İncil və Tövratda Həzrət Məhəmmədin (s) Peyğəmbərliyi haqda
Quran, Tövratda və İncildə həzrət Məhəmmədin (s) zühur edəcəyi haqda xəbər verildiyinə dəfələrlə işarə etmişdir.
«O kəslər ki, əllərindəki Tövratda və İncildə [adını, vəsfini və əlamətlərini] yazılmış gördükləri rəsula-ümmi [heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli] peyğəmbərə tabe olurlar. [O peyğəmbər] onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər.» (Əraf-157).
«Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğulları! Həqiqətən mən, özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə [sizə] müjdə verən Allahın elçisiyəm!» (Səf-6).
Bununla yanaşı, tarixə nəzər saldıqda Peyğəmbərin (s) dövründə kitab əhlindən, yəni məsihi və yəhudilərdən bir çoxunun Peyğəmbərə (s) iman gətirərək islamı qəbul etdiklərinin şahidi oluruq.
Kitab əhlinin kütləvi şəkildə islamı qəbul etməsi, Tövrat və İncildə həzrət Məhəmmədin (s) zühuru haqda xəbər verilməsini bir daha sübuta yetirir.
Çünki əgər bu kitablarda Məhəmmədin (s) zühur edəcəyi haqda xəbər verilməsəydi, yəhudi və məsihilər çox asanlıqla onu təkzib edər və ona iman gətirmək fikrinə düşməzdilər. Qəlblərində kin-küdurət olmayan, həzrət Musa və İsaya (ə) iman gətirmiş şəxslər təbii ki, peyğəmbərlərin sonuncusu və ən şərəflisi olan Məhəmmədə (s) də iman gətirməli idilər.
Onlara iman gətirməyənlər isə, Məhəmmədin (s) peyğəmbərliyini qəbul edib ona iman gətirmələri üçün möcüzə görməli idilər. O ki qaldı Məhəmmədin (s) möcüzələrinə, Qurandan başqa onun bir çox digər möcüzələri də olmuş və bəşəriyyətin haqqa hidayət olması üçün digər peyğəmbərlərin möcüzələrindən daha böyük təsir göstərmişdir. Çünki, onun möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlər zaman və etibar baxımından digər peyğəmbərlərin möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlərdən daha yaxın və daha mötəbərdir.
1. Quran ayələri nəinki möcüzəni inkar etmir, hətta onları sübuta belə yetirir;
2. Möcüzə, peyğəmbərin ixtiyarından xaric bir işdir. Belə ki, o yalnız Allahın istək və iradəsilə möcüzə göstərə bilər;
3. Peyğəmbərlik iddiası edən şəxs iddiasını sübuta yetirmək üçün möcüzə göstərməlidir. Lakin, Allah-taala bundan artıq nə ona möcüzə izni verməli, nə də özü möcüzə göstərməlidir. İnsanların bütün istəklərinə, o cümlədən onların hər dəfə möcüzə istəyinə müsbət cavab vermək düzgün təvəqqö deyildir.
4. Möcüzə inkar və təkzib olunduğu zaman insanların əzab və fəlakəti ilə nəticələnir. Lakin müşriklər bu qəbildən olan möcüzələri istədilərsə də, müsəlman ümməti belə bir fəlakətə düçar olmadı;
5. Əbədi olan yeganə möcüzə, Allah tərəfindən peyğəmbərlərin sonuncusu olan həzrət Məhəmmədə (s) nazil olmuş Qurani-kərimdir. Məhəmməd (s), qiyamət gününədək qalacaq bu ilahi möcüzə ilə müşrikləri mübarizə meydanına, ona iman gətirmiş şəxsləri isə haqq-ədalətə dəvət edirdi;
6. Məhəmmədin (s) möcüzələri mütəvatir olaraq sübuta yetməklə yanaşı, Tövrat və İncildə də o həzrətin zühur edəcəyi haqda əvvəlcədən xəbər verilmişdir;
7. Məhmmədin (s) möcüzələri çox olsa da, Qurandan başqa onların hamısı yaşadığı zaman və məkana aid olmuşdur. Bu möcüzələrin heç biri keçmiş peyğəmbərlərin möcüzələri kimi əbədi olmamışdır.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi