Quranın zahiri mənaları nəzərdə tutulurmu?
Deyirlər: Ümumi şəkildə bilirik ki, ümumiyyət və müəyyən xarakteri daşıyan Quranın bütün zahiri mənaları nəzərdə tutulmur. Onlardan bir çoxu müəyyən maddələrlə məhdudlaşdırılmışlar. Eyni zamanda, zahiri mənalarda Quranın bəzi ifadələrinin nəzərdə tutulmaması haqda ümumi məlumat əldə etdik. Lakin, bu kimi ifadə və cümlələr nəzərdə tutulmadığı üçün onlardan digər mənalar hasil olunur. Bunu da qeyd edək ki, bu kimi mənalar tam şəkildə müəyyənləşdirilməmişdir və bəlkə də Quranın digər ayələri ilə qarışaraq onları bir-birinə oxşatmışlar. Biz, Quranda istifadə olunan bu kimi ifadələr barəsində də ümumi məlumat əldə etdik, bu səbəbdən də Quranın bütün ifadə və ayələrinin zahiri mənalarına müraciət etməkdən çəkinməli və onlara istinad etməməliyik. Çünki, onlar da nəzərdə tutulmayan cümlə və ifadələrdən ola bilər.
Cavab: İcmali elm yalnız o zaman Quran ayələrinin zahiri mənalarına əməl etməyə mane ola bilər ki, onun ayələrində heç bir araşdırma və təhqiqat aparılmamış olsun. Lakin, bir qədər yaxından diqqət yetirdikdə və zahiri mənaları nəzərdə tutulmayan bəzi ayələri araşdırdıqda məlum olur ki, elm və əql baxımından digər ayələrə də istinad və əməl olunmasına heç bir maneə yoxdur. Çünki, belə olduqda əldə etdiyimiz icmali elm, yalnız Quranda istifadə olunan və zahiri mənası nəzərdə tutulmayan ifadələrə aid olacaqdır. Bəzi ayələr araşdırılaraq onlarda bu xüsusiyyətlərin olması müəyyənləşdirilmişdir. Digər ayələrə isə belə bir ehtimal verilməmişdir və belə olduqda onların zahiri mənalarına istinad və əməl etmək düzgün olacaqdır.
Belə bir elmi təhlil "İcmali elmin təcziyə və təhlili” adlanır və biz onun vasitəsi ilə bütün hallarda əməl və istinad edəcəyimiz şeylərin düzgünlüyünü asanlıqla ayırd edəcəyik.
Hər yerdə olduğu kimi, nəql olunmuş rəvayətlərin mötəbər olub-olmamadığını müəyyənləşdirmək üçün bu üsuldan (icmali elmdən) istifadə edir və beləliklə yetkin nəticəyə gəlirik.
Əgər icmali elmin bir tərəfini ləğv edib digər tərəfini saxlamaqla da həmin şeyə əməl etmək mümkün olmasaydı, onda təkcə Quranın deyil, eləcə də hədis və rəvayətlərin də höccət olması qüvvədən düşərdi və onlara əməl etmək mümkün olmazdı. Onların zahiri mənalarına istinadən də əməl edə bilməzdik. Çünki hədis və rəvayətlərin də ümumi və xüsusi mənaları vardır ki, onların zahiri mənalarından ayrı bir şeydir. Müxaliflərin əqidəsinə görə, Quranın zahirinin höccət olmasını da qüvvədən bir növ icmali elm hədis və rəvayətlərdə də vardır və onların da zahirini qüvvədən salır.
Və əgər «icmali elmin təhlil» olunması bu xüsusiyyətə malik olmasa, terminalogiyada «əsli bəraət» adlanan, insanın üzərinə düşən vəzifələrin hansılarının icrası vacib, hansılarının isə haram olduğuna dair qəti hökm sadir edə bilmərik. Çünki, üzərinə şəri vəzifə düşən hər bir insan nəyin ona vacib və nəyin haram olduğunu çox yaxşı bilir. Və icmali elm ilə vacib və haram olan bəzi məsələlərə diqqət yetirdikdən sonra nə qədər məlumat əldə etmişsə, bir o qədər yetkin nəticəyə gələ bilər. Digər məsələlərdə isə halallıq hökmü verilir və buna terminalogiyada «əsli bəraət» deyilir.
Alimlərdən bir qismi bəzi məsələlərdə «ehtiyata» üstünlük verirlər. Lakin, onların verdikləri bu kimi hökmlər «icmali elmə» və «əsli bəraət» deyil, müəyyən rəvayət və hədislərə əsaslanır. Bu barədə ətraflı məlumat əldə etmək istəyənlər «Əcvədul-təqrirat» adlı kitaba müraciət edə bilərlər.
5. MÜTƏŞABİH AYƏLƏRƏ ƏMƏL OLUNMAMALIDIR
Deyirlər: Mütəşabih adlanan bəzi ayələrin zahiri mənalarına əməl etmək, Quranın özündə də yasaq edilmişdir. Belə ki, Ali-İmran surəsinin 7-ci ayəsində Quranın zahiri mənalarına əməl edənlər haqda buyurulur:
«Onun bir hissəsi Quranın əslini, əsasını təşkil edən möhkəm [mənası aydın, hökmü bəlli], digər qismi isə mütəşabih [mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan] ayələrdir. Ürəklərində əyrilik [şəkk-şübhə] olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar [tabe olarlar].»
Burada Allah-taalanın zahiri və ya başqa bir məna nəzərdə tutduğunu qətiyyətlə müəyyən edə bilmərik. Bu səbəbdən də ayələrin zahiri mənaları mütəşabih adlanır. Onlara istinad və əməl etmək isə düzgün deyildir.
Cavab: «Təşabuh» – o ifadələrə deyilir ki, iki və ya daha çox məna daşımış olsun və eyni zamanda daşıdığı bütün mənalar həmən ifadələrlə eyni səviyyədə olsun. Belə ki, ifadə tələffüz olunduğu zaman daşıdığı mənalar dinləyicinin zehnində fikir ayrılığına səbəb olmamalıdır. Oxucu və ya dinləyici bu kimi ifadələrlə qarşılaşdığı zaman mənalardan hər hansı birini qəbul etməzdən əvvəl mətləbi bəyan edən şəxsin nəzərdə tutduğu şeyi diqqətlə araşdırmalı və yalnız onun nəyi nəzərdə tutduğunu müəyyən və mətləbi isbat edəcək dəlillər əldə etdikdən sonra qəbul etməlidir. Deməli, ifadələrin zahiri mənalarını biz heç də mütəşabih kimi qəbul etməməliyik. Çünki, ifadələrin zahiri mənaları hamıya məlum və bəllidir.
Əgər mütəşabih kəlməsinin bir neçə mənada işləndiyini və bu mənaların heç birinin asanlıqla başa düşülmədiyini, habelə zahiri ifadələrə (kəlmələrə) mütəşabih deyildiyini fərz etsək belə, yenə də bizi cümlənin zahiri mənasına əməl etməyimizə mane ola bilməz. Çünki, istər əql və düşüncəyə, istsərsə də ümumi kütlənin adət-ənənəsindən qaynaqlanan bu üsuldan hər zaman və hər yerdə istifadə olunur. Quranın zahiri mənalarına gəldikdə, biz yenə də həmən üsuldan istifadə etməliyik. Əldə olunan qəti dəlillər və sübutlar bizi ayənin zahiri mənasından başqa bir mənaya istiqamətləndirdikdə isə, biz [istisna olaraq] artıq zahiri mənanı qəbul etməməliyik.
Təhrifin, Quranın zahiri mənasının höccət olmasına göstərdiyi təsir
Gətirdikləri son altıncı dəlildə deyilir: Quranın təhrif olunması, kəlmələrin zahiri mənalarının mütəşabih və mücməl olmasına (izah olunmalı) və bunun nəticəsində də öz etibarını itirməsinə səbəb olmuşdur.
Cavab: Bir qədər əvvəl Quranın təhrif olunmadığı, müxtəlif dəlil və sübutlarla isbat olundu. Onun təhrif olunduğunu fərz etsək belə, bu heç də onun öz etibarını itirməsinə səbəb olmur. Çünki, nəql olunmuş bir çox rəvayətlərdən belə məlum olur ki, hər bir müsəlman bütün işlərini Quranla tətbiq etməli və onu ən başlıca meyar kimi qəbul etməlidir. Quran hər bir müsəlmanın istinad və mənəvi qida aldığı ilham mənbəyidir.
Demək, Quran (fərz edək ki,) təhrif olunsa belə, yenə də ona müraciət olunmalıdır. Bir halda ki, onun ayələrində təhrifə yol verilməsi sadəcə olaraq mahal və qeyri-mümkündür.
Nəticə: Qeyd etdiklərimizdən belə bir nəticəyə gəlirik ki, Quranın zahiri mənaları ən mötəbər istinad mənbəyidir. Çünki, Quran islam dininin təməli, haqq və batilin, maddi və mənəvi dəyərlərin meyar və məhək daşıdır. Onunla müxalif olan [qondarma] rəvayət və hədislər öz etibarını itirərək istinad olunmadan kənara qoyulmalıdır.
Kitabın adı: Əl-bəyan 1-ci cild
Müəllif: Ayətullah Hacı Seyyid Əbülqasim Xoyi