296. Eyb
1388. Başqalarının eybindənsə, öz qüsurları ilə məşğul olanların təqdir olunması.
4710. İmam Əli (ə): «Xoşa o kimsənin halına ki, özünün eybi, onu camaatın eybləri ilə əlləşməkdən saxlasın.»
4711. Allahın Peyğəmbəri (s): «İnsanların ən ağıllısı odur ki, öz eyblərini görsün və başqalarının eybinə kor olsun.»
4712. Allahın Peyğəmbəri (s): «Kim öz eybini görərsə, başqalarının eybləri ilə məşğul olmaqdan çəkinər.»
4713. İmam Sadiq (ə): «İnsan üçün ən xeyirli iş odur ki, öz eyblərini aradan götürməkdə camaatdan öndə olsun və ya camaatın eybləri ilə məşğul olmamış öz eyblərinə baxsın.»
4714. İmam Sadiq (ə): «Görsəniz ki, kimsə camaatın günahlarını axtarır və öz günahlarını unudub, bilin ki, Allahın fəndinə düçar olub.»
1389. Camaatın eybləri ilə məşğul olmaq və öz nəfsi ilə barışmağın pislənməsi
4715. Məsih (ə): «Ey pis bəndələr! Günaha görə camaatı danlayırsınız, ancaq öz eyb və pisliklərinizə əmin olduğunuz halda özünüzü danlamaqdan çəkinirsiniz.»
4716. Allahın Peyğəmbəri (s): «Sizlərdən hər biri qardaşının gözündə çör-çöpü görər, öz gözündə isə ağacın gövdəsini görməz.»
4717. Allahın Peyğəmbəri (s): «İnsan üçün elə bu eyb bəs edər ki, camaatda eyb görsün, özündə isə görməsin, camaatı özünün tərk edə bilmədiyi işə görə danlasın, oturub durduğu yoldaşını boş və aidiyyətsiz şeylərə görə incitsin.»
4718. İmam Əli (ə): «Kim camaatın eyblərini görsə, onları çirkin saysa və özündəki həmin eybləri bəyənərsə, əsl axmaqdır.»
4719. İmam Əli (ə): «Ən böyük eyb budur ki, elə şeyin xırdaçılığını edəsən ki, sanki özündə yoxdur.»
1390. Eybləri örtmək.
4720. Allahın Peyğəmbəri (s): «Kimsə möminin rüsvayçılığının üstünü örtərsə, diri-diri basdırılan qız uşağını qəbrdən xilas etmiş kimidir.»
4721. Allahın Peyğəmbəri (s): «Kim qardaşının bir günahını bilib onu gizlətsə, Allah qiyamət günü onun günahlarını gizlədər.»
4722. İmam Baqir (ə): «Möminin mömin qarşısında vəzifəsi budur ki, onun yetmiş böyük günahını gizlətsin.»
1391.Eybləri hədiyyə etmək
4724. İmam Əli (ə): «Qardaşının eybini üzünə deməkdə sizin üçün heç bir maneə yoxdur, yalnız onun da, eybinizi üzünüzə deməsindən qorxmaq-dan savayı. Siz axirəti uzağa atmaq və dünyayla dostluqda bir-birinizlə dostlaşmısınız.»
4725. İmam Sadiq (ə): «Mənim üçün ən əziz qardaş odur ki, eyblərimi mənə hədiyyə etsin.»
1392.Eyib axtarmaq.
Qur‘an:
«Eyib axtarıb tənə vuran hər kəsin vay halına.»
Hədis:
4726. Allahın Peyğəmbəri (s): «Möminlərin eyblərini axtarmayın. Çünki kim möminlərin eyblərini axtararsa, Allah da onun eyblərini axtarar. Allah-taala kimin eyblərini axtararsa, evinin içində olsa belə onu rüsvay edər.»
4727. İmam Əli (ə): «(Başqalarının) Eybləri eşələməyin özü bir eybdir.»
4728. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmandan):– «Camaatın arasında səndən ən uzaq olan və ən çox acığın gəldiyi insanlar, camaatda ən çox eyb axtaranlar olmalıdır. Çünki camaatın (istər-istəməz) eybləri var və hökmdar onları örtmək üçün ən layiqli şəxsdir. Buna görə də camaatın səndən gizlin eyblərini axtarıb çox dərinə getmə.»
4729. İmam Əli (ə): «Başqalarının səhvinə heç vaxt şad olma. Çünki sən də həmişəlik xətadan qorunmamısan.»
4730. İmam Əli (ə): «Kim eyb axtararsa, eybləri axtarılar və söyüş söyər-sə cavabını eşidər.»
4731. İmam Sadiq (ə): «Allahdan ən uzaq düşmüş bəndə, kimsəylə dostluq məsələsini ortaya atan və onun büdrəyişlərini bir gün başına qaxmaq üçün saxlayandır.»
1393.Eybləri örtmək.
4732. «Tənbihul Xəvater»: «Rəvayətə görə bir gün İsa (ə) həvarilərlə birgə, it leşinin yanından keçirmiş. Bu vaxt həvarilər deyirlər: «Bu it necə də ilənir!» İsa buyurur: «Əcəb ağ dişləri var.»
4733. Allahın Peyğəmbəri (s): «Elm və sərvət hər eybin üstünü örtər, nadanlıq və imkansızlıq hər eybin üstünü açar.»
4734. İmam Əli (ə): «Dözüm eyblərin gorudur.»
4735. İmam Əli (ə): «Eyblərin pərdəsi ağıldır.»
4736. İmam Əli (ə): «Kim abır-həya paltarını kimsənin əyninə geydirərsə, camaat onun eybini görməz.»
4737. İmam Əli (ə): «Bilik öz paltarını kimin əyninə geydirərsə, eybi camaatdan gizli qalar.»
4738. İmam Əli (ə): «Bəxtin sənə yar olunca sənin eybin gizlin qalar.»
1394. Kim nəyi bilməsə ondan irad tutar.
4739. İmam Əli (ə): «Kimsə nəyisə dərk etməkdə aciz qalarsa, ondan irad tutar.»
4740. İmam Əli (ə): «Kim nəyi bilməzsə, ondan eyb tutar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild