382. Nifaq
1738.Nifaq
Qur‘an:
«Nəticədə, Allaha verdikləri və'də xilaf çıxdıqlarına və yalan danışdıqlarına görə, Allah da onların ürəyində Ona qovuşacaqları günə qədər nifaqın izlərini saxladı.»
Hədis:
6211.Allahın Peyğəmbəri (s): «Nifaq əvvəlcə bir qara nöqtə kimi zahir olur və nifaq artdıqca həmin nöqtə də böyüyür. Nifaq təkmilləşəndə, qəlb tamamilə qaralır.»
6212.İmam Əli (ə): «Nifaq, şirkin qardaşıdır.»
6213.İmam Əli (ə): «İnsanın münasib zahir və münafiq batininin olması necə də pisdir!»
6214.İmam Əli (ə): «İnsanın nifaqı, onun özündə hiss etdiyi rəzillikdən yaranır.»
1739.Münafiqin xüsusiyyətləri
Qur‘an:
«Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki, əslində Allah onları aldadır. Onlar namaza durduqları zaman tənbəlliklə qalxar, özlərini xalqa göstərər və Allahı olduqca az yad edərlər. Onlar (imanla küfr arasında) tərəddüddədirlər, nə bunlarladırlar, nə də onlarla. Allahın azdırdığı şəxs üçün heç bir yol tapa bilməzsən.»
Həmçinin müraciət et: «Bəqərə» 8, 20; «Ali-İmran» 167, 168; «Nisa» 61, 138, 145; «Ənkəbut» 10, 11; «Muhəmməd» 30; «Mucadilə» 14,16.
6215.Allahın Peyğəmbəri (s): «Münafiq və’d verəndə və’dinə xilaf çıxan, bir iş görəndə onu faş edən (aləmə car çəkən), danışanda yalan deyən, əmanət tapşırılanda xəyanət edən, ruzi veriləndə özbaşınalıq edən və ruzi verilməyəndə (yoxsullaşanda) isə hiyləgərliyə əl atan kəsdir.»
6216.Allahın Peyğəmbəri (s): «Münafiqin gözləri onun ixtiyarındadır, istədiyi kimi ağlayır.»
6217.Allahın Peyğəmbəri (s): «Münafiqlərin bir sıra nişanələri var və onlar həmin nişanələrlə tanınarlar: salamları lənətdir, çox yeyən və qarınquludurlar, qənimətləri çalıb-çaparlar, məscidlərə yalnız ikrah və riyakarlıqla yaxınlaşarlar, namazı onun axır vaxtında qılarlar, özlərini böyük tutarlar, belə ki, heç kəslə qaynayıb qarışmırlar və heç kəs də onlarla ünsiyyət yaratmır, axşam quru çubuq kimi düşərlər (gecə oyaq qalıb ibadətlə məşğul olmazlar) və gündüz mübahisə və səs-küy etməklə səslərini ucaldarlar.»
6218.Allahın Peyğəmbəri (s): «Kimliyindən asılı olmayaraq batini ilə zahiri bir-birinə zidd olan kəs münafiqdir.»
6219.Allahın Peyğəmbəri (s): «Bizim nəzərimizdə bədənin müt‘iliyinin qəlbin müt‘iliyindən çox olması nifaqdır.»
6220.İmam Əli (ə): «Münafiq başını qarışdırmaq üçün baxır, sükutu qəflətlədir, danışanda boş şeylər danışır, imkanlı olanda tüğyan edir, çətinliyə düşəndə fəryad qoparır. Tez narahat olur və gec razı qalır. Allah tərəfindən olan aza narazılıq edir və çox da onu razı salmır. Beynində çoxlu şər niyyətlər dolandırır və onların bir qədərini gerçəkləşdirir. Hansısa bir pis işi görməməsinə təəssüflənir.»
6221.İmam Əli (ə): «Əgər bu qılıncımla, mənə qarşı düşmənçilik etsin deyə, möminin burnunu kökündən vursam da, əsla düşmənçilik etməz. Əgər bütün dünyanı münafiqin ayağına töksəm ki, məni sevsin, məni əsla sevməz. Bunun səbəbi qəzavü-qədər qələminin belə yazması və bu ilahi təqdirin yazıb-oxumamış Peyğəmbərin (s) dilindən söylənilməsi və «Ey Əli, heç bir mömin səninlə düşmənçilik etməz və heç bir münafiq səni sevməz.» buyurmasıdır.»
6222.İmam Səccad (ə): «Münafiq çəkindirər, özü isə çəkinməz, başqalarına əmr etdiyini özü yerinə yetirməz, namaz qılanda sağa-sola baxar, ruku edəndə özünü (qoyunlar kimi) yerə atar (yəni rukudan sonra qalxmaz və elə həmin halda səcdəyə gedər), səcdə edəndə (qarğa və dən yeyən digər quşlar kimi) yerə dimdik vurar və oturanda «çöməltmə» halında oturar, axşam olanda oruc tutmamasına baxmayaraq elə hey yemək fikrində olar və gündüz axşam oyaq qalmamasına baxmayaraq bütün fikri-zikri yatmaq olar. Əgər sənə bir söz (yaxud hədis) desə, yalan deyər və əgər və’d versə, və’dinə xilaf çıxar. Əgər ona inanıb əmanət tapşırsan, sənə xəyanət edər və əgər ona qarşı çıxsan, arxanca danışaraq qeybətini edər.»
6223.İmam Sadiq (ə): «Dörd şey nifaqın nişanələrindəndir: daşqəlblilik, gözdən yaş gəlməməsi, günahı davam etdirmək və dünyaya hərislik.»
1740.Ən aşkar münafiq
6224.İmam Əli (ə): «Ən aşkar münafiq o kəsdir ki, (başqalarını Allaha) itaətə də‘vət edir, amma özü ona əməl etmir və (başqalarını) günahdan çəkindirir, amma özü ondan əl çəkmir.»
6225.İmam Əli (ə): «İnsanların ən münafiqi, (başqalarını Allaha) itaətə əmr edərək özü əməl etməyən və başqalarını (günahdan) çəkindirərək özü çəkinməyəndir.»
1741.Dilli münafiqdən çəkinmək
6226.İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) mənə buyurdu: «Mən ümmətim üçün nə mömindən qorxuram və nə də müşrikdən. Çünki Allah möminin qarşısını imanı vasitəsi ilə alır və şirkinə görə də müşrikin kökünü kəsir. Mənim sizə görə qorxum, sizin etiqadlarınızın əsasında danışan və etiqad bəslədiyinizə zidd işlər görən dilli münafiqdəndir.»
1742.Münafiqlərin məhşərə gətirilmələri və onların aqibəti
Qur‘an:
«Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu və’d etmişdir. O atəş onlara kifayətdir. Allah onları lənətlədi. Onları əbədi əzab gözləyir.»
«Əlbəttə, münafiqlərin yeri cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan.»
Hədis:
6227.Allahın Peyğəmbəri (s): «Qiyamət günü ikiüzlü şəxs, bir dili boynunun arxasından və bir dili önündən asılmış və onlarda şö'lələri onun bədənini bürüyən od yandırılmış halda gələcəkdir. Sonra ona deyiləcək: «Bu, dünyada ikiüzlü və ikidilli olmuş şəxsdir.» O, qiyamət günü belə tanınacaq.»
6228.Allahın Peyğəmbəri (s): «Dünyada ikiüzlü olan şəxs qiyamət günü məhşərə alov içində olan iki üzlə gələcəkdir.»
1743.Nifaqı aradan götürən amillər
6229.Allahın Peyğəmbəri (s): «Mənə və əhli-beytimə salavat göndərmək nifaqı aradan aparır.»
6230.Allahın Peyğəmbəri (s): «Mənə uca səslə salavat göndərin. Çünki bu, nifaqı aradan aparır.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild