Cəmiyyətin yolunu azmasında ictimai mühitin təsiri
1. Cəmiyyətin mədəni-mənəvi səviyyəsi;
Cəmiyyəti uçruma sürükləyən ilk zəminə, onların mənəvi səviyyəsinin aşağı olmasıdır. İslam mədəniyyətinin cəmiyyətdə yer tutmasından 50 ilə yaxın vaxt keçməsinə baxmayaraq, din Mədinədən ucqar Rum sərhədlərinə qədər yayılıb möhkəmlənməmişdi. Hamının İslam mədəniyyəti ilə tərbiyə olunub, İslam maarifinə yiyələnmələri bizim düşündüyümüz qədər də sadə iş deyildi. Həmin ucqar ərazilərdə hakimiyyətin Müaviyə kimilərin əlində olması vəziyyəti bir neçə dəfə ağırlaşdırırdı. Bir sözlə, Müaviyənin öz siyasətində üzərində dayandığı mühüm nöqtələrdən biri, hakimi olduğu camaatın mədəni səviyyəsini inkişafdan saxlamaq, ümumi maarifləndirmə məsələsinə məqsədyönlü şəkildə zərbə vurmaq idi.
2. Qəbilə ruhlu həyat tərzi;
Müaviyənin öz siyasətində diqqət yetirdiyi mühüm məsələlərdən biri də, o zamankı həyat tərzinin qəbilə, tayfa ruhunda olması idi. Belə ki, bu cür qəbilə qanunlarının hakim olduğu bir cəmiyyətdə son qərarı çıxardıb, müqədəddəratı təyin edən qəbilə başçısı idi. Qəbilə üzvlərinin hamısı olmasa da, əksəriyyəti başçının göstərişləri əsasında hərəkət edərdilər. Bu xüsusiyyətin özünə görə həm müsbət, həm də mənfi cəhətləri vardır. Əgər bir qəbilə başçısı İslam peyğəmbəri həzrət Məhəmmədə (s) iman gətirirdisə, qəbilənin digər üzvləri də müqavimətsiz, çox sadəliklə müsəlman olurdular. Qəbilənin başçısı mürtəd olurdusa, qalan üzvləri də mürtəd olub dindən çıxırdılar. Necə ki, Peyğəmbərin (s) vəfatından sonra belə bir hadisə baş verdi; bəzi qəbilələr İslamdan dönüb öz əvvəlki ayinlərinə qayıtdılar. İnsanlar qəbilə başçısına itaət etdiyindən Müaviyə bu fürsətdən yerində bəhrələnə bilirdi.
3. İmanın zəifliyi;
Başqa bir məsələ də xalqda imanın zəifliyi idi. Xüsusilə də Şamda camaata düzgün təlim verəcək bir müəllim və tərbiyəçi yox idi. Buna görə də zəif imanlılıq Şamda daha çox hiss olunurdu. Hətta Mədinənin özündə; baxmayaraq ki, camaat Peyğəmbərin (s) şəxsən özünün nəzarəti altında İslami biliklərə yiyələnmişdilər, lakin o həzrətin (s) vəfatından az bir müddət sonra Qədir-Xum məsələsini unutdular. Cəhalətdə ad çıxarmış Şam camaatının vəziyyətini yəqin ki, təsəvvür etmək çətin deyildir. Bunlar ictimaiyyəti azğınlığa sürükləyən, o zamankı mühitin formalaşmasına zəmin yaradan amillər idi və Müaviyə məharətlə bunları öz siyasətinin xeyrinə yönəldə bilirdi. Sadaladığım bu amillər, yəni xalqın cəhalət və nadanlığı, mədəni səviyyəsinin aşağı olması, qəbilə ruhlu həyat tərzi sürmələri, imanın zəif olması qeyd olunan dövri şəraitin izahı idi.
Kitabın adı: Kərbəlada çaxan bir şimşək
Müəllif: Doktor Mishab Yəzdi