Quranın təhrif olunmamasına dəlalət edən ayələr
Artıq, təhrifin nə olduğu və onun hansı amillər üzündən yarandığı bəlli oldu.
Lakin, bu nəzəriyyənin tamamilə əsassız və batil olduğuna dəlalət edəcək bir sıra ayələr də vardır və biz onlardan bir neçəsini misal olaraq burada qeyd edirik.
Birinci ayə:
«Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən – artırıb-əksiltmədən] qoruyub saxlayacağıq.» (Hicr-9).
Buradan belə məlum olur ki, Quran nazil olduğu ilk gündən Allah-taala tərəfindən təhrif və dəyişikliklərdən qorunub saxlanılmış və qiyamət gününədək toxunulmaz olaraq qalacaqdır.
Lakin «təhrif nəzəriyyəsinin» tərəfdarları bu ayəni müxtəlif mənalarda təfsir etməyə çalışmışlar:
1. Ayədə qeyd olunan «zikr» kəlməsindən məqsəd Quran deyil, Peyğəmbərdir (s). Belə ki, Təlaq surəsinin 10-11-ci ayələrində zikr deyildikdə, Peyğəmbər (s) nəzərdə tutulur.
«Allah sizin üçün Quranı nazil etmiş və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura [küfrdən imana] çıxartmaq üçün Allahın açıq-aşkar [halal-haramı bəyan edən] ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir.»
Göründüyü kimi burada haqqında xəbər verilən şəxs Peyğəmbər (s) özüdür.
Yəni, Allah-taala həzrət Məhəmmədi (s) peyğəmbərliyə təyin etdikdən sonra, bu ayəni nazil etməklə onu xoşagəlməz hadisələrdən qoruyacağını bildirmək istəmişdir.
Cavab: Ayəyə verilən bu təfsir tamamilə səhv və əsassızdır. Çünki, ayədə istifadə olunan «İnzal» və «Tənzil» kəlmələri (nazil etmək – nazil olmaq) mənalarını daşıyır. Demək «zikr» deyildikdə, hər iki ayədə Peyğəmbər (s) deyil, Quran nəzərdə tutulur. Və əgər «zikr» deyildikdə Peyğəmbər (s) nəzərdə tutulsaydı, «irsal» (göndərmək) və ya buna oxşar ifadələrdən istifadə olunardı.
Əgər burada «zikr» deyildikdə Peyğəmbərin (s) nəzərdə tutulduğunu fərz etsək, bir qədər əvvəl misal olaraq qeyd etdiyimiz Hicr surəsinin 9-cu ayəsindən üç ayə əvvəl «zikr» deyildikdə, Peyğəmbərin (s) nəzərdə tutulduğunu deyə bilməyəcəyik.
«[Müşriklər peyğəmbərə] belə dedilər: Ey özünə kitab nazil edən kəs! Axı sən divanəsən!» (Hicr-6).
Göründüyü kimi «və qalu ya əyyuhəlləzi nuzzələ ələyhizzikru innəkə ləməcnun» ayəsində «zikr» deyildikdə, Peyğəmbərə (s) nazil olmuş Quran nəzərdə tutulur.
2. Deyirlər: Quranın qorunması deyildikdə, onun təhrif və təbdildən qorunması deyil, eyb və nöqsanlardan qorunması və onun haqq olmasının sübutu nəzərdə tutulur.
Cavab: Gətirdikləri bu dəlilin birinci dəlildən daha əsassız və batil olduğu göz qabağındadır. Əgər onlar Allahın, Quranı kafirlərin tənqid və iradından qorumasını nəzərdə tuturlarsa, gəldikləri nəticənin batil olduğuna şəkk etməməlidirlər. Çünki, Quran hər şeydən daha çox kafirlərin tənqid və iradlarına məruz qalmışdır. Demək ayədən məqsəd, heç də kafirlərin tutduqları irad və nöqsanlar deyildir.
Yox, əgər onlar Quranın özünəməxsus bəyan tərzini və başqalarının onunla mübarizə etməyə qadir olmadıqlarını nəzərdə tuturlarsa, demək lazımdır ki, bu barədə düzgün nəticəyə gəlmişlər. Lakin heç də nəzərdən qaçırmaq olmaz ki, Quran nazil olduğu ilk gündən bu yüksək xüsusiyyətə malik olmuşdur. O ki qaldı onun toxunulmazlığına, bu məsələ Quranın zati xüsusiyyətlərindən deyildir. Belə ki, Allah-taala belə bir toxunulmazlıq xüsusiyyətini ona nazil olduqdan sonra vermişdir. Buna əsasən deyə bilərik ki, zati toxunulmazlıq onun təhrifə qarşı zati istehkamı və müqavimət göstərməsidir. Bunun isə, yuxarıda qeyd olunan ayənin məna və məfhumu ilə heç bir əlaqəsi yoxdur.
Əvvəla ona görə ki, Quran əvvəldən malik olduğu üstün xüsusiyyətlərlə öz müxaliflərinə qarşı sinə gərmiş və özünü lazımınca müdafiə edə bilmişdir. Təbiidir ki, belə bir halda onun heç bir xarici mühafizəkara ehtiyacı olmayacaqdır.
Digər tərəfdən isə ayə Quranın toxunulmazlığına, nazil olarkən deyil, yalnız nazil olduqdan sonra zəmanət verir.
3. Deyirlər: Doğrudur, ayədə Quranın toxunulmazlığından söhbət açılır, lakin burada hansı Quran nəzərdə tutulur? Onların fikrincə, burada yalnız zəmanənin imamında olan Quran nəzərdə tutula bilər. Çünki ayənin zahiri mənasından onun ümumi xarakter daşıdığını müşahidə etmirik.
Cavab: Bu fərziyyə bir qədər əvvəl qeyd olunan fərziyyələrdən daha zəif və əsassızdır. Çünki, Quranın toxunulmaz qalması, ilk növbədə onu gündəlik tilavət edən camaat üçün lazımdır. O ki qaldı zəmanənin imamında olan Qurana, o, lövhi-məhfuzda və ya mələklərin yanında olan Quran kimi toxunulmaz qalacaqdır. Sanki birisi hədiyyə vermək istədiyi şəxsə deyir: Mən sizin üçün bir hədiyyə göndərmişəm, lakin onu ya özüm, ya da dostlarımdan biri qoruyub saxlayacaqdır.
Daha təəccüblüsü budur ki, onlar «toxunulmaz» dedikdə bütün Quranlar deyil, yalnız bir Quranı nəzərdə tuturlar. Onlar belə güman edirlər ki, «zikr» deyildikdə, kağız üzərində yazılmış və üzərindən oxunan ayələr nəzərdə tutulur. Bir halda ki, bu tamamilə yanlış bir fərziyyədir. «Zikr» deyildikdə Allah tərəfindən Peyğəmbərə (s) nazil olmuş Quran nəzərdə tutulur. Mövcud olan Quran nüsxələri isə, Peyğəmbərə (s) nazil olmuş orjinal nüsxənin zahiri formasıdır. Bu Quran nüsxələri isə zaman keçdikcə köhnəlib aradan gedər. Belə ki, toxunulmaz dedikdə, kağız üzərinə köçürülmüş, zaman keçdikcə çürüyərək aradan gedəcək nüsxələri deyil, Allah tərəfindən Peyğəmbərə (s) nazil olan və əməli-saleh insanların qəlblərindəki Quranı nəzərdə tutmalıyıq. Belə bir Quran dünya durduqca duracaq və orada istifadə olunan ifadələrdən heç biri təhrif və təbdilə məruz qalmayacaqdır.
4. İrəli sürülən fərziyyələrə cavab verilsə də, şübhə doğuran bir məsələ də vardır və o da bundan ibarətdir ki, əgər «təhrif nəzəriyyəsinin» tərəfdarları Quranın bu ayəsində də (Hicr-9) təhrifə yol verildiyini ehtimal etsələr və ya bu ayə ilə Quranın təhrif olunmasını sübuta yetirmək istəsələr, onların iddiaları bir o qədər də inandırıcı olmayacaqdır. Çünki, təhrif olunduğu ehtimal olunan bir ayə ilə Quranın təhrif olunmasını isbat etmək həm məntiqdən uzaq, həm də sağlam əql və düşüncə ilə qəbul olunması qeyri-mümkün olan bir işdir. Lakin burada olduqca böyük əhəmiyyət kəsb edən bir məsələyə toxunmaq lazımdır. O da, Peyğəmbərin (s) Əhli-beyti tərəfindən Quran ayələrinin təhrif olunub-olunmaması haqda nəql olunan rəvayətlərin mötəbərliyini qəbul edib-etməməkdən ibarətdir. Yəni, Quranın təhrif olunub-olunmamasına dair etibar baxımından onlar tərəfindən nəql olmuş hədis və rəvayətlərə istinad edən kəslər, bu məsələnin həllində heç bir çətinliklərlə üzləşməzlər. Onlara qarşı kin-küdurət bəsləyən, buyurduqlarına istinad etməyən kəslər isə təhrif və bu kimi bir çox məsələlərdə çətinliklərlə üzləşəcək, əldə etdikləri nəticə isə batil və əsassız olacaqdır.
İkinci ayə:
«Özlərinə Quran gəldiyi zaman onu yalan hesab edənlər [mütləq cəzalarına çatacaqlar] o [Quran], şübhəsiz ki, çox dəyərli, qiymətli bir kitabdır.
Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. [Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz] o, hikmət sahibi və şükrə, tərifə layiq olan [bütün işləri bəyənilən] Allah tərəfindən nazil edilmişdir.» (Fussilət 41-42).
Ayənin məzmunundan belə məlum olur ki, Quran bütün kitablardan fərqli olaraq toxunulmaz qalmış və öz müqəddəsliyini qoruyub saxlaya bilmişdir.
«Təhrif nəzəriyyəsi»nin tərəfdarları, qeyd etdiyimiz ayə barəsində irəli sürdükləri fərziyyədə deyirlər: Quranın toxunulmazlığı deyildikdə, burada bəyan olunan hökm və qanunların yalan, eyb və nöqsanlardan uzaq olduğu nəzərdə tutulur. Onlar bu barədə Əli ibni İbrahim Qumidən nəql olunmuş rəvayətə istinad edirlər. O, öz təfsirində imam Baqirdən (ə) bu rəvayəti nəql edir: «Quran, nə ondan əvvəl nazil olmuş Zəbur, Tövrat və İncil ilə, nə də sonradan yazılmış kitablarla batil olunar.»
Mərhum Təbərsi «Məcməul Bəyan»da imam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyir: «Quranda keçmiş ümmətlər və gələcəkdə baş verən hadisələr haqda doğru və düzgün məlumatlar verilir. Burada nə yalan, nə də heç bir əsası olmayan fərziyyələr görmək olar.»
Cavab: Ayəni belə mənalandırmaq heç də düzgün olmazdı. Çünki, burada misal olaraq qeyd olunan iki rəvayətin bu mətləblə heç bir əlaqəsi yoxdur. Belə ki, rəvayətlərdə yalnız Quranın, əvvəlki səmavi kitabların (Zəbur, Tövrat, İncilin) batil olunması, keçmiş ümmətlər və gələcək haqda verilən məlumatların həqiqət olması bildirilir.
Quranın [batini və zahiri] xüsusiyyətlərini bəyan edən və ümumiyyət xarakteri daşıyan ayələrə müraciət etdikdə isə, zaman və məkandan asılı olmayaraq, hətta qiyamət gününədək Qurana batil əqidələrin, yalan və iftiraların yol tapmayacağının və toxunulmaz olaraq qalacağının şahidi oluruq. Və əgər ayəni, yalnız Quranda yalan və iftiralara yol verilmədiyi kimi mənalandırsaq, onda Quranın tarix boyu tağut rejimlərə, batil ənənə və əqidələrə zəfər çalmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdən qaçırmış olarıq.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi