Kamal və fəzilətlərin başlıca mənşəyi
Fatimənin (ə) bütün həyatı misilsiz kamal və fəzilətlərdən, bənzərsiz üstünlük və səciyyəvi xüsusiyyətlərdən xəbər verir. O həzrətə məxsus bu keyfiyyətləri dünya tarixində nəinki heç bir qadında, hətta pak peyğəmbərlik məqamından və müqəddəs imamlıq nəslindən başqa heç bir kişidə belə tapmaq mümkün deyil.
Bütün bu kamal və fəzilətlər haradan başlayır, öz mənşəyini haradan götürür?
Məlum olduğu kimi, müasir elm valideynin bəzi xüsusiyyətlərinin irsən övladlarına keçməsini sübut edir. Bununla belə Fatimənin (ə) həyatında daha mühüm bir məsələ vardır: O həzrətin ilk tərbiyəçisi, ilk böyük müəllimi – ulu Peyğəmbər (s) gözünün işığını, qəlbinin meyvəsini, dünya xanımlarının xanımını lap körpəlikdən kamal və fəzilətlərin əsl kökü, mənşəyi ilə tanış etmiş və onun canını – qəlbinin təşnəliyini Quranın zülal kimi həyat bəxş edən suyu ilə doyurmuşdu. Bəli, İslamın ilk böyük Peyğəmbəri (s) əziz qızını həmişə Quranın sahilsiz okeanına, Onun ayələrinin mənalı və tərbiyəedici dərinliyinə baş vurmağa çağırır və bu səma Kitabındakı incə mətləbləri, rəmzləri açıqlayırdı. Yalnız ulu Peyğəmbər (s) həmin mətləbləri öyrənmək səadətini qazanmışdı. Peyğəmbər (s) istəyirdi ki, qızının canını Quranın ətirli nəfəsilə təravətli etsin. O həzrət (s) mübarək ömrünün son anlarında da bu tövsiyəsini təkidlə əziz qızına buyururdu.
Tarixçilər yazırlar ki, Allahın Rəsulu (ə) bu dünyadan köçərkən Fatimə (ə) atasının başı üstündə duraraq yaşlı gözlərilə o İlahi simaya baxır və dərd-qəmin şiddətindən bu şeri zümzümə edirdi:
Ağ bənizli o kişinin parlaq simasının bərəkətindən Yetimlərin və dul qadınların fəryadına yetmək üçün buluddan su istəyirlər. İndi həmin o şəxs aramızdan gedir...
Birdən kəramətli Peyğəmbər (s) gözünü açdı və Zəhraya (ə) müraciətə dedi: "Qızım, bu şer əmin Əbu Talibindir, mənim mədhimə qoşmuşdur onu. Qızım şer oxuma, Quran oxu.”
Peyğəmbər (s) bu mübarək kəlamı ilə öz qızının gələcək nəsillərin qızlarının hafizəsinə həkk etdirdi ki, onların əsl səadət və xoşbəxtliyi şer və nəğmələrdə yox (hətta İslam peyğəmbərinin (s) mədhinə, tərifinə aid olsa belə), Quranda və İlahi kəlamlarındadır. Bəli, şairlərin şer və nəğmələri yox, Quran bəşərin ruhi və fikri qidasını təmin edə bilər. Şer və nəğmələr ən yüksək səviyyədə və ən düzgün, ən layiqli şəxslərin qələmindən çıxmış olsa belə, əgər öz mayasını Qurani-Məciddən götürməmiş olsa, İslamın və hörmətli Peyğəmbərin (s) fikrincə, oxunmağa layiq deyillər.
Bəli, Fatimə belə nəsihət və moizələri çox dinləmiş, alicənab atasından həyat dərsi almış, Qurani-Məcidin mənşəyini yaxşıca dərk etmiş və bu İlahi kitabındakı fəzilətləri, sonsuz əxlaqi-mənəvi dəyərləri incəliyinə qədər anlamışdı.
Bütün bunlara onu da əlavə etmək lazımdır ki, Fatimənin (ə) atasına olan əlaqəsi bir qızın atasına bəslədiyi hisslərdən qat-qat güclü və alovlu idi. O, atasını dərin bir məhəbbətlə sevirdi. Lakin bu qız da atası kimi adi deyildi. O, Peyğəmbərin (s) özünün buyurduğu kimi, "atasının anası” idi. Atası qürbətdə və tənha olarkən onun əzablarına təsəlli bəxş edəni, qəmli-kədərli anlarında qəmçəkəni, müharibədə-cihadda döyüş və səngər yoldaşı, Şibi-Əbu Talibdə mühasirədə olarkən daima hüzurunda duranı, o həzrətin qəlbinin, həyatının şirin meyvəsi, sonbeşiyi, ömrünün tənha çırağı, Əlinin (ə) ömür-gün yoldaşı, o böyük din rəhbərlərinin – Peyğəmbərin (s) nəvələrinin anası idi. Bəli, bütün bu keyfiyyətlər, misilsiz imtiyazlar bəşəriyyət tarixində yalnız bir qadına məxsusdur. O böyük və müqəddəs xatuna, bənzərsiz və mübarək xanıma – Fatiməyə (ə) məxsusdur.
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild