Mədinəyə köçmə
Peyğəmbərin (s) hicrəti – İslam tarixində, bəşəriyyət tarixində dönüş nöqtəsi olan bu hadisə bir çox çətinliklərə baxmayaraq, baş verdi. Peyğəmbər (s) tezliklə Mədinənin kənarındakı bir yerdə özünə mənzil seçdi. Özü və yaxın adamlarının bir dəstəsi burada sakin olduqdan bir müddət sonra Əliyə (ə) sifariş göndərdi ki, Mədinəyə hərəkət etsin və Fatimələri də özü ilə gətirsin. Fatimələr üç nəfər idilər: Əlinin (ə) anası Fatimə bint Əsəd, Peyğəmbərin (s) əmisi Zübeyr bin Əbdül Müttəlibin qızı Fatimə və Allahın Elçisinin (s) qızı Fatimeyi-Zəhra (ə). Əli (ə) Allahın Elçisinin (s) göstərişi ilə ismət və namus pərdəsi olan bu qadınlarla birgə karvanla Məkkədən yola düşdü. Əhvalatdan xəbər tutmuş müşriklər də belə bir saatı gözləyirdilər. onlar bu kiçik, lakin şöhrətli karvana hücum edib, öz kin və ədavətlərini göstərmək istəyirdilər. Odur ki, həyasız müşriklər cahiliyyə dövründə ərəb kişiləri arasında mövcud olan mərdlik keyfiyyətlərinin əksinə olaraq bir dəstəni silahlandırıb həmin karvanın ardınca yola saldılar. Alçaq təbiətli, yaramaz müşriklər o şərəfli və namuslu qadınların karvanına yaxınlaşarkən küfr və iman döyüşlərinin nərə çəkən şiri, haqq və batil savaşlarının pəhləvanı Əli – fəryadının səsi canlara lərzə salan, qılıncının parıltısı gözləri qamaşdıran o igid – hücum çəkən düşmənlərə sarı gəldi. Birbaşa o yaramazların qabağında dayandı. Canlara qorxu salan qılıncını çəkib dinsizlərin üstünə elə hücum çəkdi ki, onlar bir neçə andan sonra müqavimət göstərə bilməyib geri çəkildilər və qaçmağa üz qoydular. Beləliklə, Əli (ə) İslamın və müsəlmanların namusunu igidliklə müdafiə etdi və əziz, hörmətli Fatimələri bu təhlükədən qurtararaq Mədinəyə çatdırdı.
O səhnəni kim gözləri önünə gətirib canlandıra və hiss edə bilər ki, əziz Fatimələr o qorxulu anlarda necə bərk həyəcan və iztirab içində idilər? Xüsusilə də kim duya bilər ki, kiçik Fatimə əziz atasının qəddar düşmənlərini bir neçə nəfərlə əllərində yalın qılınc onların üstünə hücum etdikləri o anlarda nələr düşünür, hansı iztirablı hisslər keçirirdi?! Axı onların can və namuslarını qorumaq üçün yanlarında yalnız bircə kişi var idi... Doğrudan da, belə halları təsvir etməkdə tarixin dili necə də zəif və qısadır. Çünki olmuşları, hadisələri yalnız qeyd edə bilir. Həmin hadisələr baş verərkən ayrı-ayrı şəxslərin hansı hiss-həyəcanlar keçirdiklərini isə əsla çatdıra bilmir...
Beləliklə, karvan Mədinəyə daxil oldu. Fatimeyi-Zəhra (ə) əziz atasının özü üçün müvəqqəti yaşayış yeri seçdiyi Əbu Əyyub Ənsarinin evinə gəldi. O, istəkli atasının gözəl sifətini görən kimi gözləri işıqlandı. Özünü atasının məhəbbətlə dolu qoynuna atdı, orada yenidən öz rahatlıq və aramını tapdı. Lakin o qorxulu səfərin xatirəsi əsla yadından çıxmırdı. Əlinin (ə) bir qrup silahlı müşriklər qarşısında çəkinmədən təkbaşına dayanması və onları qoruması səhnəsi gözləri önündə hey canlanırdı. Bəli, bu xatirə də başqa canlı xatirələrə qarışdı və beləliklə, onun ali şəxsiyyətinin təkmilləşməsində mühüm rol oynadı. Bütün bu hadisə və xatirələr, müsibət və əzablar onun kamil bir insan səviyyəsinə yüksəlməsində, həyatın acısını və şirinini dadmış təcrübəli və yetkin bir şəxsiyyət kimi yetişməsində, bəşəriyyət üçün, xüsusilə də müsəlman cəmiyyəti üçün böyük hədiyyələr bəxş etməsində öz müsbət təsirini göstərdi.
Bəli, belə bir qəhrəman qadın öz həyatında bu cür hadisə və müsibətlərlə üzləşməli idi ki, o cür misilsiz şəxsiyyət səviyyəsinə yüksəlsin və həqiqi qəhrəman imamların anası olsun...
Fatimeyi-Zəhra (ə) Mədinədəki həyatının böyük atasının himayəsində davam etdirir və belə bir atanın xüsusi tərbiyəsindən bəhrələnirdi. O cür bənzərsiz paklıq və fədakarlığı görür, o həzrətin gecələr oyaq qalaraq ibadət etməsini, İslam və Allah yolunda yorulmaq bilmədən fəaliyyət göstərməsini öyrənir, həyat və iman dərsi keçir, bütün bunları öz həyatı üçün məşq edir və beləliklə, özünü gələcək günlərə hazırlayırdı...
Çox qəribədir ki, bu hadisələr bir-birinin ardınca baş verirdi və bütün bu dərslər arasıkəsilmədən Fatimənin (ə) öyrəndiklərini, qazandıqlarını artırırdı. Hələ İslam peyğəmbərinin (s) hicrətindən bir il keçməmişdi ki, müşriklər İslam cəmiyyətinin gücünün artmasından xəbər tutub qorxuya düşdülər. Günbəgün artan bu qüdrətin qarşısında sonra dayana bilməyəcəklərindən qorxan bu düşmənlər İslam qüdrətini, İslam cəmiyyətini dərhal yox etmək qərarına gəldilər. Ona görə də İslamın yeni yaranmış qərargahına hücuma – yürüşə hazırlıq gördülər. Bunun üçün onlar qoşun və silah yığmağa başladılar.