1220. Bir-biri ilə düşmənçiliyin yasaq olunması.
4026. Allahın Peyğəmbəri (s): «Cəbrayıl (ə) heç bir şey barədə camaatla düşmənçilikdən uzaq durmaq qədər mənə tövsiyyə vermədi.»
4027. Allahın Peyğəmbəri (s): «Bütpərəstlik mənə yasaqlanandan sonra heç bir şey camaatla çəkişmək qədər qadağan olunmadı.»
4028. Allahın Peyğəmbəri (s): «Kim camaatla dava-dalaş etsə, mürvəti itər və hörməti yox olar.»
4029. İmam Əli (ə): «Nadanlığın zirvəsi camaatla düşmənçilikdir.»
4030. İmam Baqir (ə): «Dava-dalaşdan çəkinin. Çünki, bu iş ürəyi puç edər və nifaq yaradar.»
1221. Düşmənçilik toxumu.
4031. İmam Əli (ə): «Düşmənçiliyin səbəbi düşüncəsizlikdir.»
4032. İmam Əli (ə): «Hər bir şeyin toxumu var. Düşmənçiliyin toxumu da zarafatdır.»
1222. Düşmənçiliyə layiq olanlar.
Qur‘an: «Ey iman gətirənlər! Əslində arvad və uşaqlarınızın bəziləri sizin düşmənlərinizdir. Onlardan çəkinin. Güzəşt edib göz yumsanız və günahlarını bağışlasanız, Allah həqiqətən bağışlayan və mehribandır.»
Hədis: 4033. İmam Əli (ə): «İnsanın qarnı onun düşmənidir.»
4034. İmam Cavad (ə): «Sənin ürəyinin istəklərinə tabe olduğuna görə doğru yolu səndən gizlədən, şübhəsiz ki, səninlə düşmənçilik etmişdir.»
1223. Düşmənlərin ən düşməni.
4035. Allahın Peyğəmbəri (s): «Sənin ən yağı düşmənin, iki böyrünün arasında olan nəfsindir.»
4036. İmam Əli (ə): «İnsanların ən yağı düşməni, onun qəzəb və şəhvətidir. Kim bu ikisinə üstün gəlsə, məqamı yüksələr və öz məqsədinə çatar.»
1224. Özünü düşməndən amanda saymaq olmaz.
4037. İmam Əli (ə): «Kim öz düşmənindən qafil olsa, təxribatlar onu qabağına qatıb aparar.»
4038. İmam Əli (ə): «Kim (öz düşmənindən) qafil olsa, (düşmənləri) ondan qafil olmazlar.»
4039. İmam Əli (ə): «Heç bir düşməni aşağı tutma, aciz olsa belə.»
1225. Düşmənlərin barışığını qazanmaq.
4040. İmam Əli (ə): «Kim öz düşmənini barışığa doğru çəksə, özününkülərin (dost və yavərlərinin) sayını artırar.»
4041. İmam Əli (ə): «Kim öz düşmənini barışığa çəksə, muradına çatar.»
1226. Düşmənlərə qarşı münasib silah.
4042. Loğman (ə) (Övladına tövsiyəsindən): «Övladım! Düşmənə qarşı silahlanmalı və nəticədə onu yerə sərməli olduğun şeylərdən biri də budur ki, onunla yağlı, yumşaq dillə danışasan ki, içindəkilər ona aşkar olmasın və özünü sənə qarşı hazırlamasın.»
1227. Camaatın bilmədiyi şeylə düşmənçiliyi.
4043. İmam Əli (ə): «Camaat bilmədiyi şeyin düşmənidir.»
Mənbə: "Mizanul – hikmət (xülasəsi) 2-ci cild"kitabı