Quranın yığılmasına dair nəql olunmuş rəvəyətlərdə nəzərə çarpan nöqsan və çatışmamazlıqlar
Əvvəlki fəsildə Quranın yığılmasına dair nəql olunmuş rəvayətləri nəzərdən keçirdik. Belə ki, bəzən bu rəvayətlərdən şəxsi məqsədlər üçün sui-istifadə olunmuşdur. Lakin bu rəvayətlərin heç birinin mötəbər olduğu nəzərə çarpmır. Bəzən «təhrif nəzəriyyəsi»nin tərəfdarları da bu rəvayətlərə istinad edərək, Quranın təhrif olunduğuna dair müxtəlif fərziyyələr irəli sürmüşlər. Mötəbər olmadığı bir halda isə, təhrif olub-olmadığı haqda bir söz demək tamamilə əsassız olacaqdır. Biz bu fəsildə rəvayətlərin zəif xüsusiyyətlərini ayrı-ayrılıqda araşdıracaq və onların mötəbər olmadıqlarını sübuta yetirəcəyik.
Birinci xüsusiyyət:
Rəvayətlərdə nəzərə çarpan, oxucuda sual doğuran nöqsan və ziddiyyətlər.
Quran nə vaxt bir yerə yığılmışdır?
Bu məzmunda nəql olunmuş rəvayətlər üç qismə bölünür: İkinci rəvayətdən belə məlum olur ki, Quran Osmanın xilafəti dövründə kitab halına salınmışdır. Lakin birinci, üçüncü və dördüncü rəvayətlərdə bunun Əbu Bəkrin xilafti dövründə həyata keçirildiyinin şahidi oluruq. Yeddinci və on ikinci rəvayətlərdə isə Quranın yığılması Əbu Bəkr və Osmanın xilafəti dövründə deyil, Ömərin xilafəti dövründə göstərilir.
Əbu Bəkrin xilafəti dövründə Quranın yığılmasını kim öz öhdəsinə götürmüşdür?
Birinci və on ikinci rəvayətlərdə bu işin Zeyd ibni Sabitə həvalə olunduğu göstərilir. Dördüncü rəvayətdə isə deyilir: Bu işi Əbu Bəkr özü öz öhdəsinə götürmüşdür. Zeyd ibni Sabit isə onun göstərişi ilə yazılmış nüsxələrə nəzarət edir və onlarda lazımı düzəlişlər aparırdı. Beşinci rəvayətdə isə belə məlum olur ki, bu iş Ömər və Zeyd ibni Sabitə həvalə olunmuşdur.
Quranın yığılması Zeyd İbni həvalə olunmuşdurmu?
Birinci rəvayətdən belə məlum olur ki, Əbu Bəkr Quranın yığılmasını Zeyd ibni Sabitə həvalə etmişdir. Orada deyilir: Əbu Bəkr Zeydə deyir: «Sən cavanlığından öz əql və dərrakənlə hamıdan fərqlənir və sədaqətinlə hamının etimadını qazana bilmisən. Hələ Peyğəmbərin (s) zamanında nazil olan vəhyləri kağız üzərinə köçürür və beləliklə Peyğəmbər (s) və Quranla yaxından ünsiyyətdə ola bilirdin. Gəl bu ağır və eyni zamanda məsuliyyətli işi öz üzərinə götür.» Buradan belə məlum olur ki, Quranın yığılması Zeyd ibni Sabitə həvalə olunmuşdur. Digər rəvayətlərdə isə bu işə başqalarının cəlb olunduğu göstərilir.
Quranın bəzi ayələri Osmanın xilafəti dövrünədək yazılmışdırmı?
Rəvayətlərin bir çoxundan bizə məlum olur ki, Quranın bütün ayələri pərakəndə olasa da, (hələ Peyğəmbərin (s) zamanında) dəri və kağız üzərinə yazılmışdır. Lakin ikinci rəvayətdə hələ Osmanın xilafəti dövründə ayələrdən bəzilərinin kağız üzərinə köçürülmədiyi və onun hafizələrdə saxlanıldığı göstərilir.
Osman özünün xilafəti dövründə yazılmış ayələrdən bəzilərini ixtisara salıbmı?
Rəvayətlərin bir çoxunda Osmanın xilafəti dövrünədək ayələrdən heç birinin ixtisara salınmadığı göstərilir. Lakin dördüncü rəvayətdə Osmanın, özündən əvvəl mövcud olan nüsxələri məhv etməsi və bunun ətraf məntəqələrdə yaşayan müsəlmanlara da əmr olunması göstərilir.
Osman öz nüsxəsini hansı mənbədən yığa bilmişdir?
İkinci və dördüncü rəvayətlərdən belə məlum olur ki, Osman Əbu Bəkrin yığdığı nüsxələrə istinad etmiş və özünün nüsxəsini onun əsasında yığdırmışdır. Altıncı, on dördüncü və on beşinci rəvayətlərdə isə bunun tam əksinə olaraq, Osmanın öz nüsxəsini iki nəfər mötəbər şəxsin şəhadət verməsi ilə yığdırdığı göstərilir.
Quranın yığılmasını Əbu Bəkrdən kim istəmişdir?
Birinci rəvayətdə deyilir: Quranın yığılaraq kitab halına salınmasını ilk dəfə Ömər, Əbu Bəkrdən istəmişdir. Lakin, Əbu Bəkr bundan imtina edir və yalnız Ömərin dəfələrlə israr etməsindən sonra buna razı olur. Sonra Əbu Bəkr, Zeyd ibni Sabiti yanına çağırıb Ömərin irəli sürdüyü təklifi ona da bildirir. Zeyd də bir qədər imtina etdikdən sonra nəhayət bu işə öz razılığını bildirir. Lakin onuncu rəvayətdə bu təklifin Əbu Bəkrə, Ömər və Zeyd tərəfindən edildiyi və Əbu Bəkrin əshabla məşvərət etdikdən sonra onlara müsbət cavab verdiyi göstərilir.
Quranın əsl nüsxəsi hansı xəlifə tərəfindən yığılmışdır və bu nüsxədən köçürüldükdən sonra hansı şəhərlərə göndərilmişdir?
İkinci rəvayətdən, Quranın əsl nüsxəsinin Osman tərəfindən yığıldığı göstərilir. Lakin on ikinci rəvayətdə bunun Ömər tərəfindən həyata keçirildiyinə işarə olunur.
Tövbə surəsinin son iki ayəsi hansı xəlifənin dövründə Qurana əlavə edilmişdir?
Birinci, on ikinci və iyirmi ikinci rəvayətdən belə məlum olur ki, bu iki ayənin Qurana Əbu Bəkrin xilafəti dövründə əlavə olunduğu göstərilir. Lakin səkkizinci və digər rəvayətlərdə bu ayələrin Ömərin xilafəti dövründə Qurana əlavə olunduğu qeyd olunur.
Bu ayələri Quran katiblərinə kim təhvil vermişdir?
Birinci və iyirmi ikinci rəvayətlərdə biz, Əbu Xəzimətin adı ilə rastlaşırıq. Lakin səkkizinci və on birinci rəvayətlərdə bu ayələrin Xəzimət ibni Sabit tərəfindən xəlifəyə təhvil verildiyi göstərilir. İbni Əbdül Bərr bu haqda deyir: Əbu Xəzimə və Xəzimət ibni Sabit iki müxtəlif şəxs olmuşdur və onların arasında heç bir qohumluq rabitəsi olmamışdır.
Bu iki ayənin həqiqətən Quran ayəsi olduğu hansı yolla isbat olunur?
Bu barədə rəvayətlər üç qismə bölünür:
1. Yalnız bir nəfərin şəhadəti ilə sabit olunur;
2. Doqquzuncu və iyirmi üçüncü rəvayətlərdə isə buraya Osmanın da əlavə olunduğu göstərilir;
3. On birinci rəvayətdə isə şəhadət verən kəslərin arasında Ömərin adının birinci çəkildiyinin şahidi oluruq.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi