İslam Peyğəmbərinin möcüzəsinin digər Peyğəmbərlərin möcüzəsindən üstünlüyü
Bu haqda məlumatı olan hər bir şəxs, Peyğəmbərin (s) ən böyük möcüzəsi olan Quranın, keçmiş peyğəmbərlərin möcüzəsindən daha əhəmiyyətli olduğunu çox gözəl dərk edir. Ötən fəsillərdə Quranın bəzi möcüzəvi xüsusiyyətlərinə və onun digər peyğəmbərlərin möcüzələrindən daha üstün olduğuna dair qısa məlumat verdik.
Lakin Peyğəmbərin (s) möcüzəsi yalnız Quranın nazil olması ilə bitmir. Qurani-kərimdən başqa onun digər möcüzələri də olmuş və bəzi xüsusiyyətləri ilə onlarla şərik olmuşdur. Quran isə ona xas olan əbədi və ilahi möcüzədir.
Quranın digər möcüzələrdən üstünlüyünə və Peyğəmbərin (s) digər möcüzələri ilə keçmiş peyğəmbərlərin möcüzələri arasında olan oxşar xüsusiyyətlərə dair iki mühüm şeyə istinad edə bilərik:
1. Mütəvatir hədis və rəvayətlər;
Müsəlmanlar Peyğəmbərin (s) möcüzələrinə dair yüzlərlə hədis və rəvayətlər nəql etmiş, bu barədə əqidə ixtilaflarının olmasına baxmayaraq, saysız-hesabsız kitab və elmi əsərlər yazıb yaratmışlar.
Peyğəmbərin (s) möcüzəsi haqda nəql olunmuş mütəvatir hədislərin, kitab əhlinin öz peyğəmbərlərinin möcüzələri haqda nəql etdikləri hədislərdən iki üstün xüsusiyyəti vardır:
a) Zaman yaxınlığı;
Peyğəmbərin (s) göstərdiyi möcüzələr haqda nəql olunmuş hədis və rəvayətlər zaman baxımından olduqca yaxın və qısa müddətli idi. Bu səbəbdən də bu haqda məlumat əldə etmək bir o qədər də çətin deyildi.
b) Hədislərin mütəvatirliyi və çoxluğu.
Peyğəmbərə (s) iman gətirmiş və onun möcüzələrini öz gözləri ilə müşahidə etmiş şəxslərin sayı minlərlə olduğu üçün təbii ki, bu haqda nəql olunmuş hədis və rəvayətlər də mütəvatir və çox olmalı idi. Həzrət İsaya (ə) və Musaya (ə) iman gətirənlərin sayı az olduqları üçün onların möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlər də olduqca azdır.
Demək həzrət İsa və Musanın (ə) möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlər çox və mütəvatirdisə, həzrət Məhəmmədin (s) möcüzələri haqda nəql olunmuş hədis və rəvayətlər daha çox mütəvatir olmalıdır.
2. Peyğəmbərin (s) digər peyğəmbərlərdən üstünlüyünün vacibliyi.
Həzrət Məhəmmədin (s) keçmiş peyğəmbərlərin möcüzələrinə yiyələnməsinə dəlalət edən ikinci dəlil bundan ibarətdir ki, o Həzrət keçmiş peyğəmbərlərin bir çoxunun göstərdiyi möcüzələri həyata keçirmiş və bununla da öz həqqaniyyətini sübuta yetirmişdir. Məhz belə bir xüsusiyyətə malik olduğu üçün o, özünü digər peyğəmbərlərdən üstün və ən başlıcası isə peyğəmbərlərin sonuncusu olduğunu bildirmişdir. Onun digər peyğəmbərlərdən üstün olma xüsusiyyəti bütün peyğəmbərlərin yiyələndiyi möcüzələrə malik olmasını tələb edir. Belə ki, əgər bir şəxs başqalarından üstün olarsa, bəzi xüsusiyyət baxımından onlardan naqis olması qeyri-mümkündür. Məsələn, təbabət elmində hamıdan bilikli olduğunu iddia edən hər hansı bir şəxs, bəzi xəstəliklərin müalicəsinin öhdəsindən asanlıqla gəlməlidir. Əks halda ziddiyyət meydana gələr. Çünki, bir tərəfdən o hamıdan bilikli və bacarıqlı olduğunu iddia edir, digər tərəfdən isə adi bir xəstəliyin öhdəsindən gəlməyə çətinlik çəkir. Bu səbəbdən də tarixə nəzər saldıqda görürük ki, peyğəmbərlik iddiası edən şəxslər, onlardan möcüzə tələb olunmasın deyə, möcüzəni qətiyyətlə inkar etmiş və bu məzmunda nazil olmuş Quran ayələrini müxtəlif mənalarda yozmağa cəhd göstərmişlər.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi