Ona qarşı nankorluq edilməməsidir.»
6681.Əbu Bəsir: «Həzrət Sadiqdən (ə) «Allahdan Ona layiq şəkildə qorxun…» ayəsi barəsində sual soruşdum, o Həzrət buyurdu: Bu ayə nəsx olub. Dedim: Onu hansı ayə nəsx edib? Buyurdu: Allahdan bacardığınız qədər qorxun» ayəsi.»
1855.Təqvanın təfsiri
6682.Allahın Peyğəmbəri (s): «Kamil təqva budur ki, bilmədiyini öyrənəsən və bildiyinə əməl edəsən.»
6683.İmam Əli (ə): «Təqva insanın onu günaha sürükləyən hər bir şeydən çəkinməsidir.»
6684.İmam Əli (ə): «Kim öz şəhvətinə hakim olsa, təqvalıdır.»
6685.İmam Sadiq (ə) təqvanın mə‘nası barəsindəki sualın cavabında buyurmuşdur: «Təqva Allahın səni əmr etdiyi yerdə qaib, çəkindirdiyi yerdə isə hazır görməməsidir.»
6686.İmam Sadiq (ə): «Heç vaxt kimlərinsə ağlamaqları səni aldatmasın, təqva qəlbdədir.»
1856.İnsanların ən təqvalısı
6687.Allahın Peyğəmbəri (s): «İnsanların ən təqvalısı öz xeyir və ziyanına (olmasından asılı olmayaraq) həqiqəti deyən kəsdir.»
6688.Allahın Peyğəmbəri (s): «Allahın vacib buyurduqlarına əməl et ki, insanların ən təqvalısı olasan.»