Bizim rastlaşdığımız əksər məfhumların həyatda varlığı və mövcudluğu vardır. Bəzən də bir sıra məfhumlara rast gəlirik ki, xaricdə vücudu olmur və biz belə məfhumlar haqqında danışarkən "belə olmalıdır” və "olmamalıdır” sözlərindən istifadə edirik ki, bu kimi mənaları doğuran məfhumlara dəyər məfhumları deyilir.
Səlah mənasının daşıyıcısı olan söz, görülməsi və olması ləyaqətli, bəyənilən və müsbət olan bir işdir. Fəsad isə qarşısı alınası, görülməsi və həyata keçirilməsi bəyənilməyən mənfi bir işdir. Səlah və fəsad dəyər məfhumlarındandır. Yəni, onları təhlil etdiyimiz zaman mənalarını "gərək olsun” və "gərək olmasın” kimi inkar və ya təsdiq formasında olan köməkçi fellərin vasitəsi ilə dərk edirik. Bu cür dəyər məfhumları hərdən məhdud olub, xüsusi hallarda işlədilir, hərdən də geniş olub, bütün yaxşı və pis işləri əhatə edirlər. Bütün yaxşı və pis işləri özündə əhatə edən məfhumlara ümumi dəyər məfhumları deyilir. Quranda mövcud olan "səlah” və "fəsad” kəlmələri də ümumi dəyər məfhumlarındandır. Quranda digər ümumi dəyər məfhumu "məruf” və "münkər” məfhumlarıdır. Məruf, bütün yaxşı, münkər isə hər hansı bir pis işdir. "Xeyr” və "şər” də Quranda bu qəbildən olan məfhumlar sırasında durur.
Dəyər məfhumlarının xüsusiyyətlərindən biri, onların təcrübi meyarlarının olmasıdır. Məsələn, hava istidir və ya bura işıqlıdır, dedikdə, sözlərimizi təcrübədə göstərə bilirik. Havanın istiliyindən bədənimizdə hərarət artır, tərləyirik və bir növ narahat oluruqsa, deməli havanın istiliyini duyur və təsdiq edirik. Eyni zamanda üşüyür və titrəyiriksə, bunu da havanın soyuqluğundan bilirik. Bu tərtiblə anlatmaq, çatdırmaq istədiyimiz bəzi məfhumları təcrübədə müşahidə etməklə, göstərməklə digərlərinə çatdırmış oluruq.
Amma dəyər məfhumları belə deyillər. Biz hansı hisslə bir işin yaxşı və ya pis olmasını təcrübə edə bilərik? Deyirlər yaxşı və pis, səlah və fəsad, məruf və münkər dəyər sisteminə daxildirlər. Hər cəmiyyətin, hər dəstənin özünün etiqadlı olduğu belə dəyər sistemləri vardır. Yəni, bir sıra işləri yaxşı və dəyərli, digərlərini isə, pis bilirlər. Mümkündür, bir iş bir cəmiyyətdə yaxşı hesab edilsin, amma digər bir cəmiyyətin dəyər sistemində həmin işə pis baxılsın. Məsələn, bir cəmiyyətdə digərlərinə ehtiram göstərmək xüsusi şəkildə həyata keçirilir; halbuki, həmin işi başqa cəmiyyətdə mənfi qarşılayırlar. Buna görə də səlah və fəsad məsələsi hər cəmiyyətin dəyər sistemində bir-birindən fərqli şəkildə başa düşülür.
Səlah və fəsadın dəyər məfhumlarından olduğunu nəzərdə alaraq, yerindəcə soruşa bilərik ki, əgər bu kəlməni müəyyən bir məsələdə istifadə etməli olsaq, islahı hansı dəyər sisteminə əsasən açıqlamalıyıq? Amerika islahı baxımından, yoxsa İslami islah nəzərindən? Nəyə görə inqilab rəhbəri buyururdu: "Bizim cəmiyyətimizdə İslami islahı hər kəs qəbul edir, amma Amerika tipli islahı heç kəs qəbul etmir.” Görəsən, bu iki islah arasında nə fərq vardır? Buna görədir ki, hər ölkənin dəyər sistemində, mədəniyyətində islah kəlməsini, bu kəlmənin tabe olduğu dəyər sisteminə əsasən istifadə edirlər. Onların hansı işi yaxşı və bəyənilən, hansı işi isə pis və ləyaqətsiz adlandırmalarına diqqət etməliyik ki, yaxşılığı və pisliyi ölçmək üçün hansı meyarları əsas götürürlər. Buna görə də, hər hansı bir işin pis və ya yaxşı olmasını bilmək üçün əvvəl ölçü meyarlarımızı təyin etməli və hansı dəyər sistemini qəbul etdiyimizi araşdırmalıyıq. Görəsən İslami dəyər sistemini qəbul etmişikmi və islahatı bu dəyər sistemi əsasında aparmaq istəyirikmi? Biz İslamın müsbət hesab edərək əmr etdiyi işləri həyata keçirmək və pis buyurduğu işlərə qarşı mübarizə aparmaq istəyirikmi?
Bunu da xatırladaq ki, əksər xalqlar bütün şəraitlərdə, adət-ənənələri, mədəniyyətləri arasında olan ixtilaflara baxmayaraq, ümumi olaraq, bəzi şeylərin pis olmasını anlayır və qəbul edirlər. Məsələn, əgər bir adam yersiz olaraq kimisə incitsə, vursa, heç nəyə görə bir nəfərə xəsarət varid etsə, öldürsə və yaxud digərinin malını səbəbsiz mənimsəsə, başqasının namusuna təcavüz etsə, kimliyindən asılı olmayaraq, hamı onun pis iş tutduğunu söyləyər. Həqiqətdə, hər kəs zülmün bu kimi nişanələrini başa düşür və bütün xalqlar arasında da bu cür işlərə pis baxılır. Eynilə, bir sıra işlərin yaxşı olmasını bütün xalqlar qəbul edir. Məsələn, xalqın sağlamlığını nəzərdə tutan xidmət növləri kimi. Əgər bir adam hər hansı xəstəliyin əlacında yeni bir dərman növü kəşf etsə və xalqın ixtiyarına qoysa, hamı onu tərifləyər və yaxşı iş gördüyünü deyər. Buna oxşar məsələlərdə ixtilaf yaranmır. Amma bütün yaxşı və pis işlər bu cür deyil. Bu günlər bizim ehtiyac duyduğumuz bəzi məsələlər müxtəlif cəmiyyətlərdə fərqli baxışlarla qarşılanır.
Son vaxtlar yəqin ki, "svilizasiyalar arasında dialoq”, "vahid svilizasiya”, "mədəniyyətin dünyəviləşdirilməsi” və bu kimi digər sözlərlə rastlaşmısınız. Bu qərb siyasəti olub, xalqların milli-mədəniyyətlərinin aradan aparılması məqsədilə həyata keçirilir. "Qərb inteqrasiyasına qovuşmaq” ifadəsi də bu qəbildəndir.
Onların nəzərinə görə İslamın bəzi cəza qanunları - məsələn, əl kəsmək, şallaq vurmaq, edam etmək kimi kəskin cəza tədbirləri pis və bəyənilməzdir. Müasir ifadələrlə desək, insanlığa ziddir. Buna görə də "Beynəlxalq İnsan Hüquqlarının Bəyannaməsi”ndə göstərilir ki, bütün ölkələr bu cür ağır cəza növlərini ləğv etməlidirlər. Yəni, İslamın bütün cəza hökmləri onların nəzərində vəhşilik və qeyri-insani qayda-qanunlar sayılır. Xüsusi ilə də şallaq vurmaq, edam etmək məsələlərində. İnsan hüquqları bəyyənnaməsində belə qeyd olunmuşdur: "Bütün ölkələr çalışıb, bu kimi ağır cəzaları ləğv etməlidirlər.” Onlara görə bu kimi cəza tədbirləri fəsad hesab edilir və islah olunmalıdır. Hansı mənada islah olunmalıdır?
Biz İslam mədəniyyətinə əsasən deyirik: ”Quranın buyurduğu hər bir şeyə əməl edilməlidir. Əgər əməl edilməsə fəsaddır.” Fəsad ilahi hökmlərin dayandırılması deməkdir. Onların dediklərinə nəzər salaq: "İslami hökmlərin icrası fəsaddır. Onunla mübarizə edilməli, bu qəbildən olan hökmlərin icrasının qarşısı alınmalıdır. Bu təqdirdə islahat həyata keçmiş olur.”
Bu qərb mədəniyyəti əsasında olan islahatdır. İnsan hüquqlarınınbəyənnaməsində, "Biz hər cür vəhşiliklə mübarizə aparırıq” deyəndə, bunları nəzərdə tuturlar. Yoxsa hər hansı cəmiyyətdə törədilən adi zorakılıqları hamı pisləyir və onların pis iş olmasını da hamı qəbul edir. Yersiz söyüş söyməyi, əxlaqsız hərəkətlər etməyi kim yaxşı iş hesab edir ki?! Lakin onlar İslamın cəmiyyətin sağlam mühitinin qorunub-saxlanılmasında nəzərdə tutduğu və icrasına təkid etdiyi cəza tədbirlərini bəyənmirlər. Deyirlər: "Belə cəza tədbirləri qeyri-insani hərəkətdir, indiki zamanda müasir dünyamız belə şeyləri qəbul etmir. İslahatın aparılması üçün onları tərk edib, belə qanunlara qarşı mübarizə aparılmalıdır. Əgər hər hansı bir qanun toplusunda bu cür hökmlərə yer verilmişdirsə, həmin qanun toplusu qərbin svilizasiyalı həyat tərzinə layiq deyildir. Buna görə də islah edilməlidir.” Amma bizim dediyimiz islah bunun tam əksinədir. Əgər bir qanun İslam qanunun ziddinə olarsa, dəyişdirilməlidir ki, islah edilmiş olsun. Əgər qanun İslamla müvafiq olarsa islah, əgər İslamın ziddinə olarsa fəsad sayılır.