Quran Peyğəmbərliyi sübuta yetirəcək dəlildir
Quran həzrət Məhəmmədin (s) peyğəmbərliyinin həqqaniyyətini sübuta yetirmək üçün nazil olmuşdur. Nazil olduğu ilk gündən öz müxaliflərini mübarizə meydanına çağırmış və onlara Quranın surələrinə oxşar heç olmasa bir surəni gətirmələrini təklif etmişdir.
Peyğəmbərin (s), müşriklərlə mübarizə meydanına çıxması Quranın ilahi möcüzə olduğunu bir daha sübuta yetirir. Buradan belə məlum olur ki, ərəblər Quranı asanlıqla başa düşüb və onun zahiri mənalarını olduğu kimi dərk edə bilirmişlər. Çünki, əgər Quran ayələrinin başa düşülməsi çətin və müəmmalı olsaydı, əvvəla nə müşriklər mübarizə meydanına çağırılar, nə də onun ilahi möcüzə olduğu isbat olunardı. Və belə olduğu bir halda insanların haqq-ədalətə, imana dəvət olunmaları heç bir məna kəsb etməzdi.
Quran, müsəlmanların müraciət etdikləri ən böyük və ən mötəbər mənbədir
Nəql olunmuş bir çox rəvayətlərdə müsəlmanların Peyğəmbərin (s) tövsiyə etdiyi «Səqələyn»ə (Quran və Peyğəmbərin (s) Əhli-beytinə) müraciət etmələri və bütün işlərini onlarla tətbiq etmələrinə təkid olunmuşdur. Bu isə Quranın zahiri mənalarının asanlıqla başa düşülməsini və həyata keçirilməsinin vacibliyini bir daha sübuta yetirir.
Quran rəvayətlərin məhək daşıdır
Bir çox mütəvatir rəvayətlərdən bizə məlum oldu ki, nəql olunmuş rəvayətlər Quranla tətbiq olunmalı və bununla da onun mötəbər olub-olmaması aşkara çıxarılmalıdır. Daha dəqiq desək, Quranla müvafiq olan rəvayətlər qəbul olunmalı, digər rəvayətlər isə kənara qoyularaq istinad olunmamalıdır.
Nəql olunmuş yüzlərlə mütəvatir rəvayət Quranın zahiri mənasının dəlil olmasını açıq-aşkar isbat edir. Çünki, anlamı bir o qədər də asan və heç bir etibarı olmayan hər hansı bir mətnlə rəvayətləri tətbiq etmək düzgün olmazdı.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi