Rəhman və Rəhim Allahın adı ilə
Həzrət Muhəmmədə və onun Pak Əhli-Beytinə Allahın salamı olsun!
«İkmal» ayəsinin məhz Qədir-Xum günü nazil olmasının bir başqa isbatı
Allah təbarək və təala Qurani-Kərimdə Maidə surəsi 3-cü ayədə buyurur:
الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي...
Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım...
Maidə, 3
Məlum olduğu kimi, bu ayənin dini təkamüldə özünə məxsus yeri var. Odur ki, ayənin şəni-nüzulu çox böyük əhəmiyyət daşıyır. Bu əhəmiyyəti nəzərə alaraq əsas 3 nöqtəyə diqqət edək. Həmin qeydləri gözdən keçirdikdən sonra çox sadə bir riyazi hesablama ilə ayənin şəni nuzulu gün kimi ortaya çıxacaqdır. Elə isə başlayaq:
1.İlk olaraq əhli-təsənnün aləminin ən böyük müfəssiri (təfsir alimi) olan Fəxri ər-Razi öz təfsirində yazır:
قال أصحاب الآثار: إنه لما نزلت هذه الآية على النبي صلى الله عليه وسلم لم يعمر بعد نزولها إلا أحدا وثمانين يوما، أو اثنين وثمانين يوما
تفسير الرازي - الرازي - ج ١١ - الصفحة ١٣٩
Kitab yazarları dedi : Allah Rəsulu (s) bu ayə nazil olduqdan sonra 81 (səksən bir) və ya 82 (səksən iki) gün yaşadı. Fəxri ər-Razi , «Təfsir əl-Kəbir», c.11, s.139
Bundan əlavə, aşağıda sadalanan əhli-təsənnün aləminin tarixçi və təfsir alimləri ayə nazil olduqdan sonra Allah Rəsulunun (s) yaşadığı müddəti 81-82 gün olduğunu bildiriblər:
Təfsir Əbi əs-Suud, c.3, s.7
Təfsir əs-Sələbi, c.2, s.290
Təfsir əl-Bəğavi, c.1, s.504
İbn Cəuzi, Zad əl-Məsir, c.1, s.289
Təfsir İbn Kəsir, c.2, s.14
Cəlaluddin əs-Suyuti, əd-Dur əl-Mənsur, c.2, s.257
əş-Şəvkani, Fəth əl-Qədir, c.2, s.12
Təfsir Alusi, c.6, s.60
2.Bu ayənin şəni-nuzulu haqqında əhli-təsənnün müfəssirlərinin ittifaq etdiyi digər bir məsələ ayənin Allah Rəsuluna ömrünün son Vida Həccində, yəni hicrətin 10-cu ilində, «Ərəfə günü» Ərəfatda vuquf edərkən, Ərəfə günü cümə günü əsrdən sonra nazil olunmuşdur.
Məşhur müfəssir Fəxri ər-Razı deyir:
أن المراد به يوم نزول هذه الآية، وقد نزلت يوم الجمعة وكان يوم عرفة بعد العصر في حجة الوداع سنة عشر والنبي صلى الله عليه وسلم واقف بعرفات على ناقته العضباء
تفسير الرازي - الرازي - ج ١١ - الصفحة ١٣٧
Bu ayə hicri qəməri tarixinin 10-cu ili, Allah Rəsulunun (s) Vida Həcci, Ərəfə günü, Cümə günü, Ərəfatda vüquf etdikdə, Əsrdən sonra dişi dəvənin üstündə nazil olub.
Fəxri ər-Razi , «Təfsir əl-Kəbir», c.11, s.139
Bundan əlavə ayənin həmin vaxtda nazil olmasını təsdiq edən digər mənbələr:
Səhih əl-Buxari, c.1, s.16, h.45
Səhih Müslim, c.8, s.239
Təfsir İbn Kəsir, c.2, s.15
İbn Kəsir, əs-Sirə ən-Nəbəviyyə, c.4, s.425
3.Son olaraq Allah Rəsulunun (s) vəfatının əhli-təsənnünə görə məşhur tarixinə nəzər salaq:
İbn Kəsir yazır:
وإن كان المشهور أنها في ربيع سنة ثنتي عشرة توفي فيها رسول الله صلى الله عليه وسلم محمد بن عبد الله سيد ولد آدم في الدنيا والآخرة
البداية والنهاية - ابن کثير - ج 6 - ص 365
Allahın Rəsulu və bəşəriyyətin seyyidi Həzrət Muhəmməd bin Abdullah (s) məşhur nəzərə görə hicrətin 11-ci ili Rəbiyul-əvvəl ayının 12-də vəfat edib.
İbn Kəsir, «əl-Bidayə vən-Nəhayə», c.6, s.365
Digər mənbələr:
əs-Sirə əl-Hələbiyyə, c.3, s.473
İbn Kəsir, əs-Sirə ən-Nəbəviyyə, c.4, s.509
Əziz oxucular !
İndi isə bu üç nöqtəni birləşdirərək kiçik bir riyazı hesablama aparaq və ayənin nazil olduğu günü müəyyənləşdirək:
Qeyd olundu ki, bu ayə nazil olduqdan sonra Allah Rəsulu (s) 81-82 gün ömür sürdü. Sonra öyrəndik ki, bu ayə eyni zamanda Ərəfə günü nazil oldu. Bu da zil-hiccə ayının 9-u deməkdir. Allah Rəsulunun (s) vəfatı isə Rəbiyyul-əvvəl ayının 12-ə təsadüf edib.
Demək ki, biz hesabımıza zil-hiccə ayının 9-dan başlayırıq:
20 gündən sonra ay bitir. Sonrakı Muhərrəm və Səfər aylarını da hər birini 29-30 nəzərə alsaq 58-59 gün edir. Bunlar cəmi təqribən 78-79 gün edir. Rəbiyyl-əvvəl ayından da 12 gün hesab etsək bütün bu müddət 90-91 gün edir. Demək ki, Fəxri ər-Razi və onun kimi onlarla müfəssir və tarixçilərin ayrı-ayrı nəzərləri bir yerdə bir-birini tamamlamır.
Bizim niyyətimiz əhli-təsənnün alimlərindən əsla səhv axtarmaq deyildir. Biz sadəcə mövzuya aydınlıq gətirmək naminə düzgün olan hesabı sizə təqdim edirik.
Başqa bir nəzərə görə bu ayənin nazil olma vaxtı Qədir-Xum günüdür. Məşhur nəzərə görə, o hadisə Allah Rəsulunun (s) «Vida Həcci» adlanan ömrünün son həccindən qayıdarkən zilhiccə ayının 18-də baş vermişdir.
İndi isə gəlin həmin gündən hesablayaq:
11 gündən sonra zil-hiccə ayı bitir. Məhərrəm və Səfər təqribən 29-30 gün olaraq hesab edək. Bunların da üstünə Rəbiyyul-əvvəlin 12 gününü gələk. Nəticədə alınan rəqəm eyni Fəxri ər-Razi və digər üləmanın dedikləri 81-82 gün edir.
Bu hesablama da ayənin nazil olduğu günü Qədir-Xum olduğuna işarə edir.Doğrusun Allah bilir.