Zeynəb, onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:
Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:
"Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.”
Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu:
"Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.”
Mənbə: "Həzrət Zeynəbin (s.ə) həyatı" kitabı.