Fatimeyi-Zəhra (ə)-ın anası
Böyük İslam qadınının böyük atasının tərifi haqqında müqəddəs ilahi kəlamı ilə tanış olduq. İndi isə o həzrətin anası haqqında söz açmaq yerinə düşər.
Fatimeyi-Zəhranın (ə) hörmətli anası – Peyğəmbərin gözünün nurunu, imamlıq bağının gülünü tərbiyə etmiş o namuslu qadın haqqındakı söhbətimizə bir anlığa fasilə veririk. Gücümüz çatdığı qədər, eyni zamanda mövzudan uzaq düşmədən bu barədəki söhbətimizi davam etdirəcəyik. Ümumiyyətlə, hər hansı bir şəxsiyyət, hətta adi bir şəxs haqqında söz açarkən onun anası barədə də danışmaq, anasının tərbiyəvi rolunu göstərmək məqsədəuyğundur. Ona görə biz də o böyük İslam qadını haqqında danışarkən, onun anasının da tanıdılmasını, görkəmli xidmətlərinin qeyd edilməsini vacib sayırıq.
Ümumiyyətlə, uşağın tərbiyəsində ananın rolu çox həssas və fövqəladədir. Onun təsiri körpənin şəffaf ruhunda və aynaya bənzər qəlbində həmişəlik qalır. Xüsusilə də uşaq qız olduqda bu təsir daha güclü olur, çünki qız uşağı təbii olaraq körpəlikdən ananı öz həyatı üçün bir nümunə edir.
Müasir elm sübut etmişdir ki, qız həmişə xüsusiyyətlərinin çoxunu və psixoloji tərbiyəvi xüsusiyyətlərinin çoxunu və psixoloji tərbiyəvi xüsusiyyətlərinin əksəriyyətini anadan əxz edir. Başqa sözlə desək, hər bir qızın irsən qazandığı xasiyyətlər ona atadan qabaq ilk növbədə anadan keçir. Xüsusilə də, uşaq isti və mehriban, məhəbbət və sevgi dolu bir ailədə tərbiyə almış olsa, bu təsir daha qabarıq şəkildə özünü göstərir.
Bugünkü elm sübut edir ki, uşaq şəxsiyyətinin formalaşmasında ananın rolu olduqca böyükdür. Ananın əxlaq və rəftarının, xasiyyət və xarakterinin, fikir və baxışlarının, başqaları ilə əlaqəsinin və müxtəlif məsələlərlə bağlı təfəkkürün tərzinin, rəy və fikrini bildirmək, başqaları ilə görüşmək qaydasının, danışıq və söhbətinin – bütün bunların uşaq psixologiyasında birbaşa və möhkəm təsiri danılmaz və inkaredilməzdir.
Ümumiyyətlə, ana haqqında, uşağın həyatında onun rolu barədə dediklərimiz sözsüz ki, pakların pakı Fatimənin (ə) əziz və hörmətli anası Xədicəyə - Qüreyş xanımlarının xanımına, Peyğəmbər (s) ailəsinin xatununa da aiddir...
Fatimeyi-Zəhra (ə) kimi bir qızı ana məhəbbətilə öz qoynunda tərbiyə etmiş Xədicə. Xədicə Qüreyşin iman və fəzilət sahibi, hörmətli və nüfuzlu böyük bir qadını idi. O, Hicazın adlı-sanlı şərif ailələrindən birində dünyaya göz açmışdı. Nəsli-kökü məşhur bir tayfadan idi. Onlar nəsillikcə həmişə Kəbə evini qoruyur, qeyri-müşrik (kafir olmayan) və qeyri-bütpərəst qəbilə və tayfaların ziyarət üçün ora gəlib-getmələrinə nəzarət edirdilər. Xədicə bu cür əqidə və dünyagörüşə malik bir ailədə dünyaya gəldi. Böyüdü, uşaqlıq və yeniyetmə dövrünü arxada qoydu, böyük bir qız oldu. Ailəsində, yaxınlar və tanışlar arasında ağıl və dərrakə sahibi, şüurlu və fərasətli bir qız kimi şöhrət tapdı.
Xədicə Hicazın bakirə və əl dəyməmiş təbiətinin qoynunda böyümüşdü. Uşaqlıq və yeniyetməlik dövrünü Hicazın mavi və ulduzlu səması altında, Ərəbistanın isti və qızmar günəşinin qızılı rəngli şüaları işığında, Hicazın mavi səmasında gecələr bərq vuran sayrışan ulduzların işıq selinin altından keçirdi. Ərəb yarımadasının ortasında qazılmış quyuların – körpə ahunun göz yaşlarına bənzər zülal, coşan suyu Ərəbistanın tozlu yollarından ötən karvanların, yolçuların və bu geniş torpağın sakinlərinin ürəyindəki yanğıya sərinlik gətirən quyuların kənarında, bərəkətli yaşıllığın, bal şirinliyinin təcəssümü olan uca və yaşıl xurma ağaclarının sıx kölgəsində - bir sözlə təmiz və bakirə, səfalı və bərəkətli təbiətin qoynunda böyüdü və böyük bir qız oldu...
Bütün bu saflıq və təmizlik parlaq aynaya bənzər Xədicənin qəlbinə və canına hopdu, onda öz əksini tapdı. Xədicə də təbiət qoynunda böyümüş başqa insanlar kimi qəlbindəki saflığı, daxilindəki təmizliyi o coşqun təbiətindən qazandı. Beləliklə, qəlbi aynaya, duyğu və düşüncələri şəffaf yağışlara və gur şəlalələrə bənzəyən Xədicə həmin o saflıq və paklıqla o zaman "Məhəmməd Əmin” adı ilə tanınan Peyğəmbərə (s) ərə getdi. Ondan bir neçə il sonra həmin pak qəlb və can zülallığı, duyğu və düşüncə saflığı ilə öz böyük ərinin peyğəmbərliyə dəvət olunmasının şahidi oldu. Tale üzünə güldü ki, Məhəmmədin (s) peyğəmbərliyinə iman gətirən ilk qadın, ilk insan olsun və özünü, bütün var-yoxunu İslama fəda etsin.
Bəli, o bir olan Xaliqin ilk məxluqu idi ki, İslam peyğəmbərinin (s) tovhid səsinə səs verdi və canını, malını, nüfuz və etibarını bu etiqad və iman yolunda qoydu. Xədicə Məhəmməd ayininə iman gətirən andan, özünü Allahın son dininə tapşıran zamandan başlayaraq Haqqın dəvətinə "bəli” deyənədək – canını Allahın ölüm mələyinə təslim edənədək – İslama iman və etiqad yolunda İslam peyğəmbərinin müdafiəsinə qalxdı. Onunla qoşa addımladı və bu yolda bircə an belə sakit dayanmadı. İslama iman gətirən andan ölən anadək bütün illər, günlər və dəqiqələr ərzində səmərəli və qiymətli ömrünü müqəddəs İslam rəhbərinin – sonuncu və ən qüdrətli, ən alicənab İlahi Peyğəmbərinin arxasında durmaqda, yorulmaq bilmədən onun müdafiəsində dayanmaqda keçirdi və bu yolda varından, canından keçdi. Ona görə də Xədicə tarixə təkcə Peyğəmbərin (s) ömür-gün yoldaşı kimi yox, həm də O həzrətin səngər yoldaşı kimi düşdü. O, bir evdar qadın olaraq həm də İslamın yaranışı tarixində dönməz və mübariz bir qadının, nümunəvi müsəlman və mömin qadının parlaq bir nümunəsi kimi tanınır. Peyğəmbərin (s) özü dəfələrlə bunu təsdiq etmişdir. Bəli, Xüvəylidin qızı Xədicə İslam və imanı yolunda göstərdiyi bütün bu canfəşanlıq və fədakarlığına, səy və təlaşına görə elə böyük və əzəmətli, uca və yüksək bir məqam qazandı ki, "Behişt əhli olan xanımların başçısı” adına layiq görüldü.