Səbr qəhrəmanı Ümmü Səlim
Ümmü Səlim Məkkədə İslamı qəbul edən tənha qadın idi. O, İslama vəfalı olan bir müsəlman kimi vəzifəsini yerinə yetirirdi. Əri vəfat etdiyi üçün Mədinədən Əbu Təlhə Ənsari adlı bir cavan oğlan ona elçilik etdi. Əbu Təlhə gözəl oğlan və hörmətli ailədən idi. Ancaq hələ İslamı qəbul etməmişdi. Ümmü Səlim çox istəyərdi ki, Əbu Təlhə onun həyat yoldaşı olsun. Lakin onun elçiliyinə qətiyyətlə rədd cavab verdi və dedi: "Bu şərtlə sənin həyat yoldaşın olaram ki, müsəlman olasan”.
Onunla bütpərəstliyin əsassız olması barəsində söhbət etdi. Bundan sonra Əbu Təlhə müsəlman oldu və Ümmü Səlim onunla ailə qurdu. Maraqlısı budur ki, Ümmü Səlim öz mehriyyəsini Əbu Təlhənin İslamı qəbul etməsini tə`yin etdi. Bir müddətdən sonra onların oğlu oldu və bu uşağa çox məhəbbət bəsləyirdilər. Amma bir gün Əbu Təlhə mənzildə olmayanda uşaq xəstələnərək dünyadan getdi. Ümmü Səlim onu bir parçaya büküb otağın küncünə qoydu. Əbu Təlhə evə gələndə, Ümmü Səlim uşağın öldüyünü bildirmədən, hazırladığı ləziz yeməyi ərinin qabağına qoydu. Əbu Təlhə uşağın əhvalını soruşdu. Ümmü Səlim dedi: "O yatıb, yeməyini ye”.
Ümmü Səlim təbəssüm və şirin sözlərlə ərini sevincə qərq etdikdən sonra ona dedi: "Doğrusu, bir neçə müddət olar ki, sənin yanında bir əmanət var idi. Bu gün onu sahibinə qaytardım. Daha nigaran olmazsan?”
Əbu Təlhə dedi: "Niyə nigaranam? Əmanət gərək sahibinə qaytarılsın”.
Ümmü Səlim bildirdi: "Allah istədi ki, mənə və sənə əmanət verdiyi övladı bu gün bizdən alsın”.
Əbu Təlhə düşüncəli həyat yoldaşının səbirinə, rəftar tərzinə və Allaha təvəkkül etməsinə təəccüb edərək dedi: "Sənin əvəzində mən səbirli və dözümlü olmalıyam”.
Ayağa qalxıb uşağa qüsl verdi, kəfənləyərək dəfn etdi. Sonra Rəsulullahın (s) hüzuruna gəlib oğlunun vəfatını və həyat yoldaşının rəftarını danışdı. Peyğəmbər (s) dua etdikdən sonra buyurdu: "Allaha şükür edirəm ki, mənim ümmətim arasında Bəni İsrailin dözümlü qadını kimi qadın vardır”.
Bir şəxs soruşdu: "O qadının əhvalatı necədir?”
Peyğəmbər (s) buyurdu: "Bəni İsraildə iki uşağı olan ailə var idi. Bir gün onlar bir neçə nəfəri qonaq də`vət etdilər. Kişi eşikdə idi, qadın isə mətbəxdə məşğul idi. Sonra kişi ilə qonaqlar evə daxil oldular. Bu arada, çöldə oynayan həmin iki oğlan uşağı quyuya düşdü. Qadın ərini və qonaqları xəbərdar etmədən uşaqları ölmüş halda quyudan çıxartdı. Onları parçaya büküb bir kənara qoydu. Qonaqlar gedəndən sonra bəzəyib ərinin yanına gəldi və xoş rəftar, şirin sözlərlə onu bu acı xəbərə hazırladı. Əri uşaqlarını soruşdu və onları səslədi. Birdən ölmüş həmin iki uşaq Allahın əmri ilə qadının səbirli olmağına xatir dirilib ata-anasının yanına gəldilər”.
Ümmü Səlimin göstərdiyi digər fədakarlığı sizə təqdim edirik:
Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra bir gün Əbu Təlhənin mənzilinə daxil oldu. Ümmü Səlim Peyğəmbəri (s) yaxşı qarşılamaq üçün dünya malından heç nəyi olmadığı üçün (əvvəlki ərindən olan) Ənəs adlı on yaşlı oğlunu Peyğəmbərin (s) hüzuruna gətirdi və ərz etdi: "Ya Rəsulullah! Bu oğlanı sizə xidmətçi gətirmişəm. Sizə layiq olmasa da, qəbul edin və onun haqqında dua edin”.
Peyğəmbər (s) ona dua etdi və Peyğəmbərin (s) bu duası Ənəsin çoxlu övlad və var-dövlət sahibi olmasına səbəb oldu. O, hicri 91-ci ildə Bəsrədə dünyasını dəyişdi.
Ümmü Səlim Hüneyn döyüşündə də iştirak etmişdi. O əlinə xəncər götürüb Peyğəmbərə (s) zərər toxunmaması üçün onu qoruyurdu. Əbu Təlhə bu macəranı Peyğəmbərə (s) dedi. Rəsulullah (s) buyurdu: "Bəli, bilirəm. Qoy qalsın. Ümmü Səlim xəncəri ona görə əlinə götürüb ki, əgər bizə düşmən yaxınlaşarsa, onun qarnını yırtsın”.
Belə qənaətə gəlirik ki, qadınlar onun kimi ola bilərlər. Çünki Ümmü Səlim də sadə bir ailədən idi. Daha heç kim bəhanə edə bilməz ki, Peyğəmbər (s) qadını, Peyğəmbər (s) övladı və İmam (ə) övladı olduğu üçün belə idilər və yalnız onlar belə ola bilərlər. Həqiqət budur ki, bütün qadınlar bunu bacara bilərlər.
Mənbə: "İslamda qəhraman qadınlar" kitabı