Müaviyənin öz siyasətində istifadə etdiyi taktiki üsullar
Müaviyənin idarəçilik işlərində istifadə etdiyi metodlar, hakimiyyətin müxtəlif dövr və şəraitindən asılı olaraq, fərqli üsullarla həyata keçirilirdi. Bu baxımdan onun hakimiyyət illərini üç dövrə ayırmaq olar:
Birinci dövr: Əli əleyhissəlamın xilafətindən əvvəlki illər;
O dövrdə şərait Müaviyə üçün olduqca əlverişli idi. Çünki, Müaviyənin hakim olduğu Şam vilayəti ucqar məntəqələrdən biri idi və mərkəzi hökumətlə əlaqəsi çox zəif idi. Başqa bir tərəfdən, oranın camaatı Peyğəmbəri (s) görməmişdilər və hətta böyük səhabələrlə tanışlıqları çox səthi idi. Digər tərəfdən də, öncəki xəlifələr, xüsusilə də üçüncü xəlifə Müaviyəyə sərbəst qərar çıxarmaqda həddən artıq geniş səlahiyyətlər vermişdi. Belə bir şəraitdə Müaviyə Şam əhalisini öz fikirləşdiyi cəhətə istiqamətləndirib, tərbiyə edə bilirdi.
İkinci dövr: Əli (ə)-ın xilafət illəri;
Bu illərdə Müaviyə siyasi taktikasını, xüsusilə də təbliğat mövzusunu dəyişməli olur. Üçüncü xəlifənin qətlə yetirilməsində Əli əleyhissəlamı və onun dostlarını ittiham edirdi. Deyirdi: "Əli (ə) Osmanın qatillərini təhvil verməlidir.” Bu iftira və şayiəni camaat arasında o qədər təbliğ etdi ki, axırda xalqın əksəriyyəti doğrudan da ona inanmağa başladı. Bu məsələ Müaviyənin bir sıra şəxsləri öz ətrafında birləşdirərək, Əli əleyhissəlama qarşı Siffeyn müharibəsini başlamasına zəmin yaratdı. Bu müharibədə hər iki tərəfdən on minə yaxın adam həlak oldu. O zamanın uzun sürən müharibələrində, xüsusilə də təkbətək vuruşmalarda bu qədər adamın öldürülməsi kiçik bir məsələ deyildi. Bu dövr həzrət Əli əleyhissəlamın şəhid edilməsi ilə sona yetdi.
Kitabın adı: Kərbəlada çaxan bir şimşək
Müəllif: Doktor Mishab Yəzdi