Quran xəlifələr tərəfindən təhrif olunmamışdır
Dördüncü dəlil: «Təhrif nəzəriyyəsi»nin tərəfdarları tərəfindən bu barədə üç müxtəlif fərziyyə irəli sürülmüşdür. Quran ya Əbu Bəkr və Ömərin, ya Osmanın, yaxud da başqa xəlifələrin xilafəti dövründə təhrifə məruz qalmışdır.
Quranın Əbu Bəkr və Ömərin xilafəti dövründə təhrif olunmaması haqda:
Bunun həyata keçməsi üç haldan xaric deyildir:
1. Təhrif ya zərurət üzündən, ya da qeyri-iradi olaraq baş vermişdir;
2. Xilafət (hakimiyyət) haqda olan ayələrin bilərəkdən təhrif olunması;
3. Digər ayələrin bilərəkdən təhrif olunması.
1. Bilərəkdən yaranmış təhriflər;
Deyirlər: Quran, Əbu Bəkr və Ömərin xilafəti dövründə bir yerə yığılmadığı üçün onun bütün ayələrinin qorunub saxlanılması mümkün olmamış və bu səbəbdən də bəzi ayələr unudularaq aradan getmişdir.
Cavab: Bu fərziyyə üç əsas səbəbə görə tamamilə batil və əsassızdır:
1. Peyğəmbərin (s) və onun səhabələrinin Qurana və onun tilavətinə olan sonsuz diqqət və əhəmiyyəti, bu nəticəyə gəlmək imkanı verir ki, Quran hələ Peyğəmbərin (s) zamanında bir yerə yığılmış, oradan bir kəlmə, yaxud bir hərf də olsun belə, ixtisara salınmamışdır. Ayələr pərakəndə və ya əzbərləmək yolu ilə olsa da, müsəlmanlar tərəfindən qorunub saxlanılmışdır. Cahiliyyət dövründə yazılmış yüzlərlə şer misralarını əzbərləmiş şəxslərin Quranın əzbərlənməsində səhvə yol vermələrini təsəvvür etmək olarmı?!
O Quran ki, müsəlmanlar onun yolunda həyatın bütün ağırlıqlarına sinə gərir, hətta öz can, mal və əzizlərini belə qurban verməyə razı olurdular. Onlar tarixin qara səhifələrini öz qanları ilə yumuş və Quranın bu günlərədək qorunub saxlanılmasında böyük xidmətlər göstərmişlər. Bütün bunları nəzərə alaraq, bu nəzəriyyə də digər nəzəriyyələr kimi əqli və tarixi dəlillərlə əsassız və batil hesab olunur.
2. Bütün bunlarla yanaşı «Səqəleyn» hədisi bir daha bu ehtimalı batil edir. Çünki, «Səqəleyn» hədisinin Quranın bir hissəsinin aradan getməsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, əgər təhrif olunarsa, Peyğəmbərdən (s) bizlərə gəlib çatan kitabın [Quranın] tam nüsxəsi deyil, yalnız bir hissəsi olacaqdır. Lakin hədisin məzmunundan belə məlum olur ki, Quranın Peyğəmbərdən (s) bizlərə müəyyən hissəsi deyil, tam və kamil nüsxəsi gəlib çatmışdır.
Hədisin məzmununa diqqət yetirdikdə bir daha bunun şahidi olacağıq ki, Quran hələ Peyğəmbərin (s) zamanında toplanmış və vahid nüsxə halına salınmışdır. Belə ki, hədisdə deyilir: «Mən sizin üçün [özünüzdən sonra] iki ağır [əhəmiyyətli] şey qoyuram. Allahın kitabını və Əhli-beytimi.» Demək, Quranı yalnız o zaman kitab adlandırmaq olardı ki, bütün surə və ayələri bir yerə yığılmış olsun.
3. Digər tərəfdən isə müsəlmanlar islamı qəbul etdikləri ilk gündən Qurana böyük əhəmiyyət vermiş və onun vahid nüsxə halına salınmasına xüsusi diqqət yetirmişlər. Əgər müsəlmanların Qurana əhəmiyyət verməyərək onu vahid nüsxə halına salmamalarını fərz etsək də belə, Peyğəmbər (s) o zamanın şəraitini və gələcəkdə yaranacaq ixtilafı, qarşıdurmaları nəzərə alaraq, bunun həyata keçməsinə hamıdan daha çox əhəmiyyət verməli idi. Məgər ona bu işdə mane olan amillər var idimi?!
Bütün bu sualların cavabı mənfidir. Çünki Peyğəmbər (s) həm Qurana, həm də onun vahid nüsxə halına salınmasına hamıdan daha çox diqqət yetirirdi və bunu həyata keçirmək üçün ixtiyarında hər cür imkanlar var idi. Bu səbəbdən də qətiyyətlə deməliyik ki, Quran hələ Peyğəmbərin (s) zamanında yığılmış və vahid nüsxə halına salınmışdır.
2. Siyasi məna daşımayan ayələrin təhrifi;
İrad: Bu haqda irəli sürülmüş başqa bir fərziyyədə deyilir: Birinci və ikinci xəlifə siyasətləri ilə heç bir əlaqəsi olmayan ayələri şəxsi rəylərinə əsasən bilərəkdən təhrif etmişlər.
Cavab: Bu fərziyyə də digər fərziyyələr kimi bir neçə səbəbdən batil və əsassızdır.
Əvvəla belə bir təhrifə heç bir ehtiyac duyulmamışdır. Və məlum məsələdir ki, heç bir adi insan onun şəxsi həyatı və işi ilə əlaqəsi olmayan belə böyük, eyni zamanda qorxulu olan bir işi görməzdi.
Digər tərəfdən isə hər iki xəlifənin hakimiyyəti dövrünə nəzər saldıqda bunun şahidi oluruq ki, islam dini və müsəlmanlar o günlər özünün dirçəliş mərhələsini keçmiş, ictimai, siyasi, dini və s. məsələlər Quranla tətbiq olunmuşdur. Demək, müsəlmanların Qurana böyük əhəmiyyət verdikləri belə bir zamanda, onun kimsə tərəfindən təhrifə yol verilməsi sadəcə olaraq qeyri-mümkün idi. Və eyni zamanda mərkəzi xilafət ilə müxalif olan Səd ibni Ubadə və başqaları o günlər baş verən bütün hadisələri diqqətlə izləyir və bir o qədər də əhəmiyyət kəsb etməyən məsələləri belə nəzərdən qaçırmayırdılar. Əgər xilafət başçıları Quranda təhrifə yol vermiş olsaydı, təbii ki, bu iş müxaliflər tərəfindən etirazla qarşılanar və tez bir zamanda bunun qarşısı alınardı. Lakin tarixi mənbələr bizə bu haqda heç bir məlumat verməyir.
Həzrət Əlinin (ə) mərkəzi xilafətə qarşı çıxış etdiyi «Şəqşəqiyyə» kimi həyacanla dolu olan xütbəsinə nəzər saldıqda belə, biz bu mətləbə toxunulduğunun şahidi olmuruq.
«Quran təhrif olunmuşdur lakin, kimsə buna etiraz etməmişdir» kimi iddia edənlər isə, böyük bir səhvə yol vermiş olurlar. Çünki, tarixdə baş verən böyüklü-kiçikli bütün hadisələr yazılaraq indiki zamana kimi gəlib çatmışsa, əgər doğrudan da islamın və müsəlmanların müqəddəratına böyük təsir göstərən belə bir əhəmiyyətli hadisə baş vermişdisə, sözsüz ki, bu iş tarix kitablarında nəql olunmalıydı.
3. Quranın siyasi xarakter daşıyan ayələrinin təhrifi;
Təhrif nəzəriyyəsinə istinad edən digər şəxslər iddia edirlər ki, Quranın siyasi xarakter daşıyan ayələri birinci və ikinci xəlifə tərəfindən hakimiyyəti əldə saxlamaq məqsədilə təhrif olunmuşdur. Lakin bu, tamamilə əsassız bir nəzəriyyədir. Belə ki, Əli (ə) xilafətdən məhrum olduqdan sonra həyat yoldaşı həzrət Zəhra (ə) və yaxın səhabələri ilə birlikdə xəlifəyə öz etirazlarını bildirir, Peyğəmbərin (s) Əli (ə) haqda buyurduğu hədis və rəvayətləri onlara xatırladırdılar. Əliyə (ə) yaxın olan səhabələr Peyğəmbərdən (s) bu barədə nəql olunmuş Qədr və bu kimi digər mötəbər hədislərə istinad edərək, dəfələrlə mərkəzi xilafətə qarşı öz etirazlarını bildirmişdilər. «İhticac» adlı kitabda səhabələrdən on iki nəfərinin xəlifəyə qarşı çıxışları və istinad etdikləri rəvayətlər açıq-aşkar işıqlandırılmışdır. Bu barədə ətraflı məlumat əldə etmək istəyənlər yuxarıda adı çəkilən kitaba müraciət edə bilərlər.
Bir sözlə, əgər belə bir əhəmiyyətli mövzuya dəlalət edən ayələr təhrif olunsaydı, ilk növbədə Əli (ə) və onun səhabələri tərəfindən böyük etiraza səbəb olar və dərhal həmən təhriflərin qarşısı alınardı.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi