Sünnə və hədislərin təhrifə olan baxışı
«Səqəleyn» hədisi və Quranın təhrifi:
Quranın təhrif olunmamasına dəlalət edən ən əsaslı dəlil onun öz ayələridir. Biz bir qədər əvvəl onlardan ikisi haqda ətraflı məlumat verdik. Bu mətləbə dəlalət edəcək ikinci əsaslı dəlil, Peyğəmbərdən (s) nəql olunmuş «Səqəleyn» hədisidir. Hədisdə deyilir:
«Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı(Quran) və digəri isə mənim Əhli-beytimdir.»
Hədisin məzmunundan belə məlum olur ki, Peyğəmbər (s) özündən sonra Quranı və Əhli-beytini (ə) müsəlmanların üzərində canişin təyin etmiş, müsəlmanlar da öz növbəsində qiyamət gününədək bir-birindən ayrılmayacaq bu iki şeyə tabe olmalı və onlara itaət etməlidirlər.
Bu kimi hədislər istər sünnü, istərsə də şiə mənbələrində kifayət qədər nəql olunmuşdur. Buradan biz Quranın təhrif olunmasına dəlalət edən iki əsaslı dəlilə işarə edə bilərik.
1. «Təhrif nəzəriyyəsi»ni qəbul edən müsəlmanlar Qurana istinad etməməklə yanaşı, onun hökmlərinə də əməl edə bilməzdilər. Çünki, təhrifə yol verdikdə ayələrdən bəziləri ya dəyişilməli, ya ixtisara salınmalı, yaxud da onlara müəyyən əlavələr edilməli idi. Bir halda ki, bu müqəddəs kitab nazil olduğu ilk gündən, məzhəbindən asılı olmayaraq hər bir müsəlman tərəfindən oxunmuş və həmçinin onun verdiyi hökmlərə əməl olunmuşdur. Buradan belə bir nəticəyə gəlmək olar ki, «təhrif nəzəriyyəsi» tamamilə batil və əsassızdır.
İzah: «Səqəleyn» hədisi Quranla Əhli-beytin qiyamət gününədək ayrılmaz və əbədi qalacağına dəlalət edir.
Bu səbəbdən də insanların haqqa hidayət olmaları üçün həm Quran, həm də Əhli-beyt (ə) üzvlərindən biri qiyamət gününədək insanların arasında olmalıdır.
Məlum məsələdir ki, əgər insanlar Quran və Əhli-beyti (ə) sevərək onlara tabe olsalar, onların getdikləri hidayət yolunun yolçularına çevrilərlər.
İnsanların haqqa hidayəti və bu yolun həqiqi davamçılarından olmaları, onların zəmanə imamı ilə birbaşa ünsiyyətdə olmalarından asılı deyildir. Çünki, birbaşa ünsiyyət onlar sağ ikən də hamıya müyəssər olmurdu. O ki qaldı qeybət dövründə müəyyən şəxslərin imamla ünsiyyətdə olmalarının zəruriliyini iddia etmələrinə, bu tamamilə əsassız bir iddiadır. Belə ki, şiə məzhəbinin davamçıları istər imamların həyatı dövründə, istərsə də onlar qeybdə olan zaman onlarla ya birbaşa, ya da müxtəlif şəxslərin vasitəsilə ünsiyyətdə olmuşlar. Onlar imamlara qarşı məhəbbət göstərir və onların buyruqlarını həyatın bütün sahələrində həyata keçirərdilər.
Qurana gəldikdə isə, qeyd etmək lazımdır ki, müsəlmanlar bütün mənəvi dəyərləri daim oradan götürmüş və bütün işlərdə onu özləri üçün örnək hesab etmişlər. Onları zəlalətdən səadətə qovuşduran və xoşbəxt həyatlarını təmin edən də məhz Quran olmuşdur.
«Quranın əsli zəmanənin imamındadır» deyənlər isə, böyük səhvə yol vermiş olurlar. Çünki, belə bir halda müsəlmanların istədikləri vaxt Qurana müraciət etmələri heç də asan olmazdı. Bilavasitə haqq-ədalət və hidayət mənbəyi olan Quran, daim müsəlmanların ixtiyarında olmalı və onlar istədikləri vaxt ona müraciət edə bilməlidirlər.
«Səqəleyn» hədisinin Quranın təhrif olunmamasına dəlalət etməsi bundan ibarət idi.
Lakin bu dəlillərə irad tutaraq deyirlər: «Səqəleyn» hədisi Quranın təhrif olunmamasına dəlalət etsə də, burada bütün Quran deyil, yalnız fiqh və şəriət qanunlarının toxunulmamazlığı nəzərdə tutulur. Çünki, müsəlmanlar [şəriət məsələlərində] bütünlüklə Qurana deyil, yalnız fiqhi ayələrə istinad edirlər. Bu hədis həmin ayələrlə əlaqəli olmadığı üçün Quranın təhrif olunmamasına dəlalət edə bilməz.
Cavab: Bu nəzəriyyənin heç bir əsası yoxdur. Çünki bəşəriyyəti haqqa hidayət edən, Quranın müəyyən surələri deyil, Peyğəmbərə (s) 23 il müddətində nazil olmuş bütün surə və ayələridir. İnsanların xoşbəxt həyatını təmin edən və onları səadətə qovuşduran yalnız fiqh ayələri deyil, onun bəşər həyatını hərtərəfli əhatə edən bütün ayələri, o cümlədən əxlaq, rəftar, ailə, siyasət, hüquq, ticarət və s. qanunvericilik ayələri də şamildir. Quranın fəziləti barəsində söhbət açarkən qeyd etdik ki, bəzi ayələrdə keçmiş ümmət və peyğəmbərlərin sərgüzəştləri əhvalat şəklində bəyan olunsa da, əsas məqsəd ilahi hökmlərin izahı və insanların bundan ibrət götürərək haqqa hidayət olmalarıdır. Buna əsasən müsəlmanlar Qurana iman gətirərək onun bütün ayələrinə istinad etmişlər.
«Təhrif nəzəriyyəsi»ni qəbul edənlər arasında elələri də vardır ki, təhrif deyildikdə yalnız vilayət ayələrinin təhrif olunduğunu nəzərdə tuturlar. Bir halda ki, vilayət ayələri də digər ayələr kimi hər bir müsəlman tərəfindən qəbul olunmalı və əməli olaraq sübuta yetirilməlidir. Və belə bir halda bu ayələrdə də təhrifə yol verilməsi sadəcə olaraq qeyri-mümkündür.
Təhrif nəzəriyyəsinin əsassızlığının «Səqəleyn» hədisi vasitəsilə sübuta yetirilməsinin ikinci yolu bundan ibarətdir ki, təhrif məsələsi düzgün olsa, onda Quran tədricən öz etibarını itirəcək və nəticədə dəlil olaraq kimsə tərəfindən mötəbər sayılmayacaqdır. Belə bir çətinliklə qarşılaşan hər bir şəxs, şəkk-şübhəni aradan qaldırmaq üçün Əhli-beytə (ə) müraciət etməli, onların Quran barəsində verdikləri nəzəriyyəyə, yəni bu ilahi kitabın təhrif olunmamasına etiqad bəsləməli və bu barədə heç bir əlavə fərziyyələrə istinad etməməlidir. Çünki, hədisdən əldə etdiyimiz mənaya əsasən Əhli-beyt (ə), Qurandan sonra müsəlmanların istinad edəcəkləri ikinci ən mötəbər mənbədir. Belə bir halda, Quranın təhrif olunduğuna ehtimal verib sonra bu nə
zəriyyənin əsassız olduğunu Əhli-beytin (ə) buyuruqları ilə sübuta yetirməliyikmi?!
«Təhrif nəticəsində Quran öz etibarını itirir» dedikdə isə, ayələrdə olunan ixtisar, əlavələr, dəyişikliklər və bunun nəticəsində məna, məfhum baxımından nəzərə çarpan fərqlər nəzərdə tutulur.
Nəticə: Təhrif nəzəriyyəsindən əldə olunan nəticə, Quranın öz etibarını itirməsi və ayələrin zahiri mənalarına istinad olunmasıdır. Bu isə qeyd etdiyimiz kimi, tamamilə yanlış bir nəticədir. Belə ki, Quranın dəlil olmaması onun təhrif olunduğuna dəlalət edir və belə bir halda bunun sübuta yetirilməsi üçün «icmali elm»dən istifadə olunmasına heç bir ehtiyac duyulmur. Bu halda biz belə bir qənaətə gəlməliyik: Təhrif nəticəsində «icmali elm» yolu ilə bəzi ayələrin zahiri mənalarında yaranmış ixtilaflar artıq bizə bəlli olur və icmali elmə istinad etməklə Quran öz etibarını itirir. Çünki, əgər Quranın zahiri mənasının dəlil olduğunu icmali elm yolu ilə sübuta yetirmək istəsək, cavabında gərək deyək:
Əvvəla, Quranda təhrifə yol verilməsi icmali elmə və ayələrin zahiri mənasında ixtilafın yaranmasına səbəb olmur. Digər tərəfdən isə icmali elm, Quranın zahiri mənalarına istinad olunmasında heç bir təsirə malik deyildir. Çünki, icmali elm yalnız o zaman təsirli ola bilər ki, ona hər tərəfli əməl olunmuş olsun, əks təqdirdə onun heç bir vəzifə təyin etmək səlahiyyəti olmayacaq. Belə olduqda isə icmali elm, Quran ayələrinin zahiri mənalarının şəriət məsələlərini bəyan edən və bəyan etməyən ayələri arasında ixtilafın yaranmasının qarşısını alır. Şəriət hökmlərini bəyan etməyən ayələrə əməl olunmadıqda isə, icmali elm heç bir rol oynamayacaq.
Təhrif nəzəriyyəsinin tərəfdarları bəzən belə güman edirlər ki, Quranın dəlil olması onların istinad etdikləri nəzəriyyə ilə heç də ziddiyyət təşkil etmir. Yəni onlar həm Quranın dəlil olmasını, həm də onun təhrif olunduğunu qəbul edərək, belə bir fərziyyəyə istinad edirlər. Onlar deyirlər: Təhrif nəzəriyyəsini qəbul etməklə yanaşı, Quran ayələrinin zahiri mənalarına da istinad edə bilərik. Çünki, ayələrin zahiri mənalarının dəlil olması təhrif nəzəriyyəsinin etibarsızlığına səbəb olur. Lakin, imamlar mövcud Quranların mötəbərliyini, həmçinin öz səhabələrinin Quranın zahiri mənalarına əməl etmələrini təsdiq etmişlər. Beləliklə, təhrif nəzəriyyəsinin tərəfdarları həm bu nəzəriyyəyə istinad etmək, həm də Quranın zahiri mənalarının imamlar tərəfindən təsdiq olunduğuna etiqad bəsləmək istəmişlər.
Lakin, bu tamamilə batil və əsassız fərziyyədir. Çünki, imamların öz davamçılarını haqqa hidayət etmələri və onların Quran ayələrinin zahiri mənalarına istinad etdiklərini təsdiq etmələri, heç də Quranın dəlil olduğunu sübuta yetirmək məqsədilə olmamışdır. Əksinə onlar, Quran nazil olduğu ilk gündən onun zahiri mənalarının dəyişilmədiyinə istinad etmiş və belə bir saf əqidəyə əsaslanaraq bəşəriyyətin hidayətini öz üzərlərinə götürmüşlər. Yəni, onların mövcud Quranların mötəbərliyini təsdiq etmələri, onun zahiri etibarına deyil, həqiqi dəlil və höccət olduğuna dəlalət edir.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi