Quranın əql və fəlsəfə baxımından möcüzələri
Quran və savadsız Peyğəmbər
Qurani-kərimin bir çox ayələrində Peyğəmbərin (s) savadsız olması və kimsədən dərs almamasına dəfələrlə işarə olunmuşdur. Peyğəmbər (s) özü də, böyüyüb boya-başa çatdığı qəbilə ilə ünsiyyətdə olarkən dəfələrlə bu həqiqəti onlara bəyan etmiş və bu haqda nazil olmuş Quran ayələrini onların qarşısında tilavət etmişdir. Onlar da hamılıqla bu həqiqəti qəbul etmiş, inkar etməyə heç bir dəlil tapa bilməmişlər.
O həzrət, hətta ibtidai savad almamasına baxmayaraq, bəşəriyyətə hikmət dolu, alim və mütəfəkkirləri özünə cəlb edən, şərq və qərb filosoflarını heyran qoyan və qiyamət gününədək əbədi olaraq qalacaq ilahi vəhyi – Quranı özü ilə gətirdi.
Əgər bəzi inadkar şəxslərin Peyğəmbər (s)-ın müxtəlif elm və fənlərə yiyələndiyinə dair irəli sürdükləri iddianı həqiqət olaraq qəbul etsək də belə, yenə irəli sürülən iddia cavabsız olaraq qalacaqdır. Çünki, əgər Peyğəmbər (s) zəmanəsinin alim və bilicilərindən dərs alsaydı, öz dəvət və bəyanatlarında onların təcrübəsindən istifadə etməli idi. Amma tarixə nəzər saldıqda, biz bunun tam əksini müşahidə edirik.
Peyğəmbər (s) bütpərəstlik və xurafatla mübarizə aparır, təkallahlıq etiqadının əsasını qoyurdu. Peyğəmbərlə (s) müasir olanlarlar da ya bütpərəstlər, yaxud da Kitab əhli adlanan yəhudi və məsihilər idi. Peyğəmbər (s)-ın islamın təbliğində onlardan bəhrələndiyini güman edənlər də sözsüz ki, böyük səhvə yol vermiş olarlar. Belə bir fərziyyəni yalnız o zaman qəbul etmək olardı ki, Quranın, Tövrat və İncillə məna və məfhum baxımından müəyyən bir oxşarlığı olmuş olsun. Həqiqət isə tam bunun əksinədir. Quran xurafat və yanlış etiqadlarla mübarizə aparır. Tövrat və İncilin ayələrində isə bundan savayı bir şey nəzərə çarpmayır. Quranın bəşəriyyətə təqdim etdiyi təkallahlıq, əxlaq, elm, mərifət prinsipləri «ətiqeyn» (Tövrat və İncil) də bir çox hallarda nəzərə çarpan xurafat və iftiralardan uzaq və oxşarsızdır. Quran tövhid və Allahtanıma prinsiplərinə xüsusi diqqət yetirir. Burada Allah-taala bütün eyb və nöqsanlardan münəzzəh tutularaq, Ona layiq olan ən gözəl sifətlərlə vəsf edilmişdir.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah hacı Seyyid Əbülqasim Xoyi